13 İyul 2016 18:21
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərini şərh edib.

Teleqraf.com-a açıqlamasında Qabil Hüseynli səfərin NATO-nun Varşava sammitindən sonraya təsadüf etdiyini vurğulayıb:

“Həmin sammitdə münaqişəli bölgələrə yanaşma tərzi xeyli dəyişdi. Yəni, sammit postsovet məkanındakı münaqişəli məsələlərə özünün xüsusi münasibətini bildirdi və bu zaman belə bir prinsipial yanaşma ifadə edildi ki, postsovet məkanındakı bütün münaqişəli məsələlər aqressiv separatizmin nəticəsidir. Separatizmin bu forması isə Rusiya tərəfindən həmişə özünün həmin bölgələrdəki strateji maraqlarını qoruyub saxlamaq üçün istifadə edilib. Bu mənada sammit Sergey Lavrovun Qarabağ planı ilə bağlı hazırladığı yol xəritəsini heçə endirdi”.

Politoloq qeyd edib ki, “Lavrov planı” deyilən sənəd bir çox məsələlərdə Bakının etirazına səbəb olub: “Bakı üçün Dağlıq Qarabağa xüsusi status verilməsi məsələsi qəbuledilməzdir. Azərbaycan Dağlıq Qarabağa verəcəyi statusu özünün müəyyənləşdirəcəyini bildirib. Ermənilər bufer zonası üçün 15 kilometrlik təhlükəsizlik zolağı istəyirlər. Bu məsələdə Azərbaycanın mövqeyi tamamilə başqa cürdür. İkinci yol haqqında Azərbaycan hər hansı sözü eşitmək belə istəmir. Çünki bu, Kəlbəcərin qızıl yataqlarının, Ağdərənin daş kömür və digər faydalı qazıntı yataqlarının istismarına başlanması ilə əlaqədar çəkilmiş yoldur. Azərbaycan Ermənistan üçün əlverişli şərait yaradacaq bu yolun istifadəyə verilməsinə heç cür imkan yarada bilməz”.

Qabil Hüseynli qeyd edib ki, bölgəyə sülhməramlı qüvvələr gətirilməsi, referendum keçirilməsi, bir sözlə, Dağlıq Qarabağın statusu ilə bağlı Ermənistan üçün çox əlverişli səslənən ifadələr mətndə yer aldığından Azərbaycan bunların hamısına etiraz edib: “Azərbaycan etiraz edərkən Konstitusiyasındakı unitar dövlət quruluşu müddəasının ciddi surətdə pozulduğunu əsas gətirib. Ərazi bütövlüyünün təmini məsələsi Rusiya tərəfindən etirazla qarşılansa da, bu, hər halda 1975-ci ildə qəbul edilmiş Helsinki Yekun Aktında öz əksini tapıb və ikinci dünya müharibəsindən sonra formalaşmış sərhədlərin dəyişdirilməməsi haqqında beynəlxalq hüquq normasıdır. Həm də bu beynəlxalq hüquq normasının digər beynəlxalq hüquq normalarından, məsələn, xalqların öz müqəddəratını təyinetmə hüququndan daha üstün tutulması tövsiyə edilib.

Təqdim olunan “Lavrov planı”nda isə xalqların öz müqəddəratını təyinetmə hüququ daha da qabardılır. Bax bu cür ziddiyyətli, az qala təhdidedici həll variantını Azərbaycana qəbul etdirməyə çalışırlar. Təbii ki, Azərbaycan tərəfi bunların hər birinə etirazını bildirib. Düzdür, hələ ki diplomatik ifadələrdən istifadə edərək guya sülhyaratma prosesində müəyyən irəliləyişlərin olduğu deyilirdi. İrəliləyiş kimi də 5 rayonun geri qaytarılması dönə-dönə vurğulanırdı. Bu rayonların geri qaytarılması ərazi bütövlüyünün təmin edilməsi demək deyil.

Azərbaycan 7 rayondan erməni qoşunlarının çıxarılmasını tələb edir. Bunu Amerika da, Almaniya da, Avropa İttifaqı da tələb edir. Yəni, işğal edilmiş ərazilərdən erməni qoşunlarının çıxarılmasını problemin həllini ilk addımı sayırlar. Rusiya isə məsələni tamamilə başqa səpkidə, yəni Azərbaycanın istəyindən fərqli olaraq paket formatında həll etməyə çalışır. Halbuki Azərbaycan üçün məsələnin özünün həll məntiqi də bunu tələb edir ki, bir çox məsələlər mərhələ-mərhələ həll edilməlidir.

Əgər 5 rayon geri qaytarılır və iki rayonun – Laçın və Kəlbəcərin taleyi qəti və birmənalı şəkildə açıqlanmırsa, Dağlıq Qarabağın gələcək statusu çox müəmmalı ifadələrlə bizə çatdırılırsa, bu, Dağlıq Qarabağın və hətta iki rayonun bizdən qoparılması şəklində ifadə edilir”.

Politoloq bildirib ki, indiki şəraitdə Azərbaycanın etiraz etməsi və mövqelərini qoruyub saxlaması üçün daha yaxşı beynəlxalq mühit var: “Bu gün Azərbaycanın Dağlıq Qarabağ problemi, tutaq ki, Ukraynanın Krım, Gürcüstanın Abxaziya və Cənubi Osetiya, Moldovanın Dnestryanı problemi ilə eyni şəkildə dəyərləndirilir.

İndiyədək isə məlum olduğu kimi Avropanın özündə də Dağlıq Qarabağ probleminin özəlliklərindən bəhs edir və ona xüsusi yanaşma metodunun vacibliyini bildirirdilər. Amma indi elə deyil. Hətta 4 postsovet respublikasının birgə birliyinin yaradılması barədə ideya da var. Poroşenko Bakıya gəlir. Baxaq görək, bu birlik ideyası qoyulacaq, ya yox?! Amma hər halda bu 4 respublika öz ərazi bütövlüklərini təmin etmək üçün birgə mübarizə aparacaqları haqqında müəyyən ipucları verilib...”

Səxavət HƏMİD


Müəllif: