19 İyul 2016 18:50
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Gürcüstan hökuməti ölkədə taxıl yığımında yaranmış problemin həlli ilə əlaqədar Azərbaycan hökumətinə müraciət edib. Azərbaycan bu müraciəti cavabsız qoymayaraq, dərhal Gürcüstana 30-dan çox “Klas” və “Holland” tipli kombaynlar göndərib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Gürcüstan parlamentinin deputatları Azərbaycanın bu yardımını yüksək qiymətləndirirlər.

Gürcüstan parlamentinin aqrar məsələlər komitəsinin sədri Qela Samxarauli deyib: “Bizim Azərbaycan ilə çox sıx, mehriban qonşuluq və dostluq münasibətlərimiz var. Azərbaycan heç vaxt öz yardım əlini bizdən əsirgəməyib. Gürcüstan hökuməti bu günlərdə Azərbaycana müraciət edib, taxıl yığımı ilə əlaqədar texnika istəyib. Azərbaycan hökuməti də bizim bu müraciətimizi cavabsız qoymayıb və dərhal bizə yardım edib. Biz bunu yüksək qiymətləndiririk. Düşünürəm ki, bu kombaynlar hesabına məhsulu vaxtında və itkisiz yığa bilələcəyik”.

Komitə sədri iki ölkənin parlamentləri arasında da səmərəli əməkdaşlığın olduğunu bildirib: “Bizim Azərbaycan parlamenti ilə sıx əlaqələrimiz var. Deputatlarımız bir çox məsələlərdə məsləhətləşmələr aparır, eyni mövqedən çıxış edirlər. Biz kənd təsərrüfatı sahəsində, qanun yaradıcılığında da əməkdaşlıq edirik. Bu da dostluğumuzun və qardaşlığımızın nümunəsidir”.

Qela Samxarauli Azərbaycanın yardımını əsl dost yardımı adlandırıb və minnətdarlığını bildirib.
Deputat Mahir Dərziyev isə deyib ki, Azərbaycan-Gürcüstan əlaqələri qədim tarixə malikdir: "Bu, iki qonşu və qardaş ölkəni bir-birinə bağlayan çox tellər var. Gürcü xalqı bütün taleyüklü məsələlərdə azərbaycanlıların dəstəyini hiss edib. Azərbaycan dövləti hər zaman gürcü xalqının yanında olub, ən ağrılı-acılı məsələlərdə öz köməyini göstərib. Yaxın keçmişimizdə - 2000-ci ilin ortalarında Gürcüstanda yaranmış enerji böhranında, eləcə də digər ağrılı məsələlərdə Azərbaycan dövləti bizim yanımızda olub, dost yardımını əsirgəməyib. Bu günlərdə Azərbaycan dövləti Gürcüstanda taxıl yığımında yaranmış problemi, xüsusən də texnika çatışmazlığını həll etmək üçün daha bir köməkliyini etdi, Gürcüstana 30-dan çox “Klas” və “Holland” tipli kombaynlar göndərdi. Bu kombaynlar 20-25 gün ərzində Gürcüstan fermerlərinə taxıl biçinində yardımçı olacaq".

M.Dərziyev buna görə Azərbaycan dövlətinin başçısına və hökumətinə minnətdarlıq edib: “Bu yardım bir daha sübut edir ki, Azərbaycan xalqı tarixin sınağından çıxmış, dostluğa, qardaşlığa sadiq xalqdır və dostlarını heç vaxt darda qoymur”.

Gürcüstan parlamentinin ətraf mühit komitəsinin sədri, “Gürcüstanın inkişafı naminə” Sosial Demokrat Partiyasının sədri Qia Jorjoliani də Azərbaycan hökumətinin bu yardımını yüksək qiymətləndirib: “Azərbaycan xalqı hər zaman bizim yanımızda olub. Biz heç vaxt bunu unuda bilmərik. Bu gün dünyada baş verən proseslərin fonunda Azərbaycanın gürcü xalqına dəstəyi əsl dost, qardaş köməyidir. Biz bunu yüksək qiymətləndiririk”.

Q.Jorjoliani Azərbaycanın bu yardımının digər ölkələr üçün nümunə olduğunu bildirib.


Müəllif: