2 İyul 2014 11:59
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ATƏT PA-nın qəbul etdiyi qərarların effektiv icra mexanizmini tapa bilməməsi hamımızı narahat edir və bu uzun müddətdir ki, müzakirə mövzusudur".

Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü, təşkilatın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev ATƏT PA-nın Bakıda keçirilən 23-cü yay sessiyası çərçivəsində iyulun 2-də keçirilən müzakirələr zamanı deyib.

10 ilə yaxındır ATƏT PA-nın işində iştirak etdiyini deyən A.Quliyev bildirib ki, bu müddət ərzində qəbul olunmuş qərarların icrasında çətinliklər movcud olub: "Bu, hamını narahat etsə də, bununla bağlı qəti qərar verə bilmirik. Bunun üçün effektli mexanizm tapa bilmirik. Bəzən dialoqdan danışırıq. Təəssüflər olsun ki, biz bu dialoqu da yüksək səviyyədə təşkil edə bilmirik".

A.Quliyev hesab edir ki, bu gün parlamentarilər, beynəlxalq təşkilatlar və dövlətlər arasında ciddi dialoqa ehtiyac var: "Bir çox məsələlərdə biz dialoqu daha da genişləndirməliyik. Ona görə də hesab edirəm ki, ATƏT PA gələcəkdə hökumətlərlə istənilən mövzuda dialoqa hazır olmalıdır. Biz bu sessiya çərçivəsində vətəndaş instituları ilə bağlı bir sıra görüşlər keçirdik. Hesab edirəm ki, Azərbaycanda keçirilən bu görüşlər yaxşı bir nümunə oldu. Azərbaycan hökuməti bundan sonra da vətəndaş cəmiyyəti institutları ilə dialoqu davam etdirəcək və inanırıq ki, ATƏT PA da bu işə öz töhfəsini verəcək".


Müəllif: