30 İyul 2016 11:30
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

“1996-cı ilin sonuna yaxın Azərbaycan Prezidenti Heydər Əliyevin səyi nəticəsində Azərbaycan və Ermənistan Dağlıq Qarabağ probleminin həllinə çox yaxınlaşmışdı. Ancaq Ermənistanın o zamankı baş naziri, Azərbaycanın işğal edilmiş zonalarında keçmiş səhra komandiri Robert Koçaryan və ordu rəhbərliyi bunun əleyhinə çıxdılar və Ermənistan prezidenti Levon Ter-Petrosyan istefaya getməli oldu”.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə bildirib.

A.Mirzəzadə əlavə edib ki, 1999-cu ildə Azərbaycan və Ermənistan yenidən problemin həllinə çox yaxınlaşdılar:

“Ancaq həmin ilin oktyabr ayında bir qrup silahlı şəxs Ermənistan parlamentinə hücum etdi və 8 nəfəri, o cümlədən həmin dövrdə ölkədə nüfuz sahibi olan baş nazir Vazgen Sarkisyanı və spiker Stepan Dəmirçiyanı qətlə yetirdilər. Bununla da ehtimal edilən həll qeyri-müəyyən dövrə saxlanıldı.

Bu ilin aprel ayında Ermənistan-Azərbaycan cəbhə xəttindəki hərbi əməliyyatlardan və Azərbaycanın hərbi uğurlarından sonra Ermənistan kompromislərə hazır olduğunu elan etdi. May və iyun aylarında Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri keçirildi, ATƏT-in Minsk Qrupunun həmsədri Rusiya diplomatik fəallığını artdı. Son günlər prezidentlərin yeni görüşünün hazırlandığı və məsələnin həllində ümidlərin artdığı barədə də məlumatlar yayılır.

Ancaq 17 iyul tarixində bir qrup silahlı şəxs Yerevanın mərkəzində yol polisinin post-patrul xidmətinin binasını ələ keçirir. Təsadüfən orda Ermənistan polisinin rəis müavini olan general rütbəli şəxs də olur. Saxlanılan girovlar tədricən azad edilir, ancaq bina yenə də silahlıların əlindədir. Çox müəmmalıdır ki, dövlət bir qrup silahlını oradan çıxara bilmir.

Bu nədir, Ermənistan üçün adi bir kriminal hadisə, yoxsa Ermənistan Dağlıq Qarabağşünaslarının Dağlıq Qarabağ probleminin həllinin qarşısını almaq üçün istifadə etdikləri köhnə üsul?

Tamamilə mümkündür. Ancaq Yerevanda unudurlar ki, Azərbaycan artıq ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil və işğal edilmiş torpaqlarının həmişəlik Ermənistanın nəzarətinin altında qalmasına dözmək fikirində deyil”.

Bəkir


Müəllif: