25 İyun 2014 18:11
501

"Xalqımız hər il 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Gününü böyük ruh yüksəkliyi ilə qeyd edir. Çünki ordu bizim qurur mənbəyimizdir".

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra bütün sahələrdə olduğu kimi orduya da milli kadrların hazırlanmasına xüsusi diqqət yetirdi. Onun sözlərinə görə, bunun nəticəsidir ki, o dövrdə Azərbaycandan kənarda müxtəlif ixtisaslar üzrə təhsil almaq üçün göndərilən gənclər içərisində ordu zabitlərinin hazırlığı da əhəmiyyətli yer tutub: "Atılan bu addım isə perspektivdə öz rolunu oynadı. O cümlədən, Ulu öndər Heydər Əliyevin birbaşa təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına lisey yaradılması da milli hərbi kadrlarımızın hazırlığında ciddi dönüş nöqtəsi sayıla bilər".

Onun sözlərinə görə, müstəqillik illərində əhəmiyyətli addımlar da Ümummilli lider Heydər Əliyev tərəfindən atılıb: "O, Azərbaycanda ordu quruculuğuna əhəmiyyətli yer verib. Heydər Əliyevin ordu quruculuğu siyasətinin əsasında ilk növbədə vahid mərkəzdən idarə olunan silahlı qüvvələrin yaradılması, qeyri-qanuni silahlı birləşmələrin ləğvi, ordunun maddi-texniki təhcizatının yüksək səviyyəyə qaldırılması, ordunun milli kadrlarla təminatının həyata keçirilməsi və dünya standartlarına uyğun silahlı qüvvələrin formalaşdırılması dayanırdı. Bütün bunların nəticəsində Azərbaycanda qısa zaman çərçivəsində nizami ordu formalaşdırılıb. Yaradılmış ordumuz nəticə etibarilə öz sözünü deyə bilib. 1994-cü ilin may ayında atəşkəsin elan edilməsinə qədər gedən hərbi əməliyyatlarda Heydər Əliyev tərəfindən yaradılan Azərbaycan Ordusu öz sözünü dedi, döyüşlərdə düşməni geriyə oturtmağa qadir oldu".

M.Qurbanlı qeyd edib ki, Azərbaycan Ordusu dünya standartlarına uyğun formada təşkil edilmiş ordudur. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən güclü ordusu olduğunu deyən millət vəkilinin sözlərinə görə, Prezidentimiz cənab İlham Əliyev Azərbaycanda ordu quruculuğuna və ordumuzun maddi-texniki bazasının gücləndirilməsinə, zabitlərimizin sosial vəziyyətinin yaxşılaşdırılmasına, əsgərlərin bütövlükdə hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə çox ciddi əhəmiyyət verir.

YAP rəsmisi qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, qəbul olunmuş qanunlar, o cümlədən dövlət başçısının imzaladığı fərman və sərəncamlar sayəsində ordumuzun müasir tələblərə uyğun şəkildə qurulması üçün əhşəmiyyətli addımlar atılıb: "Bu gün Azərbaycan Silahlı Qüvvələri xalqımızın ordu ənənələrini davam etdirir. Ordumuz bizim fəxrimiz, gücümüzdür və orduya diqqət hər bir vətəndaşın vəzifəsidir. Biz erməni təcavüzkarlarına qarşı mübarizədə milli dyərlərimizə, milli ordumuza, milli iqtisadiyyatımıza və Ali Baş Komandanımız İlham Əliyevə istinad edərək irəliyə getməkdəyik. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır".


Müəllif: