27 İyul 2016 13:57
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev dünən Borçalıda keçirilməsi planlaşdırılan və Dmanisi qubernatorunun müdaxiləsi nəticəsində baş tutmayan Elat bayramı ilə bağlı duruma münasibət bildirib.

Teleqraf.com-a danışan Əli Babayev Elat bayramının alınmamasına görə, “Borçalı” Cəmiyyətini ittiham edib, günahı bu qurumda görüb.

Ə.Babayev iddia edib ki, tədbirə öncədən icazə verilib:

“Borçalı zonası üzrə qubernator və Dmanisi rayon rəhbərliyi ilə bu haqda müzakirə aparılmışdı. Qərara gəlinmişdi ki, bu tədbir Elat-Dmanisoba adı ilə keçirilsin. İyulun 26-na qədər tədbirə ciddi hazırlıq getmişdi. Tədbir başlayana qədər hər hansı bir problem yox idi. Tədbir başladı. Sonra biz gördük ki, “Borçalı” Cəmiyyəti adından Bakıdan gələn şəxslər, Zəlimxan Məmmədlinin adamları bəyan etdilər ki, onlar istəyirlər ki, tədbir istədikləri formada keçsin. Yəni yerli hakimiyyətlə razılaşmanı pozdular.

Və sonda da tədbir baş tutmadı. Yəni bayramın keçirilməsinə öncədən icazə verilmişdi. Ancaq Bakıdan gələnlərin ultimatum tonunda danışması, yerli hakimiyyətlə anlaşmanı pozması sonda bu durumun yaranmasına səbəb oldu”.

Xatırladaq ki, dünən “Borçalı” Cəmiyyətinin rəhbərliyində təmsil olunan şəxslər bildiriblər ki, tədbirin keçirilməsi zamanı səhnədə vurulan Azərbaycan və Türkiyə bayrağını endiriblər.

Elat bayramını başqa ab-havaya salmağa cəhd edilib və bu səbəbdən də təşkilatçılar elatı təxirə salıblar. Əlavə edilib ki, tədbirin baş tutmamasında yerli icra orqanları ilə yanaşı bəzi üzdəniraq soydaşlarımızın da rolu olub.

Cavad


Müəllif: