11 İyul 2016 19:35
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident Putinin vasitəçiliyi ilə aprelin 5-də atəşkəs rejimi bərpa edilib. O zamandan Rusiya rəhbərliyi Qarabağ danışıqlarında təşəbbüsü üzərinə götürüb. Təbii ki, digər vasitəçilərin bu regiondan və məsələdən uzaq olmasının da buna təsiri olub. Mən belə düşünürəm ki, Rusiya rəhbərliyi bu məsələdə aktivdir və bu problemin həlli üçün təşəbbüslər irəli sürürlər. Təbii ki, bundan öncə prezident Medvedevin geniş və əhatəli təşəbbüsləri olmuşdu. Medvedev prezident qismində bu məsələyə aktiv müdaxilə edirdi. Medvedev prezidentlikdən getdikdən sonra bu təşəbbüslər səngimişdi. İndiki dönəmdə isə, daha doğrusu Azərbaycan ordusunun aprel addımlarından sonra bu konflikt artıq əvvəlki kimi proses şəklində deyil, “məsələ həllini tapmalıdır” formasında qoyulur”.

Bunu teleqraf.com-a açıqlamasında Konfliktlərin və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyev Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərini şərh edərkən deyib.

Politoloq deyib ki, Qarabağ konfliktinin aktuallaşmasına səbəb Azərbaycan ordusu olub: “Bu bütün həmsədr və dövlətləri bir daha ayıldıb ki, konflikt həll edilməlidir. Fikrimcə, bunu erməni tərəfinə açıq bildiriblər. Yəni işğal faktı davam edə bilməz və tezliklə bu konfliktin həlli özünü tapmalıdır. Almaniya, həmsədr dövlətlər, beynəlxalq təşkilatlar bunu bildirir və dünya praktikası da bunu deyir”.

Mütəxəssis hesab edir ki, Rusiya tərəfi haqlı olaraq Qarabağla bağlı danışıqlarda təşəbbüsü üzərinə götürüb: “Çünki onlar bu məsələni daha yaxşı bilirlər, tərəflərə daha ciddi təsir etmək imkanındadırlar, onlar regiondadırlar. Odur ki, burada ən yaxın, effektiv vasitəçi Rusiya ola bilər. Həvəsləndirici hal odur ki, Rusiya prezidenti təşəbbüslərini digər həmsədr ölkələr-Amerika və Fransa ilə paylaşır. Bu baxımdan Rusiya təşəbbüsü ələ alaraq bu işləri ATƏT-in Minsk Qrupu çərçivəsində özünün beynəlxalq tərəfdaşları ilə koordinasiya edir. Digər tərəfdən, Rusiya bu məsələni daha sakit məcrada aparmağa çalışır, bəyanatlarla çıxış etmək xətti götürmür. Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda görüşü, daha sonra xarici işlər naziri Lavrovun İrəvana səfəri, indi isə Bakıya gəlməsi məsələnin ən yüksək səviyyədə aparıldığının göstəricisidir”.

Elxan Mehdiyev hesab edir ki, danışıqlarda proseslərin kimin xeyrinə getdiyi məsələsində bir xüsusata diqqət etmək vacibdir: “Azərbaycan öz torpaqlarını işğaldan azad edilməsi məsələsini qoyur. Bu bütün həmsədr ölkələrə, eləcədə Rusiya rəhbərliyinə məlumdur. Azərbaycan öz torpaqlarını-Dağlıq Qarabağ ətrafı rayonların tam azad edilməsini, sonra isə Dağlıq Qarabağın statusunu erməni tərəfi ilə danışıqlar vasitəlilə həll edilməsini ortaya qoyur. Bu zaman da Azərbaycanda Dağlıq Qarabağın statusunun Azərbaycanın bütövlüyü və suverenliyi çərçivəsində həllini israr edir”.

Nemət


Müəllif: