24 İyun 2014 16:45
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Rusiya iyunun 23-24-də Qəbələdə keçirilən V Azərbaycan-Rusiya regionlararası forumunun yekunları üzrə əməkdaşlıq haqqında 11 sənəd imzalayıblar.

Teleqraf.com-un məlumatına görə, Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiya Regionla İnkişaf Nazirliyi arasında anlaşma memorandumu imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev imzalayıblar.

Həştərxan Turizm İttifaqı və Azərbaycan Turizm Assosiasiyası (AzTA), Ural Turizm Assosiasiyası və AzTA arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb. Bundan başqa, "Həştərxan Regional Kanalı" MMC və Azərbaycanın Regional Televiziyası arasında əməkdaşlıq haqqında saziş bağlanıb.

Həmçinin Rusiya İnvestisiya Agentliyi və AZPROMO (Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu) arasında anlaşma memorandumu imzalanıb.

Forum çərçivəsində Azərbaycan və Rusyanın bir sıra şirkətləri arasında əməkdaşlıq haqqında sazişlər də imzalanıb. Əməkdaşlıq haqqında saziş Rusiyanın Rostov vilayətinin İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın "Mətanət A" şirkəti, Rusiyanın "Aqroholdinq Starıy Sad" ASC və Azərbaycanın "STS Holdinq", "Dağıstan Ticarət Evi" ASC və Azərbaycanın "Azeksfrutet" şirkəti arasında imzalanıb. "Dagistan Steklotara" MMC və Azərbaycanın "Azərsun Holdinq" şirkəti, Dağıstanın "YuqAqroholdinq" MMC və Azərbaycanın "İnvestisiya Qrup" MMC arasında şüşə məmulatlarının tədarükü sahəsində müvafiq olaraq saziş və müqavilə bağlanıb.

Forumun yekununda Ş.Mustafayev qeyd edib ki, forum ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verdi: "İmzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığın aktivləşməsinə xidmət edəcək".

İ.Slyunyayev isə deyib ki, tikinti, turizm və aqrar sahələrdə iki ölkə arasında əməkdaşlığın inkişafına xüsusi diqqət yetirmək lazımdır: "Rusiyada keçiriləcək gələn forumadək iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən etmək lazımdır. Biz il ərzində Azərbaycan müəssisələri üçün Rusiyanın regionlarında bir neçə biznes missiya keçirməyi təklif edirik".

Qeyd edək ki, ötən gün İnquşetiyanın İqtisadi İnkişaf Nazirliyi ilə AZPROMO arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdı.


Müəllif: