1 İyul 2014 11:21
487

Rəsul Quliyev: "Xətai İran şahlarından biri olub"

Sərdar Cəlaloğlu: "Xətaini ittiham etmək milli-mənlik şüurunun aşağı olmasından xəbər verir"

Eks-spiker, Açıq Cəmiyyət Partiyasının sabiq lideri Rəsul Quliyev Azərbaycanın görkəmli sərkərdəsi, Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətai ilə bağlı bəzi tarixi faktları təhrif edib.

Belə ki, R.Quliyev Şah İsmayıl Xətainin İran şahı olduğunu iddia edib. O həmçinin Şah İsmayılı bölgədə şiə təriqətini yaymaqda suçlayıb:

"Şah İsmayıl Xətaiyə gəldikdə, bəli, o, tanınmış İran şahlarından biri olub. Əsas məqsədi şiəçiliyi inkişaf etdirməklə hakimiyyətini gücləndirmək olub. Ona görə də dünyada yaşayan 1 milyard 400 min müsəlmanın 1 milyard 100 milyonu şiəçilik ideyasının, başqa sözlə, Şah İsmayıl Xətainin əleyhinədir. Ondan 200 il sonra İranın türk mənşəli, "Şərqin Napaleonu" adlandırılan, həm də min illiyin ən qüdrətli sərkərdələrindən biri olan Nadir şah da şiələrlə sünnilərin arasında müəyyən körpü yaratmaq, fundamentalizmdən uzaqlaşmaq istəyib, ancaq terrorla öldürüldüyündən işini başa çatdıra bilməyib".

"Onda başqalarının tariximizə əl uzatmasına nə deyə bilərik?"

Uzun illər Rəsul Quliyevlə bir yerdə çalışmış Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun fikrincə, Şah İsmayıl Xətaini İran şahı adlandırmaq yanlışdır:

"Xətai tarixdə Səfəvilər imperiyasının banisi kimi tanınır. Demək olar ki, heç kəs onu İran şahı kimi tanımır. Rəsul müəllim niyə elə deyir, başım çıxmır. Özümüz öz dövlət xadimlərimizi başqa bir dövlətin və millətin başçısı kimi təqdim ediriksə, onda başqalarının bizim tariximizə əl uzatmasına nə deyə bilərik? İran anlayışı coğrafi anlayışdır və 1920-ci illərə qədər, ümumiyyətlə İranda mövcud olan hakimiyyətlərin heç biri o adla tanınmayıb. Pəhləvilər hətta İran adlandırmırdı. Təxminən 500 il Cənubi Azərbaycanda Azərbaycan türklərinin sülaləsi əvvəlcə Səfəvilər, sonra Əfşarlar və Qacarlar olub. Bütövlükdə dünya tarixində böyük iz buraxıblar. Azərbaycan xalqının bu gün formalaşmasında və dövlət qurmasının əsasında əslində məhz Şah İsmayıl Xətai, Nadir şah və Qacarın dövlətçilik təcrübəsi, onların apardığı işlər durur, ərazilərimizin müəyyənləşməsi məhz həmin sülalələr dövründə olub. Azərbaycan türkünün türk kimi ayağa qalxması və dünya xalqları arasında özünə yer tutması yenə həmin dövrdə olub. Ona görə də düzgün ideologiya seçiminə görə Şah İsmayıl Xətaini ittiham etmək, fars millətinin nümayəndəsi kimi təqdim etmək milli-mənlik şüurunun aşağı olmasından xəbər verir. Tarixə bu cür sxematik yanaşma doğru deyil. Rəsul müəllimin dinə münasibəti mənfidir. Ona görə də Şah İsmayılı məhz dini ideologiyaya görə tənqid edir".


"İnsanı ideologiya seçiminə görə qınamaq təftişçilikdir"

ADP sədrinin sözlərinə görə, şiə Həzrət Əlinin tərəfdarlarının ümumi adı olub: "Sonradan İmam Cəfərin vaxtında formalaşmış təriqət halına gətirilib. Şah İsmayıl Xətai də XIV-XV əsrdə yaşamış bir adamdır. Siyasi hakimiyyət yaratmaq istəyirdi, ətrafda isə sünni məzhəbində olan Osmanlı imperiyası, o biri tərəfdə Teymurilər vardı. Belə bir tarixi coğrafiyada Səfəvilər sülaləsinin əsasını qoymaq və öz dövlətini yaratmaq üçün çox ciddi ideologiyaya ehtiyac vardı. O, şiəlik təriqətini götürdü, inkişaf etdirdi və dövlət ideologiyasına gətirib çıxardı".

S.Cəlaloğlu qeyd etdi ki, milli dövlətlərdən fərqli olaraq imperiyalar ideologiyasız mövcud ola bilmir:

"Xətai öz dövrünün şərtlərinə görə ən ideal yol seçmişdi. Şah İsmayılın heçdən bir imperiya yaratması sübut elədi ki, o, düz edib. O, 400 illik davam edən bir sülalənin əsasını qoyub və dünyada ən böyük imperiyalardan birini yaradıb. Karl Marks Xətaini dünyanın ən böyük fatehlərindən biri kimi xarakterizə edib. Hakimiyyətinin qısa dövründə dünyanın ən böyük ərazisinə malik, ən güclü və özünəməxsus dövlətçilik sistemi olan bir dövlət yarada bildi. Azərbaycan siyasi tarixində çox böyük fövqəladə nailiyyətlər əldə etmiş insanı ideologiya seçiminə görə qınamaq təftişçilikdir. O vaxt İslam və mədəniyyətlərarası münasibət indiki kimi deyildi. Mənə elə gəlir ki, ən böyük siyasətçi kimi uzaqgörənliyi ondan ibarət oldu ki, məhz şiəliyi yaratmaqla bölgədə böyük Azərbaycan türkünün imperiyasının əsasını qoya bildi".

NƏRGİZ


Müəllif: