14 İyul 2016 15:21

“Xəzər” Gələcək Naminə Tərəfdaşlıq Təşkilatının rəhbəri, siyasi şərhçi Rüstəm Məmmədov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iyulun 13-də Qazaxıstanın paytaxtı Astanada keçirilən keçirilən iclası ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

– Rüstəm müəllim, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Astanada keçirilən görüşünün yekunlarını necə qiymətləndirirsiniz?

– Görüş nəticəsiz başa çatıb. Nazirlər heç nə əldə edə bilməyiblər. Bunun əsas səbəbi geopolitik durumdur. Dövlətlər hələ də geopolitik durumdan çıxa bilmirlər. Ona görə də Xəzər dənizinin statusu məsələsinə aydınlıq gətirmək mümkün olmur.

– Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirməyə hansı geopolitik məsələlər mane olur?

– Statusun müəyyənləşməsinə bir sıra amillər mane olur. Birincisi, İranla ABŞ-ın qarşıdurmasıdır ki, bu qarşıdurma hələ də davam edir. İkincisi, Suriya məsələsidir. Suriya məsələsində İranla Rusiyanın mövqeyi eyni, ABŞ-ın mövqeyi fərqlidir. Üçüncüsü, Yaxın Şərq problemidir. İsrail-ərəb qarşıdurması davam edir və burda mövqelər dəqiq deyil. Dördüncüsü, Amerika-Rusiya qarşıdurmasıdır. Bu da geopolitik bir baxımdır. Beşincisi, Ukrayna-Rusiya qarşıdurması, altıncısı, Türkiyənin regiona can atmasıdır.

Bu geopolitik durum bu gün Xəzər dənizində fikir aydınlığının yaranmasına imkan vermir. Çünki Xəzər dənizinin hüquqi statusu formalaşsa, o zaman dövlətlər öz mövqelərini konkretləşdirə bilərlər. Ona görə də məsələ abstrakt vəziyyətdə qoyulur ki, problem həllini tapmasın. Məsələn, bilirsiniz ki, Rusiya Xəzər dənizinin şimalından Suriyaya raket zərbələri endirirdi. Sizcə, status müəyyənləşəndən sonra Rusiya bunu edə biləcək?! Yox! Təbii ki, statusun formalaşması buna maneçilik törədəcək. Odur ki, qarşıdurma hələ də davam edir və dövlətlər Xəzər dənizinin statusunu formalaşdırmaq iqtidarında deyillər.

– Dənizin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələrin mövqeləri nədən ibarətdir? Hansı ölkə nəyi təklif edir?

– Mövqeləri qoyaq bir qırağa. Burda müxtəlif bəhanələr gətirilir. Bir bəhanə az öncə qeyd etdiyim geopolitik məsələlərdir. İkincisi, xalqların qarşıdurmasına səbəb olan bölgü məsələsi prinsipidir. Üçüncüsü, Xəzər dənizinin sərvətlərindən istifadə, boru kəmərləri xəttinin dənizin dibindən çəkilməsi məsələsidir. Bütün bunlar hamısı çoxlu suallar doğurur və bu suallara Xəzəryanı ölkələr cavab vermək iqtidarında deyillər.

– Təbii olaraq belə bir sual yaranır: əgər belədirsə, bu müzakirələr nə üçündür?

– Gözdən pərdə asmaq üçün.

– Yəni, 5 nazir vaxtaşırı zamanlarını ayırıb iclasda iştirak etmək üçün bir Xəzəryanı ölkəyə yığışırlar, müzakirələr aparırlar və heç bir nəticə əldə olunmur…

– Bəli, elədir.

– Amma görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzər dənizinin yekun statusuna dair konvensiyanın 2017-ci ildə imzalanmasını tam real hesab etdiyini bildirib…

– 2017-ci ilə qədər Suriya problemi həll olunsa, Amerika-İran, Rusiya-Amerika qarşıdurması dayandırılsa, bəli, əlbəttə, imzalana bilər.

– Bu məsələlər həllini tapmadan konvensiyanın imzalanmasını mümkün hesab etmirsiniz?

– Xeyr. Bunlar qlobal, çox ciddi məsələlərdir.

– Görüşün yekunlarına dair mətbuat konfransında Sergey Lavrov toplantının çox məhsuldar olduğunu və anlaşma şəraitində keçdiyini də bildirib. Sizcə, bu da gözdən pərdə asmaq üçün deyilmiş fikirdir?

– Bəli. Bu, diplomatik gedişdir.

– Xəzərin hüquqi statusu ilə bağlı Azərbaycanın mövqeyi nədən ibarətdir?

– Azərbaycan Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsini istəyir. Birdəfəlik bilinsin ki, kimin malı kimdədir. Hansı mal, yaxud nə kimə məxsusdur. Azərbaycan bunu istəyir.

– Rəsmi Bakı bütün problematik məsələlərə, istər dövlətlərin ərazi bütövlüyü, istərsə də digər məsələlərə yanaşmada hər zaman beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edir. Bu məsələ ilə də bağlı ölkəmizin mövqeyinin beynəlxalq dəniz hüququnun tələblərinə əsaslandığını söyləyə bilərikmi?

– Azərbaycan özü də geopolitik zonadadır. Geopolitik cəhətdən Azərbaycanı da sıxırlar. Ermənistan-Azərbaycan münaqişəsi bu dəqiqə ən böyük geopolitik qarşıdurmadır. Buna görə də Azərbaycanı bu prosesdən, geopolitik durumdan azad etmək ideyası hələ gündəmə gəlməyib.

– Sizcə, Xəzər dənizinin yekun statusuna dair konvensiya nə zaman imzalana bilər?

– Xəzər dənizinin hüquqi statusu ən azı 5 ildən sonra müəyyənləşdiriləcək.

– Maraqlıdır, nəyə əsaslanaraq bu fikri səsləndirirsiniz?

– Beş ilə situasiya sabitləşə bilər. Bundan əvvəl qeyri-mümkündür.

– Amma həmin vaxt tamam başqa geopolitik məsələlər ortaya çıxa, yeni təhdidlər yarana bilər. Yəni, bunu proqnozlaşdırmaq olmur…

– Yox. Mənə elə gəlir ki, bu məsələ ilə bağlı tərəflər arasında fikir ayrılıqları yaradan geopolitik məsələlər 5 il ərzində öz həllini tapacaq.

Səxavət HƏMİD


Müəllif:
Загрузка...