22 Aprel 2014 13:59
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rufiz Qonaqov: "Qeyri-hökumət təşkilatı öz fəaliyyətində şəffaf olmalıdır"

Gülsel Səfərova: "Onların bu kimi fəaliyyəti ictimai qınaq obyekti olmalıdır"

Anar Xəlilov: "Bu təşkilatlar siyasi partiyaların ətrafında peyk kimi yaradılıb"

Bir neçə gün öncə mətbuatda yer alan məlumatlara görə, müxtəlif dönəmlərdə Qərbə bağlı təşkilatlar tərəfindən Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarına 14 milyon dollar vəsait ayrılıb. Araşdırmada qeyd olunur ki, həmin vəsaitlər ölkədə yalnız hakimiyyətə qarşı olan təşkilatlar üçün xərclənilib və məqsəd Azərbaycanda xaotik vəziyyət yaratmaq olub.

Bu barədə ölkədə fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatları nə düşünür?
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov bildirib ki, əvvəllər də Azərbaycanda xarici kəşfiyyat və yaxud ölkələrin müəyyən planlarını həyata keçirmək üçün bir sıra QHT-lərə maliyyə ayrılıb. Onun sözlərinə görə, bunun qarşısı hüquq-mühafizə orqanları
tərəfindən zaman-zaman alınıb:

"Bu gün də belə faktlar ortaya çıxırsa və açıqlanırsa, bu təəssüfləndirici bir haldır. Ukraynada baş verən
iğtişaşların və ya dövlət əleyhinə mitinqlərin Azərbaycanda təkrarlanması üçün ayrılan bir vəsait olduğu göstərilir. Ukraynadakı hadisələrin Azərbaycanda təkrarlanması mümkün deyil. Azərbaycan QHT-lərinin xarici kəşfiyyat ilə əlbir olub, öhdəlik götürərək ölkəmizdə hansısa bir iğtişaş yaratması da real deyil. Amma belə hallar varsa, bu çox acınacaqlıdır. Çünki hər hansı bir qeyri-hökumət təşkilatı öz fəaliyyətində şəffaf olmalı və Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərməlidir. Xaricdən və daxildən qrant vəsaitlərini QHT-lər ala bilər. Lakin qanun çərçivəsində bunu öz hesabatlarında göstrəməlidir. Əgər bu belə deyilsə, demək, hansısa gizli məqsədlərə xidmət edir".

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova isə deyib ki, son dönəmlərdə radikal müxalifətin nümayəndələri və ya onlara çalışan QHT-lər ümumiyyətlə, heç bir tədbir haqqında mətbuata belə məlumat vermirlər. Onun sözlərinə görə, bu da vətəndaş cəmiyyəti institutları arasında narahatçılıq yaradır:

"Ümumiyyətlə, bu maliyyə siyasidirsə və radikal müxalifət nümayəndələri əsasında QHT-lər formalaşıbsa, onlar ilk növbədə qanun qarşısında cavab verməlidir. Çünki QHT-lər ilk növbədə qeyri-siyasi və qeyri-kommersiya təşkilatlarıdır və heç bir halda siyasi məqsəd güdülməməlidir. Əgər belə bir hal varsa, onlar qanun qarşısında cavab verməlidirlər. Eləcə də, hansısa layihələrin, tədbirlərin hesabatlılığının belə təmin edilməməsi sual doğurur. Çünki adətən yaxşı bir məram olanda mütləq şəkildə mətbuatda yayımlanır. Amma külli miqdarda maliyyə xərclənib və qətiyyən bu barədə ictimaiyyətdə səs-küy yarada biləcək heç bir fəaliyyətləri olmayıb. Mənim gördüyüm odur ki, həmin insanlar daha çox Azərbaycanda dövlətçiliyə qarşı dağınıq işlər görürlər. Bu da daha çox xaotik cəmiyyət yaratmaq fonunda olur. Bu təşkilatların Qarabağla, məcburi köçkünlərin hüquqları ilə bağlı xarici səfirliklərin, beynəlxalq təşkilatların
buradakı nümayədəlikləri qarşısında aksiyası belə olmayıb. Buna görə də birmənalı şəkildə bu insanlar qanun qarşısında cavab versinlər, eləcə də həyata keçirdikləri layihələrin hesabatlarını açıqlasınlar. Hesab edirəm ki, bu QHT-lərin fəaliyyəti ictimai qınaq obyekti olmalıdır".

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib ki, Azərbaycan əleyhinə fəaliyyətdə olan partiyaların heç bir sosial bazası yoxdur. Onun fikrincə, bu təşkilatlar siyasi partiyaların ətrafında peyk kimi yaradılıb:

"Bu QHT-lər vasitəsilə partiyalar xaricdən maliyyələşdirilir. Azərbaycan qanunvericiliyinə görə, siyasi partiyaların xaricdən maliyyələşməsi qadağandır. Radikal müxalif partiyalar həmin QHT-lər vasitəsilə pullar əldə edir və onu da partiyaya yönəldirlər. Bu QHT-lərin haradan, nə qədər pul alması da hər kəsə məlumdur. Həmin beynəlxalq fondlar keçmiş SSRİ məkanında, ərəb ölkələrində, Şərqi Avropada, Orta Asiyada dəfələrlə dövlətçiliyə qarşı iğtişaşlar yaradıblar.

Faktiki olaraq, Azərbaycanda milli azlıqlarla bağlı heç bir problem yoxdur. Amma bu fondlar milli azlıqlarla bağlı külli miqdarda pullar ayırırlar. Eləcə də digər aidiyyatı olmayan sahələrlə bağlı layihələr edir, beş-on adamın şəklini çəkərək milyonlarla pul alır və sonra da onu müxalif siyasi partiyaların fəaliyyətinə yönəldirlər. Artıq neçə illərdir heç bir vergi orqanında həmin partiyaların nümayəndələrinin adı yoxdur, əmək haqqı almırlar. Amma ofisləri, sürücüləri, katibələri və hətta cangüdənləri də var. Bazar iqtisadiyyatı olan dünya ölkələrində işləməyən bir insan nəinki ailəsini, heç özünü saxlaya bilmir".
A. Xəlilov bildirib ki, QHT-lər xaricdən maliyyələşə bilər: "Ancaq bu məsələdə şəffaflıq qorunmalıdır. Bu məsələdə ictimai qınaq böyük rol oynaya bilər. Təklif edərdim ki, Azərbaycanda fəaliyyət göstərən şəffaf QHT-lər xaricdən qrant alan təşkilatların ictimai monitorinqi keçirilsin. Görək ki, bu təşkilatlar həqiqətən, bu layihələri alır, onu lazımi problemə yönəldir və maliyyə hesabatları şəffafdır".

BƏXTİYAR


Müəllif: