25 İyun 2014 17:39
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında çox səlis, aydın və özünə əmin şəkildə çıxış etdi və auditoriya tərəfindən yüksək qiymətləndirildi. Çox önəmlidir ki, dövlət başçısı öz ölkəsini bu qədər qürurla, bu qədər özünə əminliklə və bu qədər ciddi faktlara əsaslanaraq təmsil edir və bu baxımdan cənab Prezidentin çıxışı çox yüksək qiymətə və tədqirəlayiqdir".

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib.

A.Quliyevin fikrincə, cənab Prezidentin çıxışında toxunulan bütün məsələlərdə, xüsusilə cəlbedici məqamlardan biri də o idi ki, cənab Prezident ölkədə iqtisadi dirçəlişin, inkişafın bilavasitə siyasi islahatlarla paralel şəkildə aparıldığını bir daha qeyd etdi və çox dəqiq bildirdi ki, əgər bizim iqtisadi inkişafımız siyasi islahatlarla paralel şəkildə aparılmasa, onda istədiyimiz naliyyəti əldə edə bilmərik: "Doğrudan da bu gün Azərbaycanda müxtəlif fikirli, müxtəlif platformalara malik siyasi institutlar fəaliyyət göstərir, bu gün Azərbaycanda çoxlu sayda siyasi partiyalar var, eyni zamanda, çoxlu sayda mətbuat orqanları, o cümlədən ümumrespublika və regional televiziya kanalları fəaliyyət göstərir, Azərbaycanda əhalinin 70 faizindən çoxu internet istifadəçisidir, bu gün Azərbaycanda internet və sosial şəbəkələr geniş şəkildə yayılıb. Belə olan halda hansı bir şəxs özündə cəsarət tapıb deyə bilər ki, Azərbaycanda ifadə azadlığı, söz azadlığı pozulur? Həqiqətən də cənab Prezidentin bu faktları bir daha səsləndirməsi onu göstərir ki, doğrudan da belə geniş siyasi plüralizm şəraiti mövcud olan bir cəmiyyətdə mətbuata hər hansı bir basqıdan, söz azadlığının məhdudlaşdırılmasından danışmaq doğrudan da gülüncdür".

Millət vəkili bildirib ki, Prezident çıxışında korrupsiya ilə bağlı aparılan mübarizədə əldə olunan nəticələr, "ASAN xidmət"in bu gün Azərbaycanda geniş yayılması və çox məmnunluq hissi yaradacaq xidmətin əldə edilməsini qeyd etdi: "Prezident qeyd etdi ki, Azərbaycanda korrupsiya riski sıfıra endirilib. Bu gün 30-dan çox dövlət xidmətinin "ASAN xidmət" vasitəsilə həyata keçirilməsi bir nümunədir və AŞ PA-nın baş katibi Azərbaycana gəlişində də özü həmin mərkəzlərin birində oldu və bunun canlı şahidi oldu. Hesab edirəm ki, korrupsiya ilə bağlı aparılan islahatları bu fakt ciddi şəkildə nümayiş etdirdi və cənab Prezident bunu qeyd etdi".

A.Quliyevin sözlərinə görə, cənab Prezidentin çıxışında üçüncü qeyd olunan məqam ondan ibarət idi ki, Azərbaycanda sərbəst toplaşma azadlığı var, istənilən siyasi birlik bu toplantını keçirə bilər: "Hesab edirəm ki, bunun özü də avropalılar üçün maraq kəsb edən məlumat oldu. Çünki bir çox qurumlar Azərbaycan haqqında mənfi rəy yaratmaq üçün tam bu faktların əksinə, yalanla dolu və qərəzli şəkildə hesabat hazırlayıb Avropa Şurasının üzvlərinə göndərirlər".

Şura sədri cənab Prezidentin Azərbaycanda siyasi məhbusların olmaması ilə bağlı mövqeyini tam müdafiə etdiyini bildirib: "Cənab Prezident çox yaxşı qeyd etdi ki, Azərbaycanda bütün məhkəmə instansiyalarını keçdikdən sonra hər bir vətəndaşın Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququ var. Heç kim Azərbaycanda siyasi dünya görüşünə, ictimai fəaliyyətinə, yaxud da jurnalist fəaliyyətinə görə həbs olunmur. Hesab edirəm ki, həqiqətən də cənab Prezidentin bu məsələləri bir daha Avropa Şurasının üzvlərinə çatdırması ölkəmiz haqqında həmin şəxslərdə bir daha əsaslı və geniş təəssürat yaratdı və bu məlumatı birbaşa dövlət başçısından eşitdilər".

A.Quliyev bildirib ki, ümumiyyətlə, Azərbaycan Prezidenti öz çıxışında Azərbaycanın keçdiyi inkişaf yolunu, müasir inkişaf səviyyəsini, gələcək dövr üçün prioritetlərini sistemli şəkildə təhlil etdi.


Müəllif: