13 İyul 2016 14:01
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan-Ukrayna münasibətləri uzun illərdir bir neçə istiqamətdə inkişaf edir. Bizim birgə proqramlarımız var. Siyasi nöqteyi-nəzərdən hər iki ölkə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın yaradıcılarıdır. Bu təşkilat çərçivəsində nəqliyyat, iqtisadi-ticarət əlaqələri, enerji sahəsində əməkdaşlıqla bağlı çox mühüm, əməkdaşlıq var”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Ukrayna prezidenti Pyotr Poroşenkonun bu gün Azərbaycana başlayan iki günlük rəsmi səfərini şərh edən Asim Mollazadə bildirib ki, Ukraynada baş verən hadisələr, ölkənin ərazi bütövlüyünün pozulması əslində Qarabağ münaqişəsinin təməlində dayanan problemlərin bir növ davamıdır:

“Mənə elə gəlir ki, bu istiqamətdə də, yəni münaqişələrin həlli yönündə beynəlxalq hüquq normalarının pozulmasının dünyaya çatdırılmasında Azərbaycan və Ukraynanın ortaq maraqları mövcud ola bilər. Zənnimcə, bu səfər hər iki ölkənin maraqlarına uyğundur və ümidvaram ki, səfər uğurlu keçəcək”.

Ukraynanın Azərbaycandakı səfiri Aleksand Mişenko bir müddət öncə ölkəsinin ərazi bütövlüyünün pozulmasına dair Azərbaycanın tutduğu mövqedən narazılığını ifadə edən açıqlama vermişdi. Asim Mollazadə isə deyir ki, hansısa inciklik üçün səbəb ola bilməz: “Məsələn, Azərbaycan Ukraynanı dəstəklədiyi kimi Ukrayna Azərbaycanı dəstəkləməyib. Azərbaycan bütün beynəlxalq təşkilatlarda, ilk növbədə BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünə dəstəkləyib. Ermənistan isə Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verib.

Biz Ukraynanın Azərbaycanın ərazi bütövlüyünün təmini, Ermənistanın mövqeyini ifşa etmək istiqamətində daha sərt addımlar atacağını gözləyirdik. Ona görə də mən inciklik üçün hansısa səbəblər görmürəm. Azərbaycanın beynəlxalq hüquq normalarına riayəti Azərbaycan xarici siyasətinin təməl prinsiplərindən biridir. Mənə elə gəlir, Azərbaycan bu prinsiplərə sədaqətliliyini hər zaman dünyaya nümayiş etdirir”.

Bəs, iki ölkə arasında əməkdaşlığın daha hansı sahələrdə inkişafı üçün zəmin var? Bu sualı cavablandıran Asim Mollazadə yenə də enerji, ticarət, kənd təsərrüfatı sahəsində əməkdaşlıq istiqamətlərinin əsas xətt olduğunu vurğulayıb: “İqtisadiyyatın bir neçə sahələri üzrə ciddi əməkdaşlığımız mümkün ola bilər. Bununla yanaşı yenə də qeyd etməliyəm ki, əsas istiqamətlərindən birini nəqliyyat sahəsində əməkdaşlıq təşkil edir. Şimal-Cənub dəhlizinin başqa bir istiqaməti – Skandianviya ölkələri və Baltikyanı ölkələri Cənubi Qafqaz ölkələri ilə birləşdirən “Vikinq” layihəsi bizim üçün də maraqlıdır.

Çünki Azərbaycan Şərq-Qərb, Şimal-Cənub qovşağında yerləşir. Ukraynanın iştirakı ilə biz Skandinaviya və Baltikyanı ölkələr istiqamətində belə bir dəhlizin yaradılmasında maraqlıyıq. Mənə elə gəlir ki, bu yöndə müəyyən fikir mübadiləsi aparıla bilər”.

Səxavət HƏMİD


Müəllif: