13 İyul 2016 11:59
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatı (QAT) “Google” şəbəkəsində Azərbaycanın işğal olunmuş ərazilərində yer adlarının təhrif olunması ilə bağlı xarici işlər naziri Elmar Məmmədyarova müraciət göndərib.

QAT-dan Teleqraf.com-a daxil olan müraciətdə deyilir: “Növbəti erməni təxribatı ilə bağlı məsələni diqqətinizə çatdırmağı özümüzə borc bilirik.

Ermənilər bu təxribata nüfuzlu “Google” şirkətini də qoşublar. Belə ki, www.google.ru/maps saytında Azərbaycanın işğal altındakı yer adlarını erməni variantında təqdim edirlər. Məsələn, Ağdam “Akna”, Ağdam rayonunun Papravənd kəndi “Nor Karmiravan”, Şahbulaq yaşayış məntəqəsi “Surenavan”, Kəlbəcər “Karvaçar”, Kəlbəcər rayonunun Zülfüqarlı kəndi “Zuar” şəklində göstərilib. Bu cür faktların sayı çoxdur. Ermənilərin məkrli niyyətlərini, saxtakarlıq təcrübəsini bilirik. Amma “Google” şirkətinin erməni yalanlarına qoşulması, erməni cinayətlərinə şərik olması başadüşülən deyil.

Biz hesab edirik ki, bu məsələyə təcili reaksiya verilməli, təxribatın qarşısı alınmalı, “Google” şirkəti məsuliyyətə cəlb olunmalıdır. Bu, rəhbərlik etdiyiniz nazirliyin birbaşa işidir. Bu təxribata bu günə qədər reaksiya verməməyiniz, tədbir görməməyiniz çox təəccüblüdür. Xahiş edirik ki, təcili tədbirlərin görülməsi üçün tapşırıqlarınızı verəsiniz. Əks halda, bu saytın sındırılması üçün əlavə vasitələrə əl atmalı olacağıq”.

Səxavət


Müəllif: