18 İyul 2016 13:03

Millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb.

Teleqraf.com-un məlumatına görə, sakinlərin ən çox müraciətləri övladlarına iş tapmağa köməklik göstərilməsi, mənzil problemləri, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub. Q.Paşayeva görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya rayon mərkəzi xəstəxanasında yerləşdirilməsini təşkil edib.

Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub və Q.Paşayeva bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təmsilçiləri ilə müzakirə apararaq qanunlar çərçivəsində dəstəyi daha da artırmalarını xahiş edib.

Bir sıra 1 və 2-ci qrup əlillərin reablitasiya mərkəzində müalicə almaq xahişini də müvafiq qurumlarla danışan millət vəkili dəstək göstərilməsini xahiş edib. Bəzi vətəndaşlar evlərinə təbii qaz çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər.

Bundan başqa təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, millət vəkili onların həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr aparıb. Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib.

Deputat kəndlərdən gəlmiş bir sıra şəhid ailələri və müharibə əlilləri ilə də görüşüb, onların qayğıları ilə maraqlanıb və həlli istiqamətində çalışacağını bildirib.

Səxavət


Müəllif: