24 İyun 2014 18:30
1 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arif Əliyev: “Nəcəf Nəcəfovun 60 illik yubileyinin qeyd edilməsi üçün bir proqram hazırladıq, amma...”

Azərbaycan jurnalistika tarixində öz fədakar əməlləri ilə milli mətbuatın ayaqda qalması, inkişafı üçün əlindən gələni edənlər az olmayıb. Həsən bəy Zərdabidən başlanan bu yol zamanın, məkanın və hətta hakimiyyətlərin, istilaların sınağından çıxaraq müasir dövrə qədəm qoyub. Sovetlər birliyinin süqutuna yaxın və ondan sonra müstəqil Azərbaycanın jurnalistikasının formalaşmasında fədakar şəxsiyyətlərdən biri də Nəcəf Nəcəfovdur. Tələbələrinin hər zaman söylədiyi kimi vicdanlı, dünyagörüşü ilə fərqlənən Nəcəf Nəcəfovun bu gün 59 yaşı tamam olur.

Nəcəf Nəcəfovun ömür yolu

Azərbaycanın görkəmli siyasi və ictimai xadimi, Azərbaycan demokratik mətbuatının banilərindən olan Nəcəf Adil oğlu Nəcəfov 1955-ci il iyunun 24-də Bakı şəhərində anadan olub. O, 1962-72-ci illərdə Nərimanov rayonundakı 202 saylı orta məktəbdə oxuyub. 1973-1977-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alıb. 1978-ci ildən jurnalist fəaliyyətinə başlayıb. Belə ki, o, 1978-ci ilin iyunundan 1979-cu ilin fevralınadək Azərbaycan Dövlət Teleradio Komitəsində ştatdankənar müxbir işləyib, radionun rus və türk redaksiyaları, televiziyanın rus redaksiyası üçün materiallar hazırlayıb. Ötən əsrin 80-ci ilin əvvəllərindən "İnşaatçı" qəzetində jurnalist fəaliyyətinə başlayıb. Sonra "Vışka" qəzetində şöbə müdiri işləyib və 1986-cı ilə kimi bu vəzifəni yerinə yetirib. Həmin il N.Nəcəfov "Molodyoj Azerbaydjana" qəzetinə redaktor təyin edilib. Onun rəhbərliyi dövründə "Molodyoj Azerbaydjana" ölkənin ən populyar və sevimli qəzeti olub. 1988-ci ildə Qarabağ hadisələri başlayarkən bu qəzetin ölkə həyatında rolu, təsiri və populyarlığı daha da artıb və qəzet erməni separatçılarının Azərbaycana elan etdiyi ideoloji müharibəyə qarşı qərargaha çevrilib. N.Nəcəfovun və qələmdaşlarının prinsipial mövqeyi respublikanın kommunist rəhbərliyini razı salmayıb və 1988-ci ildə o, vəzifəsindən azad edilib. Həmin vaxtdan başlayaraq N.Nəcəfov faktiki olaraq siyasi fəaliyyətə keçib və Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupuna daxil olub. 1989-cu ildə "Azadlıq" qəzetini təsis edib. 1990-cı ilin yazında N.Nəcəfov bir qrup müstəqil jurnalistlə birlikdə "Turan" informasiya agentliyini təsis edib. 1990-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı olub. 1992-1993-cü illərdə N.Nəcəfov Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəyin mətbuat katibi vəzifəsində işləyib. Ömrünün son illərində N.Nəcəfov Müstəqil Sahibkarlığa Yardım Fondunun vitse-prezidenti olub.

N.Nəcəfov 1999-cu il dekabrın 17-də uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Prezident İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə ölümündən sonra Nəcəf Nəcəfov "Şöhrət" ordeni ilə təltif olunub.

“60 illik yubileyinin qeyd edilməsi üçün bir proqram hazırladıq, amma..”

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Teleqraf.com-a açıqlamasında qeyd edib ki, gələn il Nəcəf Nəcəfovun 60 yaşı tamam olur. Onun sözlərinə görə, Azərbaycan jurnalistikasında son 30 ildə yadda qalan yubileylərdən biri qeyd olunarsa, bu da onlardan biridir: “Nəcəf Nəcəfov şəksiz hər tərəfdən, istər hakimiyyət, istərsə də müxalifət cəbhəsində, xüsusən müstəqil jurnalistikada qəbul olunan bir şəxsdir. Heç bir tərəfdə onun müasir Azərbaycan jurnalistikasında verdiyi töhfələr şübhə altına alınmır. Nəcəfin qoyduğu məktəb elə dayaqlara, jurnalistika prinsiplərinə söykənib ki, həmin prinsiplər bu gün bir qədər zəif inkişaf edir. Yəni, o sürəti Nəcəf bizim jurnalistikamıza gətirmişdi, həm “Azadlıq” qəzeti, həm çıxışları, biz jurnalistlərə qarşı hərəkətlər olanda göstərdiyi reaksiya və digər keyfiyyətlər bu gün cəmiyyətdə tələb edilən vəziyyətdə deyil. Onun nadirliyi təkcə peşə xüsusiyyətlərində deyil, gələcəyi görmək qabiliyyətində, vicdanındaydı. Olduqca vicdanlı bir insan idi. Təsadüfi deyil ki, vəfatından sonra nəşr edilmiş kitablardan biri də bununla bağlıydı. Parlamentə deputat seçiləndə dövlət işçilərinə qadağa qoyulmuşdu və o birinci olaraq istefa verdi ki, əgər başqalarına bir prinsip qoyuruqsa, onu birinci özümüzə şamil etməliyik. O, öz sonuncu ad gününü Əbülfəz Eliçibəylə birgə qeyd etmişdi”.

A.Əliyev deyib ki, Nəcəf Nəcəfovun 60 illik yubileyinin qeyd edilməsi üçün bir proqram hazırlayıblar. Amma bu proqramın həyata keçirilməsi üçün gücləri çatmayıb: “Bu həm maliyyə tərəfdən, həm də Nəcəfin tələbələri adına layiq olan jurnalistikadakı adamlar da bir yerə yığışa bilmədi. Ya o qədər bacarıqlarını itiriblər, ya da çatlar dərin gedib ki, bu çətinlik törədir”.

Təşkilat sədri Nəcəf Nəcəfovun ailəsi barədə danışaraq qeyd edib ki, onun ailəsi bütünlüklə Nəcəfin yolu ilə getdi. Onun sözlərinə görə, Nəcəf Nəcəfovun həyat yoldaşı elə o vaxtda mətbuatda işləyirdi və indi qızları da İngiltərədə media sahəsində çalışırlar: “Eşitdiyimə görə övladları çox ağıllı uşaqlardır. Uzaqdan da olsa, əlaqələr var. Əvvələr Londonda olanda başçəkmək imkanı da olurdu. Yaxşı ki, övladları onun bir zamanlar düşündüyü zirvəyə doğru getməkdədirlər”.

A.Əliyev əlavə edib ki, bir dəfə Heydər Əliyevin media ilə görüşü zamanı jurnalistlərin məmurlarla problemini qaldırmışdım: “Bununla bağlı fikir mübadiləsi oldu. Nəcəf Nəcəfovun bu məsələ ilə bağlı fikri vardı ki, döyüşə iki baxış olur. Birincisi əsgərin rəhbərliyində olan generalın baxışıdır. Onun üçün əsgərlərinin yaralanması, ölməsi böyük əhəmiyyət kəsb etmir, general üçün əsas döyüşün sonudur. Digər baxış isə həmin müharibədə səngərdə oturub soyuqdan əsən və hər bir güllə ona ölüm gətirən əsgərin baxışı. Nəcəf medianı əsgərlərlə müqayisə edirdi və hər zaman jurnalistin qayğısına qalmağı özünə borc bilirdi. Yəni, o işlədiyi yerdə jurnalisti maşın kimi və yaxud sadəcə informasiya istehsalçısı kimi qəbul eləmirdi”.

“Çox orjinal və qeyri-adi düşüncəsi olan şəxsiyyət idi”

Professor Qulu Məhərrəmli deyib ki, Nəcəf Nəcəfov yeni jurnalistika, yeni qəzetçilik təfəkkürünün yaranmasında çox misilsiz xidmətləri var. Onun sözlərinə görə, Azərbaycanda demək olar ki, jurnalistikanın mahiyyətini gerçək mənasına doğru dəyişməsində Nəcəf Nəcəfov klassik nümunələr göstərib: “Onun “Molodyoj Azerbaydjana” qəzetindəki fəaliyyəti, “Azadlıq” qəzetinin qurulmasında, onun formalaşmasındakı rolu hesab edirəm ki, mətbuat tariximizin ən parlaq səhifələridir. Belə bir bir şəxsiyyətin unudulmayan xidmətləri var və xoşdur ki, o, bu gün yad edilir”.

Q.Məhərrəmli deyib ki, Nəcəf bəy dünyasını dəyişdikdən sonra həyat yoldaşı Böyük Britaniyada yaşayır. Onun dediyinə görə, dostları Nəcəf Nəcəfovun ailəsi və övladları ilə əlaqə saxlayır: “Məndə iki il əvvəl Nəcəf Nəcəfov haqqında bir film çəkmişəm və hesab edirəm ki, bu çox diqqəti cəlb edən film idi. Biz həmin filmin ictimai müzakirəsini keçirdik və məlum oldu ki, Nəcəf Nəcəfov son illər Azərbaycanda ictimai şüurun inkişafında çox misilsiz xidmətlər göstərmiş insandır. Ömrünün son günlərində Arif Əliyevlə onunla görüşürdük, bir çox məsələləri müzakirə edirdik. Çox orijinal və qeyri-adi düşüncəsi olan şəxsiyyət idi”.

BƏXTİYAR


Müəllif: