13 İyul 2016 13:02
474

İyulun 16-da Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasının 27-ci il dönümüdür. Müstəqilliyin ilk illərində AXC-nin şinelindən çıxan siyasi partiyalar bu tarixi qeyd etmək məsələsində bir-birini tənqid edir, “bunu qeyd etməyə daha çox kimin haqqı çatır” məsələsini qaldırırdılar. Bəzən bu müzakirələr ciddi qarşıdurmalarla müşayiət olunurdu.

Lakin son illərdə bu cür “qarşıdurmalar” nisbətən səngiyib. Hazırda ancaq KXCP AXC-nin 27 illiyini qeyd edəcəyini açıqlayıb. AXC-nin şinelindən çıxan AMİP, Müsavat, AXCP və digər onlarla partiya isə bu məsələdə susur.

KXCP sədri Mirmahmud Mirəlioğlu Teleqraf.com-a deyib ki, AXC-nin ildönümünü millətini və dövlətini sevən hər kəs qeyd edə bilər. Onun sözlərinə görə, bir zamanlar kimlərsə bu tarixi qeyd etməyəndə belə onlar qeyd ediblər: “Biz bu tarixi 1994-cü ildən etibarən ardıcıl şəkildə qeyd edir, bunu vəzifə borcumuz sayırıq. Hesab edirik ki, hətta AXC-nin ilk İdarə Heyətinin üzvlərinə təşəkkür etmək lazımdır. AXC-nin iki idarə heyəti olub. Onların içərisində vəfat edənlər var. Biz vəfat edənlərə allahdan rəhmət diləyir, yaşayanlara isə can sağlığı arzulayırıq, təşəkkürümüzü bildiririk. Biz AXC-nin 20-ci il dönümündə AXC İdarə Heyətinin üzvlərini tədbirimizə dəvət etdik. Bu zaman kimin harada təmsil olunmasına, hansı mövqedə durmasına fərq qoymadıq. Onların da böyük əksəriyyəti tədbirimizə qatıldı”.

Siyasi təşkilatlara gəldikdə KXCP sədri deyib ki, kim özünü elçibəyçi, Elçibəy ideyalarının davamçısı, silahdaşı hesab edirsə və ya təşkilatın adında AXC adını hansısa formada saxlayırsa, onların da bu tarixi qeyd etmək doğal haqqıdır. Bu məsələdə problem yoxdur: “Artıq “mən bu tarixi qeyd edirəm, sənin bunu qeyd etməyə haqqın yoxdur” yanaşması qətiyyən ola bilməz. Bu tarixi qeyd etmək hər kəsin haqqıdır. Biz bu tarixi qeyd edən, bu ənənəni yaşadan və bu təşkilatın yaranmasında iştirak edən hər kəsə təşəkkür edirik. Hesab edirik ki, AXC-nin idarə heyətinin üzvləri olmuş şəxslər, əgər bu gün onların siyasi qurumları varsa belə, bu məsələdə bizdən öndədirlər. Əgər özləri bu tarixi günü qeyd edəcəksə nə gözəl, qeyd etməyəcəklərsə, biz onları təbrik edəcəyik”.

Nemət


Müəllif: