12 İyul 2016 16:16
1 844
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri, bu səfər zamanı səsləndirdiyi fikirlərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

–Elxan bəy, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıda keçirdiyi görüşlərdən sonra verilən açıqlamalarla bağlı gəldiyiniz qənaət nədən ibarətdir?

–Birinci qənaətim odur ki, Rusiya həqiqətən də aktivləşib və faktiki olaraq digər iki həmsədrdən – Fransa və Amerikadan daha ön plandadır. Səfərlərin sayı, danışıqların intensivliyi də bunun bir göstəricisidir. Ancaq bu səfərlər və danışıqlar nə dərəcədə keyfiyyətlidir, bizi nə dərəcədə münaqişənin həllinə yaxınlaşdırır? Bu suallar hələ ki açıq qalır.

Çünki iki gün öncə dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin toplantısında haqlı olaraq qeyd etdi ki, biz ancaq mərhələli həll planına razılaşa bilərik, müzakirələr bu istiqamətdə getməlidir. Amma mən bilmirəm, Rusiya tərəfi danışıqların bu istiqamətdə getməsində nə dərəcədə maraqlıdır, yaxud buna hazırdır? Çünki biz bu istiqamətdə Rusiya rəsmilərindən, elə Lavrovun özündən də hələ ki açıqlama eşitməmişik. Bircə dəfə ağızlarından bir söz çıxsa ki, bəli, münaqişənin həlli üçün heç olmasa Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun azad olunması vacibdir, bu bizə ciddi bir mesaj olar ki, Rusiya da münaqişənin həllini məhz mərhələli şəkildə görür. Amma biz bunu görmürük.

– Sizcə, danışılar prosesinin hazırkı mərhələsində hansı məsələlər müzakirə olunur?

– Dünən Lavrov Bakıda dövlət başçısı, bu gün isə xarici işlər naziri ilə görüşdü. Doğrudur, hər iki tərəf nikbin fikirlər söyləyir. Əvvəlki illərlə müqayisədə danışıqlar daha da intensivləşib, həllə daha da yaxınlaşırıq. Bu, Azərbaycan cəmiyyətində də müəyyən qədər nikbinlik yaradır. Yəni, Rusiya Ermənistana təsir edib münaqişənin ədalətli həllini sürətləndirə bilər. Amma yenə də deyirəm, mən hələ ki Rusiyanın, Kremlin Ermənistan hakimiyyətinə təsir, təzyiq göstərdiyini müşahidə etmirəm. Bunsuz isə həll mümkün deyil. Dövlət başçısı İlham Əliyev də Nazirlər Kabinetinin toplantısında bəyan etdi ki, münaqişənin həlli üçün böyük dövlətlər Ermənistana təsir etməlidirlər. Bu olmadan aydın məsələdir ki, Ermənistan hakimiyyəti durub özbaşına Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaq. Çünki referendum məsələsindən yenə də ikiəlli yapışıblar.

Bir məqam da var ki, ola bilsin o məqam ətrafında da hazırda Moskvada və İrəvanda müzakirələr gedir. Bu da Dağlıq Qarabağa verilə biləcək aralıq statusdur. Bu, bizim böyük güzəştimiz ola bilər. Yəni, Dağlıq Qarabağ əhalisi necə var, elə də yaşayırlar, mərhələli həll planı işə düşür. Rayonlarımız boşaldılır, qaçqınlar geri qayıdır. Ermənilər isə Dağlıq Qarabağda necə var elə də yaşayırlar. Özlərinin parlamenti, hökuməti. Bu parlamentin və hökumətin işində geri qayıdan azərbaycanlılar da fəal iştirak edirlər. Yəni, status qeyri-müəyyən bir müddətədək müəyyənləşmir. Bu, məncə Ermənistanın da maraqlarına cavab verir.

Amma məsələ ondadır ki, Ermənistan aralıq statusa “yox” deməsə də, onlar limit qoymağın tərəfdarıdırlar. Yəni, həmin vaxt başa çatdıqdan sonra referendum keçirilsin. Bu da bizi qane edə bilməz. Biz referendumu sonraya saxlayırıq ki, sonra azərbaycanlılar qayıdar, məsələlər azərbaycanlılarla ermənilər arasında həll olunar. Bu baxımdan ola bilsin, Lavrov Bakıda və İrəvanda aralıq statusla bağlı fikir mübadiləsi aparıb. Çünki aralıq statusla bağlı razılaşma əldə olunsa, demək olar ki, biz münaqişənin həlli prosesinə daxil ola bilərik. O zaman Ermənistan artıq məcbur qalıb Qarabağ ətrafındakı rayonları da boşaldacaq, azərbaycanlılar geri qayıdacaq. Azərbaycan da qarşılıqlı addımlar atacaq. Kommunikasiya xətlərini açacaq. Bu, kompleks bir həll də ola bilər. Hətta Türkiyə də bu prosesə qoşulub Ermənistanla öz sərhədini aça bilər. Bu da Ermənistana, elə Rusiyanın özünə də xeyirdir. Türkiyəni də bu prosesə cəlb edə bilərlər. Bu istiqamətdə ola bilsin ki, müəyyən fikir mübadiləsi gedir. Amma yenə deyirəm, hələ ki, müsbət nəticəyə yaxınlaşdığımızı zənn etmirəm.

–Danışıqlarda hər hansı nəticə əldə olunmasa, təmas xəttində vəziyyət yenidən gərginləşə bilərmi?

–Hələ ki danışıqlar prosesi intensiv gedir, Rusiyanın və digər böyük dövlətlərin ən böyük tələbi və istəyi odur ki, atəşkəsə riayət olunsun. Çünki yaxın keçmişdən də bilirik ki, iyul-avqust ayları çox həssas aylardır. Məhz atəşkəsin intensiv pozulması bu aylarda olur. Ona görə də danışıqların intensivləşdirilməsinin, səfərlərin və görüşlərin çoxalmasının bu amili də var ki, tərəfləri atəşkəsin pozulmasından uzaq tutmağa, heç olmasa 2-3 ayı birtəhər sakitliyə riayət etməyə məcbur etsinlər.

Yaxşı, iki-üç da ay belə keçdi. Amma danışıqlarda nəticə olmasa, atəşkəsin yenidən pozulma ehtimalı artacaq.

–Nazirlərin açıqlamaları optimizm üçün heç bir əsas vermir?

– Mən bu münaqişəni tələbə olduğum illərdən izləyirəm. Belə nikbin açıqlamalar dövrü olaraq zaman-zaman verilib. 5-10 il öncə də belə açıqlamaları eşidirdik. Hətta Dmitiri Medvedyev fəal vasitəçilik edəndə prezidentlər arasında 10 görüş keçirilmişdi. Bundan da nikbin açıqlamalar səsləndirilmişdi. Hətta o zaman – 2008-ci ildə Moskva yaxınlığındakı Mayndorf qəsrində 5 bənddən ibarət bəyanat da imzalanmışdı. Onda daha çox nikbinlik var idi. Aha, sənəd də imzalanıb, demək yaxın vaxtlarda razılaşma ola bilər.

Xatırlayırsınızsa, daha sonra Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri birgə Xankəndinə, Şuşaya, İrəvana və Bakıya səfər etdilər. Sanki yumşalma prosesi başlayacaqdı. Amma sonra nələrin baş verdiyini də biz yaxşı bilirik. Ona görə də nikbin danışmaq çox çətindir. Biz hər sözü diqqətlə izləyirik və hər sözdə bir yük var.

Lavrovun dünən prezidentlə, yaxud bu gün Məmmədyarovla görüşündə səsləndirdiyi hər sözü gəlin diqqətlə incələyək. Bəli, müəyyən nikbin ifadələr var. Amma yenə də təkrar edirəm, əgər Azərbaycan münaqişənin həllini mərhələli həll planı əsasında görürsə, biz Rusiyadan hansısa bir işartı, mesaj almalıyıq. Məsələn, amerikalılar bu mesajı verdilər. İl yarımdır amerikalı rəsmilər və diplomatlar ara-sıra deyirlər ki, münaqişənin həlli üçün Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. Bircə dəfə də Rusiyadan hansısa bir diplomat bu istiqamətdə açıqlama versin, fikir söyləsin ki, hansısa mərhələdə bir neçə rayon boşaldılacaq. Biz onda anlayarıq ki, bəli, Rusiya artıq münaqişəni ədalətli həll etmək, Ermənistan hakimiyyətinə təsir etmək istəyir.

Düzdür, Azərbaycandan müəyyən tələblər ola bilər. Amma bu istiqamətdə Rusiya tərəfindən bir fikir yoxdur. Bunu nə Lavrov, nə Rusiya prezidenti, nə də Rusiya Xarici İşlər Nazirliyinin məşhur olan mətbuat katibi Mariya Zaxarova deyir. Əksinə, Sankt-Peterburq görüşündən qayıtdıqdan sonra Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov dedi ki, danışıqlar mərhələli həll planı əsasında gedir. Ermənilərlə yanaşı, Moskva da bunu təkzib etdi. Bu cür ziddiyyətlər məndə nikbinliyə əsas vermir.

Yaxşıdır, danışıqlar, müzakirələr gedir, üçtərəfli dialoq var. Hətta indi deyilənə görə, “xalq diplomatiyası” canlanacaq. Qarabağın azərbaycanlı və erməni icmalarının görüşləri baş tutacaq. Bu da yaxşıdır, qoy olsun. Bu da bizim xeyrimizədir. Amma bundan əvvəllər də olub... Mən özüm də dəfələrlə müxtəlif konfrans və seminarlarda iştirak etmişəm, ermənilərlə fikir mübadilələrim olub. “Xalq diplomatiyası”nda mən də iştirak etmişəm. Amma mən də görmüşəm ki, nəticə əldə olunmur.

İndi də müəyyən dövrə daxil olmuşuq, müəyyən müsbət atmosfer yaranıb, danışıqlar gedir. Getsin, bir ay, üç ay, dörd ay, beş ay, altı ay, səfərlərə gəlib getsinlər. Konkret addım atılmasa yenə də bunların üstündən xətt çəkiləcək. Yenə də atəşkəs pozulacaq, hər iki tərəf itki verəcək, vəziyyət yenidən gərginləşəcək. Biz yenidən əvvəlki vəziyyətə qayıdacağıq...

Səxavət HƏMİD


Müəllif: