13 İyul 2016 12:25
341

Yay mövsümündə Azərbaycan müxalifətinin fəaliyyəti faktiki olaraq hiss edilmir. Görünən budur ki, ölkədəki siyasi qurumların əksəriyyəti qeyri-rəsmi yay tətilinə çıxıb. Bunu keçirilən tədbirlər, verilən bəyanatların sayından da görmək mümkündür. Teleqraf.com-a açıqlamalarında bunu müxalif siyasətçilər özləri də etiraf edir.

Milli Şura 2-3 həftəlik tətilə çıxacaq

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı deyib ki, hazırda siyasi fəaliyyətin faktiki olmaması yay mövsümü ilə bağlıdır. Onun fikrincə, yayda havaların isti keçməsi, insanların sovet dönəmindən qalan sterotiplərə uyğun olaraq məzuniyyət və ezamiyyətlərini yayda götürməsi belə bir durum yaradıb: “Yay hər zaman siyasi fəallığın ən aşağı nöqtəsi olan dövr olub. Sosial şəbəkələrin, siyasi partiyaların fəaliyyətindən bu, aydın görünür. Millət tətildədir”.

Rafiq Manaflı deyib ki, Milli Şura da tətilə çıxacaq: “Biz də avqustda tətilə çıxacağıq. Son iki ildə belə etmişik. Yəqin ki, tətil 2-3 həftə davam edəcək”.

Müsavat tətilə getmir?

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə deyib ki, təmsil olunduğu partiya bütövlükdə yay tətilinə çıxamayacaq: “Əlbəttə, üzvlərimiz tətilə çıxacaq. Rəhbərlikdə təmsil olunan şəxslərdən kimsə istəyəcəksə, məzuniyyət götürəcək. Ancaq Müsavat Partiyası yay fəslində fəaliyyətini davam etdirəcək. Bütövlükdə partiya qismində tətliə çıxmaq da doğru olmazdı”.

REAL fəaliyyətini axsatmayacaq

Respublikaçı Alternativ Hərəkatının icraçı katibi Natiq Cəfərli isə bildirib ki, REAL üzvləri fərdi olaraq və ayrı-ayrı zamanlarda yay tətilinə çıxacaq: “Lakin hərəkat bütöv halda ofisinin qapısını bağlayaraq, tətilə getməyəcək. Əksinə, yay mövsümünə baxmayaraq, hər gün fəaliyyətimiz olacaq. Tətilə gedənlər isə növbə ilə bir-birini əvəz edəcək”.

VHP sədri Ukraynada

Vətəndaş Həmrəyliyi Partiyasında da faktiki olaraq tətil ab-havası var. Partiyanın sədri Sabir Rüstəmxanlı hazırda Ukraynada səfərdədir. Əldə etdiyimiz məlumata görə, sədr Ukraynada istirahət edir. Bu səbəbdən də partiyanın mərkəzi aparatının üzvləri də dincəlir. Ancaq bu partiyada da gündəlik işə gəlib-gedənlər var.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə bildirib ki, partiyanın fəaliyyəti tətilsiz olacaq: “Siyasi fəaliyyət tətilsiz və ardıcıl olmalıdır. Ola bilsin ki, üzvlərimizdən kimsə tətilə, istirahətə gedəcək. Ancaq biz fəaliyyətimizi davam etdirəcəyik”.

Əli Əliyev yeddi partiyanın təmsil olunduğu Antiböhran Koalisiyasının da tətilə çıxmayacağını deyib: “Ola bilsin ki, mövsümlə əlaqədar olaraq fəaliyyəti bir qədər səngidək. Ancaq həftəlik görüşlərimiz və müzakirələrimiz davam edəcək”.

Bir qrup ziyalı ADR Hərəkatına üzv olub

ADR Hərəkatı isə hazırda təşkilatlanma işlərini sürətləndirir. Hərəkatın funksioneri Ədalət Yusifov deyib ki, dünən bir qrup ziyalı hərəkata üzv olmaq üçün ərizə ilə müraciət ediblər “Qəbulla bağlı təşkilatlanma işi müvəqqəti ofisimizdə həyata keçirilir. Ərizə və anketlərin doldurulması ADR Hərəkatının sədri Qubad İbadoğlunun iştirakı ilə həyata keçirildi”.

Nemət


Müəllif: