26 İyul 2016 14:50
1 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-da qanunlar var. Əgər Türkiyə hökuməti ABŞ-a Fəthullah Gülənin terrorçu olduğu və çevrilişə cəhd göstərdiyini sübuta yetirəcək dəlillər təqdim edəcəksə, fikrimcə, ABŞ məhkəməsi buna baxacaq və Güləni dərhal Ankaraya verəcək”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri “Ayna-Zerkalo” qəzetinin baş redaktoru, təhlilçi Elçin Şıxlı deyib.

E.Şıxlı əlavə edib ki, Gülənin Ankaraya ekstradisiyası yalnız bu formada həyata keçirilə bilər: “Gülənin çevrilişə rəhbərlik və təşkil etməsi haqda sübutlar olacaqsa, məhkəmə Gülənə deyəcək ki, sən terrorçusan və get vətənində səni mühakimə etsinlər. Bununla da məsələ bitəcək. Yox, əgər Amerika məhkəməsi hesab etsə ki, Gülənlə bağlı dəlil və sübut kifayət qədər deyil, bu zaman onu Türkiyəyə ekstradisiya etməyəcəklər”.

Müsahibimiz deyib ki, Gülənin xarici xüsusi xidmət orqanlarına bağlı olması haqda konkret məlumata malik deyil: “Bu, elə məsələdir ki, əlimizdə fakt olmadan danışmaq doğru olmazdı. Ancaq reallıq odur ki, bu adam dünya boyunca geniş və işlək bir şəbəkə yaradıb. Şəbəkə məktəblər, hazırlıq kursları, universitetlərdir. Bu məktəblərdə yaxşı təhsil verilir və eyni zamanda uşaqların beyni yuyulur, Gülən ideyaları tətbiq olunur. Mən gözəl təhsilin tərəfdarı olmuşam.

Məsələn, bizdə də onların məktəbləri var idi. Bu məktəblərin bəzilərində uşaqların beyni yuyulurdu. Yəni hamısı olurdu molla. Mən hər zaman bunun əleyhinə olmuşam. Dünyəvi dövlətdə məktəbdə nə keşiş, nə də molla olmaq lazım deyil. Bu, fərdi məsələdir. İstəyən gedib məscidə namazını qılar və ya kilsədə şam yandırar. Amma dünyəvi dövlətdə məktəblərdə uşaqların beyni yuyulmamalıdır. Məsələn, mən bir çox gənc və savadlı insanlar tanıyıram ki, onların beyni tam xarabdır”.

Nemət


Müəllif: