20 İyul 2016 17:00
401

"Azərbaycanda mövcud olan inkişafa və günün tələbinə uyğun olaraq Konstitusiya qanununa müəyyən əlavə və dəyişikliklər edilməsi ehtiyacı yaranıb”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev qeyd edib ki, bir neçə il əvvəl ehtiyac yarandığı üçün Konstitusiyaya əlavə və dəyişikliklər edilib: “O zaman Konstitusiyaya 29 yeni maddə daxil edilmişdi. İndi təklif olunan əlavə və dəyişikliklər də inkişaf dövrünün bir mərhələsidir. Yeni yanaşmalar, yeni düşüncələr ortalığa qoyulur, yeni institutlar yaranır və sair.

Azərbaycan Konstitusiyası sosial yönümlü konstitusiyadır. İndiki dövrdə isə yeni bir mərhələ yaranıb və həmin mərhələdə yenə də sosial hüquqları qorumaqdan, daha aktiv, daha çevik yanaşmaqdan ötrü müəyyən dəyişikliklər təklif olunub. Azərbaycan Konstitusiyası ilk növbədə insan hüquq və azadlıqlarının təminatçısı kimi mövcuddur. İcra hakimiyyətinin daha artmış yükünün bölünməsi ilə yanaşı, müəyyən əlavələr təklif olunub. Bu da çox normaldır”.

Komitə sədrinin müavini qeyd edib ki, dəyişiklik aktı ilə bağlı ən çox verilən suallardan biri yaş senzinin götürülməsi ilə bağlıdır: “Bilirsiniz ki, Azərbaycanda bütün idarə və təşkilatlara rəhbərlik etməklə bağlı yaş senzi aradan qaldırılıb. Beləliklə, həm parlament deputatlarından, həm də ölkə prezidentliyi üçün yaş senzinin ümumiyyətlə aradan götürülməsi təklif olunur. Bu da normal, bütün demokratik dövlətlərə uyğun olan bir islahatdır”.

R.Rzayev bildirib ki, iqtidarla xalq arasında vəhdət mövcuddur və xalq öz səsini, öz mövqeyini referendum zamanı əlavə və dəyişikliklərə “hə” deməklə bildirəcək: “Mənim buna heç bir şübhəm yoxdur. Çünki ulu öndər Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan bu gün güclü siyasət yürüdən, güclü iqtisadiyyata malik dövlətə çevrilib. Həmin siyasəti cənab İlham Əliyev davam etdirir. Bu, Azərbaycanın gələcəyinə aparan yeganə yoldur. Eyni zamanda Azərbaycanın ən böyük problemi olan ərazi bütövlüyü probleminin həlli kimi yeganə yol budur.

Diqqət yetirirsinizsə, dəyişikliklərin biri silahlı qüvvələrimizlə bağlıdır. Qeyd olunur ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.

Düşünürəm ki, onların hamısını xalq başa düşəcək. Azərbaycan xalqı müdrik, dəyərli, qiymət verə bilən xalqdır və təklif olunmuş əlavə və dəyişikliklərə düzgün qiymət verə biləcək və ali qanunda əksini tapması üçün Konstitusiya referendumunu dəstəkləyəcək”.

Qeyd edək ki, müxalifət partiyalarının liderləri təklif olunan əlavə və dəyişikliklərə qarşı çıxdıqlarını bildiriblər. Onlar bu əlavə və dəyişikliklərin Konstitusiyada əksini tapmasının əleyinə çıxış edirlər. Bu çıxışlar əsnasında daha çox ABŞ Konstitusiyası misal çəkilir və onun uzun zamandır dəyişikliyə məruz qalmadığı bildirilir.

R.Rzayev ilə bununla bağlı deyib: “Dardüşüncəli insanların düşüncəsi bundan artıq ola bilməz. ABŞ Konstitusiyası 200 ildən artıqdır ki, mövcuddur və bu müddət ərzində dəfələrlə əlavə və dəyişikliklərə məruz qalıb. 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə üçün bütün problemləri yaradan həmin müxalifət olub. O cümlədən İsa Qəmbər, Əli Kərimli olub. Riyaziyyat İnstitutunun müəllimi müdafiə naziri ola biləcəyini və Azərbaycanı bu günə sala biləcəyini düşünürsə, daha deməyə söz qalmır.

İndi belə insanların Konstitusiya dəyişiklikləri ilə bağlı fikirləri bundan artıq ola bilməz. Müstəqil Azərbaycanın ilk Konstitusiyasını təşkil edən, yaradan, onu həyata keçirən ulu öndər Heydər Əliyev olub. Nəticədə 1995-ci ildə Konstitusiyamız qəbul olunub. Yəni, bunlar hansı düşüncə ilə həmin fikirləri səsləndirirlər?! Azərbaycan bu gün hüquqi, demokratik, dünyəvi dövlətdir və bu istiqamətdə də öz inkişafını davam etdirəcək. Düzdür, müxalif qüvvələr var. Onlar da olmalıdır. Normal dövlətlərin hər birində, o cümlədən də Azərbaycanda müxalifət var”.

Səxavət HƏMİD


Müəllif: