27 İyun 2014 18:29
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müqəddəs Ramazan ayının başlanmasına qısa vaxt qalır. Azərbaycanda bu ayın gəlişi ilə inanclı insanlar niyyət edib oruc tutur, iftar süfrələri açırlar.

Ölkənin ictimai- siyasi həyatında fəal olan ziyalılar da bu dini ayindən geri qalmırlar. Bəs görəsən, Azərbaycandakı siyasi partiyalar Ramazan ayı ilə bağlı hansı addımları atacaqlar?

“AXC-nin 25 illiyini iftar süfrəsi ətrafında qeyd edəcəyik”

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Ramazan ayının müsəlmanlar üçün uğurlu olmasını diləyərək qeyd edib ki, hər il olduğu kimi bu il də silahdaşlarımızla bir iftar süfrəsi ətrafında toplaşacağıq. Onun sözlərinə görə, partiya üzvləri ilə birgə az qala 30 ilə yaxındır ki, əhya gecələrinin birində bir araya gəlirik: “Bu il həm də iyulun 25-də Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 25 illiyi Ramazana düşür və bu münasibətlə təntənəli şəkildə bir iftar süfrəsi ətrafında qeyd edəcəyik. İftar süfrəsində ancaq özümüz olacağıq. Lakin yubileylə bağlı planlarımız var. Bunu zamanı gələndə açıqlayacağıq”.

M.Mirəlioğlu deyib ki, partiyada oruc tutanların sayı kifayət qədərdir.

“İslam aləminə məlum olmayan bir neçə məqalə hazırlayıram”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Ramazan ayı ilə bağlı planlarından danışarkən deyib ki, partiyanın rəhbər orqanlarını bir aylığa məzuniyyətə göndərdik. Onun sözlərinə görə, bu addımı atmaqla onlara Ramazan ayını rahat keçirmələri üçün etdik:

“Bu ayın qaydalarına uyğun olaraq hamımız oruc tutmağa hazırlaşırıq. Eləcə də, orucluğun gedişatında iftar süfrələri təşkil edəcəyik. Digər tərəfdən isə özümün yeni təklif elədiyim konstitusiya elmi metodologiyasına uyğun olaraq Qurani-Kərimin tamamilə yeni təfsiri və indiyədək İslam aləminə məlum olmayan bir neçə məqalə hazırlayıram. Həmin məqalələr bu günlərdə qəzetlərdə dərc ediləcək. Bunu da Ramazan ayı ilə bağlı bir tədbir hesab edirəm”.


İftar süfrələrinə başqa siyasi təşkilatlardan insanların dəvət olunub-olunmaması ilə bağlı suala ADP sədri cavabında deyib ki, dəvət məsələsi orucluğun gedişatında bilinəcək. S.Cəlaloğlunun sözlərinə görə, bu həmçinin şərtlərdən asılıdır: “İmkan, şərait, arzu olsa və Allah qəlbimizə belə bir niyyət salsa, təbii ki, başqa siyasilərlə bir iftar süfrəsinə toplaşa bilərik. Misal üçün, keçən il nəzəri olaraq oruc tutmaq istəyirdim. Nədənsə bunu edə bilmədim və mədəmdə ağrılar başladı, qan təzyiqim qalxdı, oruc tuta bilmədim. Amma bu il əksinə mən də bir tələskənlik hissi yaranıb və deyirdim ki, kaş Ramazan ayı tez gələydi, oruc tutaydım. Bu iki müqayisəni aparanda görürəm ki, həqiqətən də, bunların arxasında bir ilahi qüvvə dayanır. İnsanın düşündüyü ilə iddiası arasında müəyyən bir müdaxilə də var. Bütün bunlar göstərir ki, orucluqla bağlı plan tutmaq, əvvəlcədən söz demək heç Ramazan ayının hikmətinə uyğun deyil”.

“Dindar olmağımız forslanmaq deyil”


Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı qeyd edib ki, texniki problemlər ucbatından Ramazanla bağlı tədbirlər keçirmək istəsək də, buna imkanımız yoxdur. Onun sözlərinə görə, partiya üzvləri ilə birgə maarifləndirici tədbirlər keçiririk və iftar süfrələrində bir araya gəlirik: “Amma ictimai tədbirlər keçirmək imkanımız yoxdur”.

T.Abbaslı əlavə edib ki, iftar süfrəsini kim verirsə, o insan öz qohum-əqrəbasını, başqa partiyalardan olan insanları dəvət edə bilər: “Biz bu məsələdə ayrıseçkilik eləmirik. Söhbət ondan gedir ki, dindar olmağımız cəmiyyətdən təcrid olunmaq və ya forslanmaq deyil. Eyni zamanda hamı ilə birgə olmaq, ictimai-siyasi hadisələrə münasibətdir”.

BƏXTİYAR


Müəllif: