3 İyul 2014 16:49
1 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Sovetin sabiq deputatı, keçmiş təhsil naziri, professor Firudin Cəlilovun səhhəti ilə bağlı Milli Məclisin dörd deputatının ölkə başçısına müraciəti hələ ki cavabsız qalıb.

Bu barədə Teleqraf.com-a deputat Fazil Mustafa məlumat verib. Onun sözlərinə görə, hazırda Firudin Cəlilovun səhhətində çox ciddi problemler yaranıb və həyati təhlükənin qarşısının alınması üçün dərhal əməliyat olunmalıdır: “Buna görə də ölkə prezidentinə 3 deputat həmkarımla birgə müraciət etmişik. Bu, xırda əməliyyat məsələsi deyil ki, hansısa formada ayrı-ayrı şəxslərin kiçik dəstəyi ilə həyata keçirmək mümkün olsun. Firudin müəllim ürək-damar sistemindəki problemlərlə əlaqədar Rusiyada və Türkiyədə bir neçə dəfə cərrahiyyə əməliyyatı keçirib. Sonuncu əməliyyat Türkiyədə Bayındır Sağlıq Qrupunda 2013-cü ilin martın 20-də aparılıb”.

Qeyd edək ki, F.Mustafanın təşəbbüsü ilə Prezident İlham Əliyevə edilən müraciətə deputatlar İlyas İsmayılov, Sabir Rüstəmxanlı və İqbal Ağazadə qoşulub.

Müraciətdə Prezidentdən Firudin Cəlilovun türkologiya sahəsindəki xidmətlərinə görə Türk Dil Qurumunun fəxri üzvü olması, təhsil sahəsində apardığı islahatlara görə akademik Yusif Məmmədəliyev adına mükafata layiq görülməsi, müstəqilliyimiz uğrunda mübarizədə fəal iştirak etməsi, Azərbaycan dilinə və tarixinə aid çoxsaylı kitabların müəllifi olması, millət vəkili olduğu dövrdə “Elm, təhsil və dil” komissiyasının sədri olaraq, onun təşəbbüsü ilə dövlət atributlarının - latın qrafikalı əlifbanın bərpası və dövlət himninin parlamentdə qəbul olunması, müxtəlif illərdə Azərbaycanın baş nazirinin müavini və təhsil naziri vəzifələrində çalışması nəzərə alınaraq, onun xaricdə müalicəsinə köməklik göstərilməsi xahiş edilib.

Nərgiz


Müəllif: