2 İyul 2014 17:34
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asəf Hacıyev: “Avropada obyektiv düşünən insanların sayı artmaqdadır”

“Artıq informasiya müharibəsində Azərbaycan işğalçı Ermənistanı üstələyib. Bunun nəticəsidir ki, bəzi beynəlxalq təşkilatlarda, ölkələrin parlamentlərində Dağlıq Qarabağ problemi ilə bağlı obyektiv sənədlər qəbul edirlər”. Teleqraf.com xəbər verir ki, bu fikirləri yap.org.az saytına müsahibəsində Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev deyib.

A.Hacıyev bildirib ki, Azərbaycan doğru yol tutub və bu yol ilə gedir. Onun sözlərinə görə, dünyada bu gün güc iqtisadiyyatın, informasiya-kommunikasiya texnologiyalarının inkişafında özünü ifadə edir. Bu baxımdan Azərbaycan doğru yoldadır:

“Cənubi Qafqaz regionunun iqtisadiyyatının 75-80 faizi Azərbaycana məxsusdur. Amma bununla arxayınlaşmaq olmaz. Əsas odur ki, Azərbaycan inkişaf edir. Prezident İlham Əliyevin siyasəti Azərbaycanı böyük addımlarla irəli aparır. Azərbaycan dünyanın ən inkişaf edən ölkələri sırasındadır. Azərbaycanın əsas hədəfi odur ki, inkişaf etmiş ölkələrin sırasına qoşulsun. Yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə enib. Dünyada, xüsusilə Asiyada ölkəmizin bu nəticəyə gəlib çıxmasını təəccüblə qarşılayır və bizim inkişaf modelimizdən istifadə etməyə çalışırlar. Təbii ki, belə bir şəraitdə Azərbaycanın güclənməsini istəməyən xarici qüvvələr ikili standartlardan istifadə edir, ölkəmiz haqda mənfi rəy yaratmağa cəhd göstərirlər. Amma onlar istədiklərinə nail ola bilmirlər və bizim dinamik inkişafımız belə qüvvələrə tutarlı cavabdır”.

ATƏT PA-nın Bakıda keçirilən yay sessiyası barədə öz fikirlərini bölüşən A.Hacıyev deyib ki, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə prezidenti Didye Burkhalter özünün geniş çıxışının böyük hissəsini Ukrayna məsələsinə həsr edib: “Dağlıq Qarabağ probleminə gəlincə isə bir neçə kəlmə söz dedi. O bildirdi ki, Minsk qrupu işləyir, kompromis, xalqlar bir-birinə yaxın olmalıdır və s. Yəni bu ümumi sözləri tez-tez eşidirik. Nə kompromis olmalıdır? Prezidentimiz deyib ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək, heç kimə bir qarış torpaq güzəştə gedilməyəcək. ATƏT PA-nın keçmiş sədri Joao Suareş isə çıxışında haqlı olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyini vurğuladı. İclasdan sonra ona yaxınlaşıb bu çıxışına görə təşəkkür etdim O isə mənə dedi ki, bu məsələdə heç kimin tərəfini tutmayıb, sadəcə, reallıqları ifadə edib. Göründüyü kimi Avropada obyektiv düşünən insanların sayı artmaqdadır. Ona görə də, Avropanın siyasi mühiti ilə işimizi davam etdirməliyik ki, belə insanların sayı daha da artsın. Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artıb, ölkəmizə hörmətlə yanaşırlar. Bu, neft və qaza görə deyil, ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynasa da, həmçinin, dünya tərəfindən qəbul olunan siyasət həyata keçirir. Azərbaycan sülhsevər siyasət həyata keçirir. Ona görə də, bizim beynəlxalq əlaqələrimiz güclənir”.

YAP-ın beynəlxalq əlaqələrinin bugünkü səviyyəsi haqqında da danışan deputat hakim partiyanın beynəlxalq əlaqələrini bir neçə istiqamətdə inkişaf etdirdiyini vurğulayıb: “İlk növbədə, deyim ki, YAP Avropanın müxtəlif siyasi təşkilatları ilə əməkdaşlıq edir. Onlardan biri Mərkəzçi Beynəlxalq Demokratlar Təşkilatıdır. Bundan əlavə, partiyamızın Avropa Xalqları Partiyası ilə də yaxşı münasibətləri var. Biz hər iki təşkilatla sıx əməkdaşlıq edirik. Asiya istiqamətində isə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının – İCAPP-ın üzvüyük. İCAPP-a 350-yə yaxın siyasi partiya daxildir. Onlar həm müxalifəti, həm də iqtidarı təmsil edirlər. İCAPP-ın rəhbər orqanı olan Daimi Komitənin 22 üzvü var ki, YAP onların sırasındadır. Bu qurumda həmçinin, Yaponiya, Cənubi Koreya, Vyetnam, Rusiya kimi böyük ölkələrin partiyaları var. MDB-dən isə bu təşkilatda yalnız Azərbaycan, Rusiya və Qazaxıstanın siyasi partiyaları təmsil olunur. Təbii ki, bu amil partiyamızın gücünün və nüfuzunun ifadəsidir. Yəni bütün bunlar göstərir ki, YAP-ın beynəlxalq əlaqələri bir çox istiqamətlərdə inkişaf etməkdədir. Sentyabr ayında Şri-Lankada təşkilatın Baş Assambleyası keçiriləcək. YAP nümayəndə heyəti bu tədbirdə iştirak edəcək. Həmin toplantıda biz çıxış edərək ölkəmizin reallıqları, o cümlədən Dağlıq Qarabağ problemi ilə bağlı vəziyyəti dünya ictimaiyyətinin diqqətinə çatdıracağıq. Ümumiyyətlə, Azərbaycan bu gün həm Avropa, həm də Asiya üçün çox cəlbedici ölkədir”.

Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında AMEA-nın həqiqi üzvü seçilən A.Hacıyev seçki prosesi barədə də öz fikirlərini bölüşüb: “Bilirsiniz ki, sözügedən iclasda AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilib. Akademiyanın həqiqi üzvlüyünə 43, müxbir üzvlüyünə isə 265 nəfər namizəd irəli sürülmüşdü. Səsvermə nəticəsində 26 həqiqi və 50 müxbir üzv seçilib. Seçkilər istər hüquqi, istərsə də texniki baxımdan müasir tələblərə uyğun və şəffaf şəkildə keçirildi. Təbii ki, seçkinin nəticələri həmin insanların elmi fəaliyyətinə verilən qiymətdir. Eyni zamanda mən bir məqamı da vurğulamaq istəyirəm ki, AMEA-nın yeni seçilmiş həqiqi və müxbir üzvlərinin əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləridir”.

A.Hacıyev bildirib ki, AMEA-nın ümumi yığıncağında bir sıra məsələlər müzakirə olunub, akademiyanın yeni nizamnaməsi qəbul edilib: “Çünki bu inkişaf şəraitində nizamnamənin də yeniləşməsi zərurət idi. Bundan əlavə, yığıncaqda “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” müzakirə edilərək qəbul olundu. Konsepsiyada elmi fəaliyyətin yeni əsaslarla təşkili, tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması və elmi infrastrukturun müasirləşdirilməsi kimi mühüm məsələlər nəzərdə tutulur. Maliyyələşdirmə mexanizmləri, maddi-texniki və normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin beynəlxalq elm məkanına inteqrasiya da konsepsiyada elmin inkişafına xidmət edən hədəflərdəndir”.

Səxavət


Müəllif: