14 İyul 2016 17:15
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Qənirə Paşayeva Tovuzun Ermənistanla ön cəbhədə yerləşən Vahidli kəndində müəllimlərlə görüşüb, qayğı və problemlərlə maraqlanıb.

Teleqraf.com-un məlumatına görə, ön cəbhə kəndlərinin qəhrəman kəndlər olduğunu söyləyən millət vəkili sakinlərin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Deputat ön cəbhədə gənclərimizin təhsilli, savadlı və eyni zamanda vətənpərvər yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayıb.

Müəllimlərlə görüşdə Qənirə Paşayeva başa çatmış dərs ilinin nəticələri ilə maraqlanıb və gələn tədris ili ilə bağlı müəllimlərin fikir və qayğılarını da dinləyib.

Məktəbin vəziyyəti ilə tanış olan millət vəkili Vahidli kəndinin müasir standartlara uyğun yeni məktəb binasına ehtiyacı olduğunu bildirərək bununla bağlı təhsil naziri Mikayıl Cabbarova və hökumətə xahiş və müraciət etdiyini, bu müraciətə müsbət yanaşılacağına ümid etdiyini vurğulayıb.

Müəllimlərə kitablar hədiyyə edən millət vəkili kənddə eyni zamanda bir sıra gənclərlə də görüşüb, onların dərsləri, planları ilə maraqlanıb və fikir mübadiləsi aparılıb. Deputat onlara öz kitablarını imza ilə hədiyyə də edib.

Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib.

Səxavət


Müəllif: