4 İyul 2014 11:18
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsgəndər Həmidov: “Onları Qarabağda vuruşmağa səsləyirəm”

“Qurultaya hazırlıq üçün işlərimizi aparırıq. Nəzərdə tuturuq ki, qurultayımızı sentyabrın sonlarında keçirək. Ümid edirik ki, qurultayımızın keçirilməsi məsələsində yer problemi olmayacaq. Biz qurultaya bir ay qalmış Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik. Ancaq sizə deyim ki, qurultaya hazırlaşmaq, bu ali tədbiri keçirmək asan proses deyil. Bir çox hallarda çətinliklər yaranır. Əlbəttə, iş görmək üçün maliyyə lazımdır, bu isə bizdə yoxdur. Amma bütün bu çətinliklərə baxmayaraq, çalışacağıq ki, bu işi sona çatdıraq”.

Bunu sabiq daxili işlər naziri, Millətçi Demokrat (Bozqurd) Partiyasının sədri İsgəndər Həmidov deyib.
Həmidov eyni zamanda bildirib ki, son günlər İraqın şimal hissəsində, ələlxüsus Mosul, Kərkük, Diyalə və digər türk yerlərində yaşananlar onun ürəyini ağrıdır:

“Orada bizə xoş olmayan proseslər gedir. Böyük xarici dövlətlərin apardığı bu oyunun son məqsədi bu ərazilərdə müstəqil kürd dövlətini qurmaqdır. Bu da orada yaşayan türkmənlər üçün çox pis fəsadlar verir. Hazırda türkmənlər orada evlərini qoyaraq qaçırlar. Bu situasiya mənə çox pis təsir edir. Hesab edirəm ki, bu məsələnin həlli, türkmənlərin düşdüyü bu ağır vəziyyətdən çıxmanın yolu Türkiyənin bu məsələlərə müdaxiləsi ilə baş tuta bilər. Çünki Türkiyə NATO-nun üzvüdür. Bu hərbi alyansın üzvləri bilməlidirlər ki, İraqla Türkiyə arasında buffer zonada kürd dövlətinin yaradılması Türkiyəyə qarşı olan aktdır. NATO məramnaməsinə görə, bu alyansa üzv olan istənilən dövlətə təhlükə varsa, bu zaman bütün NATO üzvləri bu prosesə qarşı olmalıdır. Məncə, bu amildən Türkiyə tərəfi istifadə etməlidir".

İsgəndər Həmidov hesab edir ki, indi Türkiyənin siyasətində xarici amil üstünlük təşkil edir: “Fikrimcə, ABŞ-ın təsiri daha çoxdur. Ona görə də Türkiyənin tutduğu mövqe məni qane etmir. Zənnimcə, Türkiyə daha qətiyyətli addım atmalı, lazım olsa bu əraziyə silahlı qüvvələr yeritməlidir. Çünki ərazidə xilafət qurmaq adı altında kürd dövləti yaradılır. Fikrimcə, bu gün Türkiyə ciddi tədbirlər görməsə, gələcəkdə daha pis durumla üzləşə bilər".

İraq Şam İslam Dövlətindən danışan sabiq nazirin sözlərinə görə, bu qeyri-ciddi qurumdur və siyasi məqsədlər naminə edilir. Onun fikrincə, vaxtilə SSRİ-nin patronluğu altında PKK yaradılıb, sonra bu qurum qərbin əlinə keçdi:

“İraq Şam İslam Dövləti deyilən qurumdan da indi türk-müsəlman aləminə qarşı domokl qılıncı kimi istifadə olunur. Ancaq İŞİD adlanan qurumun islam dininə zərrə qədər də aidiyyəti yoxdur. Qurana görə, ən böyük günah möminin başqa mömini qətlə yetirməsidir. Bunlar "allahu əkbər" sədası altında müsəlmanları qətlə yetirirlər. Bunun dinə aidiyyəti yoxdur. Onlar hansısa xarici güclərin əlində alətə çevrilən qruplardan ibarətdir. Quranın Əl-Bəqərə surəsinin 255-ci ayəsinə görə İslamda məcburiyyət yoxdur. Həmin surənin bir başqa ayəsində yazılır ki, bir insanın qəlbinə nahaqdan dəymək bəşərin qəlbinə dəyməkdir. İslamda insana çox yüksək qiymət verilir, amma bunlar insanları qətlə yetirir və sonra da deyirlər ki, biz müsəlman əhliyik".

Millətçi Demokrat Partiyasının Təşkilat Komitəsinin sədri diqqəti İŞİD-ın tərkibində döyüşən azərbaycanlılara çəkərək bildirib ki, onları İraqda türkmənlərin qanını tökməyə deyil, Qarabağda vuruşa səsləyir: “Əgər onlar müharibə axtarırlarsa, bizim müharibə etməyə yerimiz Qarabağdır. Torpaqlarımız işğal altındadır. 5-10 manata görə yalançı siyasi fikirlərə aldanıb özlərini məhv etməsinlər. Bu məsələlərin onsuz da İslama aidiyyəti yoxdur. Bizim silaha sarılmalı olacağımız yeganə yer Dağlıq Qarabağ ola bilər".

CAVİDAN


Müəllif: