12 İyul 2016 14:56
344

Teleqraf.com Gürcüstan parlamentinin deputatı, Milli Hərəkat Partiyasının funksioneri Azər Süleymanovla müsahibəni təqdim edir.

- Azər müəllim, Gürcüstanda seçki ilində ab-hava necədir?
- Hələlik seçkilərə kifayət qədər vaxt qalır. Ancaq siyasi partiyalar tədricən seçki prosesinə diqqət edir, köklənir və aktivləşməyə başlayır. Bizim partiya isə ölkə üzrə majoritar sistem əsasında irəli sürəcəyi namizədlərini müəyyən edib. Hər namizəd də öz regionu üzrə işləməyə başlayıb. İndiki mərhələdə seçki prosesi normal gedir və təhlükəli bir şey yoxdur. Sadəcə olaraq, “Gürcü arzusu” hakimiyyətdə olması səbəbindən bütün imkan və resurslardan istifadə edərək iş aparır. Hakimiyyətdə olan partiyanın namizədləri hələlik bəlli deyil. Odur ki, nisbətən sakitlikdir.

- Siz müxalifət partiyası olaraq seçkilərə koalisiya ilə gedirsiniz?
- Xeyir. Bizim təmsil olunduğumuz Milli Hərəkat Partiyası seçkilərə koalisiya formasında getmir. Bizim partiyanın yetərincə qüvvəsi var və bu mərhələdə koalisiya ilə seçki prosesinə getməyi vacib hesab etmirik. Ancaq sabahın işini bilmək olmaz. Seçkilərdən sonra parlamentdə siyasi qüvvələrin nə qədər yer qazandığı və bölgünün necə olduğu ortaya çıxacaq. Mümkündür ki, bundan sonra bizim partiya parlamentə düşən digər müxalifət partiyaları ilə birləşmək qərarını versin. Amma indi koalisiya ilə seçkiyə getməyi vacib saymırıq. Həm də nəzərə almaq lazımdır ki, biz Gürcüstanın aparıcı siyasi partiyasıyıq. Eyni zamanda “exit poll” və digər sosioloji sorğuların nəticəsinə əsasən “Gürcü arzusu” partiyasından öndəyik. Bunun səbəbləri də var. Biz 9 il Gürcüstanda hakimiyyətdə təmsil olunmuş partiyayıq. Gürcüstanda hər kəs bilir ki, bütün yenilikləri ölkəyə biz gətirmişik. Saakaşvili prezidentlikdən getdi və 4 ildir ki, hakimiyyətdə “Gürcü arzusu” koalisiyasıdır. Bu müddətdə demək olar ki, Gürcüstanı 1999-2000-ci illərə aparmağa çalışıblar. Artıq seçicilər də bu məqama qiymət verir. Odur ki, günü-gündən bizim partiyanın reytinqi və nüfuzu qalxmaqdadır.


- Sizin namizədliyiniz irəli sürülübmü?
- Bəli, məni Milli Hərəkat Partiyası yenidən Marneuli rayonundan namizəd irəli sürüb. İşlərimiz indiki mərhələ üçün yüksək səviyyədə aparılır. Seçkilər oktyabrda keçiriləcək. Biz də o günə qədər çalışacağıq. Əlbəttə, vaxtımız var. Lakin proqnozlar səsləndirməyimiz doğru olmazdı. Hər halda biz işimizi aparırıq. Qeyd edim ki, təkcə Marneuli deyil, bütövlükdə Gürcüstan üzrə qələbə çalmağımıza çox qalmayıb. Biz faktiki olaraq bir aydan çoxdur ki, camaatla işləməyə başlamışıq. Marneuli hazırda rayon və kənd dairəsinə bölünüb. Əvvəl buradan majoritar sistem üzrə hər partiya bir namizəd irəli sürürdü, lakin bu ildən hər partiya iki namizəd irəli sürəcək. Bununla bağlı parlament qanun qəbul edib. 40 mindən çox seçicisi olan ərazilər iki hissəyə bölünüb, seçicisi az olan regionlar isə birləşdirilib. Ancaq deputat seçkilərində 73 majoritar, 73-ə yaxın isə proporsional namizədlər olacaq. Yəni bu dəyişiklik deputatların ümumi sayına təsir etməyəcək.

- Uzun illərdir ki, siz Marneulidən deputat seçilirsiniz. Bu seçkilərdə alternativləriniz kimlərdir, onlar azərbaycanlıdırmı?
- Əslində mən onlara azərbaycanlı deməzdim. Təsəvvür edin ki, bizimlə bərabər buradan namizədlər irəli sürən müxalifət partiyaları var. Bu partiyaların namizədləri hər şeyi bir kənara ataraq mənimlə mübarizə aparır. Bununla da aydın olur ki, onlar müxalifətin namizədi olsa da, əslində hakimiyyətdə olan partiyanın istəyini yerinə yetirir və bu yolla mənim səslərimi parçalamaq istəyirlər. Ancaq bu mümkün olacaq bir iş deyil. Mən neçə illərdir ki, buradan deputat olmuşam, hər kənddə müəyyən işlər görmüşük. Adları müxalifət partiyası olub, namizəd kimi işə başlayanlar hakim partiyanı kənara qoyaraq mənimlə mübarizə aparırlar. Yəqin məqsəd hakimiyyət partiyasının namizədinin keçməsi üçün mənim səslərimi parçalamaqdır. Mən onlara azərbaycanlı belə demək istəməzdim. Zamanında siz vəziyyəti görəcəksiniz. Hələlik heç kimin ünvanına bir söz demək istəmirəm. Çünki vaxtı gələndə hər şeyi açıb ortaya qoyacağam. Hakim partiya isə hələlik bu dairədən namizədlini müəyyən etməyib və irəli sürməyib.

- Parlament seçkilərinə bir neçə ay qalır. Oktyabrda keçiriləcək parlament seçkilərində “Gürcü arzusu” koalisiyasının uduzması və sizin partiyanın hakimiyyətə gəlmə imkanları varmı?
- Bizim ən çox istədiyimiz odur ki, bu seçkilərdə qalib gələk. Çünki son 4 ildə Gürcüstan hər sahə üzrə geri düşüb. Son aylar aparılan sosioloji sorğulara görə, bizim partiyanın 3-4 faiz irəliləyişi var. Yəni hakim partiyadan öndəyik. Amma hazırda bu barədə danışmağımız bir qədər tezdir. Çünki hər şey seçkinin səhəri günü bəlli olacaq. Əvvəllər biz hər rayonda majoritar namizədlərimizin təqdimatına gedəndə az sayda insanlar ortaya çıxırdısa, indi minlərlə insan ortada olur. Bu da onu göstərir ki, Gürcüstan seçicisi Saakaşvilinin partiyasına meyllidir.

- Bizim üçün maraqlı olan Gürcüstanda yaşayan azərbaycanlıların seçkilərə münasibətinin necə olacağıdır. Sözsüz ki, həm hakim partiya, həm də əsas müxalifət partiyası soydaşlarımızla işləyəcək. Sizcə, Borçalının bu seçkilərdə mövqeyi necə olacaq, hansı qüvvəyə etimad göstərəcək?
- Dumanisi, Marneuli bölgələrində azərbaycanlılar əvvəlki kimi deyil. Soydaşlarımız həm müxalifət, həm də iqtidar partiyasında təmsil olunurlar. Yəni hər bir partiyada nümayəndələri var. Qənaətimcə, bu seçkilər zamanı parlamentdə azərbaycanlıların sayı artıq da ola bilər. Mümkündür ki, digər partiyalardan da namizəd olan azərbaycanlılar baryeri keçə bilsin. Bildiyim qədər Qardabani və Bolnisi rayonlarında da namizədlər azərbaycanlılardır. Azərbaycanlılar hər bir partiyada təmsil olunurlar və bu partiyaların bölgələrdəki təşkilatlarına rəhbərliyi də azərbaycanlılar edir. Fikrimcə, bu müsbət hadisədir.

- Sizin partiya seçkini udsa Saakaşvili Gürcüstana qayıdacaq?
- Ilk olaraq oktyabrda keçiriləcək parlament seçkilərini udmaq lazımdır. Keçmiş prezident haqqında burada əsassız cinayət işləri açılıb. Bu səbəbdən də onun Gürcüstana qayıtmaq imkanları yoxdur. Bu cinayət işləri siyasi xarakterlidir və indiki hakimiyyət tərəfindən ortaya atılıb. Bilirlər ki, cənab Saakaşvilinin Gürcüstana gəlməsi onlar üçün təhlükəlidir. Çünki Saakaşvilinin gücünə bələddirlər. Təsəvvür edin ki, Saakaşviliyə cinayət işi açıblar, eləcə də partiyanın bir neçə tanınmış lideri həbsxanadadır. Ancaq buna baxmayaraq, biz tam gücümüzlə seçkiyə gedəcəyik. Seçkini udacağıqsa, bu zaman cənab Saakaşvili baş nazir və prezident kimi qayıda bilər. Ancaq onun gəlişinin vacibliyi daha çox onunla bağlıdır ki, vaxtında icrası dayanan layihələr həyata keçirilsin, Gürcüstan inkişafa getsin. İnsanlarda anlayır ki, sabiq prezidentin ölkəyə qayıtmasına böyük ehtiyac var. Dediyim kimi son illər Gürcüstan nisbətən geriyə gedib, ölkədə rüşvət və korrupsiya halları müşahidə olunur.

- İyulun 26-da “Borçalı” Cəmiyyəti elat tədbiri keçirəcək. Siz bu tədbirdə iştirak edəcəksinizmi?
- Mən bir azərbaycanlı olaraq hər il keçirilən elat tədbirində iştirak etmişəm. Hesab edirəm ki, bu tədbirdə iştirak mənim borcumdur. Hər zaman bu toplantıda çıxış edirəm. Gürcüstanda yaşayan azərbaycanlılar bu bayramda bir araya gəlirlər. Əlbəttə, kimlərsə bu tədbirin əleyhinə gedir, onun keçirilməsini istəmir və s. Mən hesab edirəm ki, bu bayram çox xoş ovqatlıdır, maraqlıdır. Mən öz adımdan deyə bilərəm ki, bir Gürcüstan azərbaycanlısı olaraq bu tədbirdə iştirak etmək borcumdur. Sözsüz ki, bu il keçirilən elat tədbirində də iştirak edəcəyəm.

NEMƏT


Müəllif: