5 İyul 2014 21:51
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eldəniz Quliyev: “Bu adam mənim üçün sirdir”'

Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn “Yeni Müsavat” qəzetinə verdiyi müsahibə zamanı Milli Şura, ölkə müxalifəti haqqında maraqlı fikirlər işlədib, eləcə də, diqqət çəkən sözləri ilə yadda qalıb.

Pənah Hüseyn vurğulayıb ki, son illərin ən ciddi hadisələrindən olan Ziyalılar Forumu faktiki olaraq dağılıb, maraqlı ideyalardan olan “EL” Birliyi davamlı böhran zolağına düşüb, Milli Şurada qalmaqda davam edən partiyaların, eləcə də, digərlərinin fəaliyyəti durğunluq vəziyyətinə düşüb.

“Pənah Hüseyn nəzəriyyə ilə məşğul olur”

Pənah Hüseynin Milli Şura, Ziyalılar Forumu və “El” Hərəkatı ilə bağlı fikirlərinə “El”in Ali Məclisinin sədri, Milli Şuranın Koordinasiya üzvü Eldəniz Quliyev cavab verib.

E.Quliyev qəzetimizə açıqlamasında bildirib ki, Pənah Hüseyn artıq praktiki siyasətdən uzaqlaşır və siyasi nəzəriyyə ilə məşğul olur: “Onun nəzəri fikirləri real siyasi mühitlə təzadlar təşkil edir. Əslində, onun özü partiya sədridir. Məsləhət vermək çox asan, iş görmək çətindir. Milli Şura yarananda da, böhrana düşəndə də belə məsləhətlərini əsirgəməzdi. Amma tamaşaçı kimi dayanıb kənardan baxdı. Mən də tamaşaçı kimi hansısa futbolçuya irad tuta bilərəm. Hesab edirəm ki, Pənah Hüseynin yanaşması səhvdir. Milli Şura fəaliyyət göstərir, yeganə və real qurumdur ki mübarizə aparır”.

E. Quliyev Pənah Hüseyinin “İbrahimbəyovun vahid namizədliyi müxalifətin əleyhinə işlədi” fikrini də tənqid edib: “Bu, polemika tələb edən söhbətdir. İbrahimbəyovun vahid namizədliyi ideal model idi. Son 20 ildə ilk dəfə imkan tapılmışdı və nəticə gözlənilən idi. Bir çox hallarda elə Milli Şuranın içində və ətrafında olan insanların vasitəsilə də bu ideyaya zərbələr vuruldu. Odur ki, Pənah Hüseynin fikirləri ritorik səslənir və mübahisə yaradır”.

“Partiyalar müxalifəti parçalayır”

Pənah Hüseyni kəskin tənqid edən Eldəniz Quliyev bildirib ki, əgər sabiq baş nazir ideoloji baxımdan yaxın olan partiyaların birliyini vacib sayırsa, ilk növbədə öz partiyasını buraxıb Müsavata üzv olmalıdır: “Niyə gedib özünə partiya yaratdı? Bu adam Müsavat Partiyası ilə eyni cür düşünürsə, onun daxilində olsun. AXCP və KXCP, demək olar ki, eyni ideoloji məqsədə xidmət edir. Qoyun bir yerdə olsunlar.

Amma təəssüflər olsun ki, bu partiyalar bir-biri ilə çəkişir. Bəlkə də, demokratik müxalifəti parçalamaqda əsas rolu elə əsas müxalifət partiyaları yerinə yetirir. Əgər Pənah Hüseyn nəzəriyyə ilə məşğuldursa, bu ayrı məsələ, yox əgər praktik siyasətlə məşğuldursa, buyurub reaallığı inkar etməsin”.

Pənah Hüseynə təklif etmişdik ki...

Eldəniz Quliyev Ziyalılar Forumu və “El”in böhranda olması haqda iddialara da kəskin reaksiya verib: “Böhran sözünü Pənah Hüseyn və silahdaşları o qədər işlədiblər ki, artıq bu söz məndə qıcıq yaradır. Böhran nə deməkdir: Bəli, bizim müxalifət böhran, alov və yanğın içindədir. Ziyalılar Forumunu böhrana niyə bağlayırlar? Rafiq Əliyev bir müsahibə verdi. Bu müsahibənin Pənah Hüseynin partiyasından 8 dəfə ağırlığı oldu. Bu necə böhran ola bilər? Ramiz Rövşənin bir şeiri bir neçə partiyanın gördüyü işdən daha effektli olur. Fikrimcə, bu absurd yanaşmadır. EL Hərəkatına gəldikdə, deyim ki, bu qurum qurultay ərəfəsindədir. Çox güman ki, heç kimin ağlına gəlməyən yeni mübarizə və təfəkkür sistemi fəlsəfəsini ortaya qoyacaq. Ümumiyyətlə, siyasi partiya lider və funksionerləri arasında digərini tənqid etməklə gündəmdə qalmaq, ortada şou yaratmaq tendensiyası görünür. Mən bunun əleyhinəyəm. Hərə öz işi ilə məşğul olsa, işlər yaxşı gedər. Vaxtilə Pənah Hüseynə təklif etmişdik ki, Milli Şuraya gəlsin. Ancaq onun bu prosesdən kənarda qalması, Milli Şuraya qoşulmaması mənim üçün bir sirdir. Həmin ərəfədə bəzi şəxslərin kənarda qalması məndə təəccüb yaratdı”.

Sonda sabiq baş nazirin “Müsavat” seçki blokunun yaranması ideyasına da Milli Şura təmsilçisindən maraqlı cavab gəlib: “Pənah Hüseynin bu təklifinə haqq qazandıra bilmərəm. Mən buna o zaman haqq qazandıra bilərəm ki, Pənah Hüseyn sədri olduğu partiyanı ləğv edərək Müsavata üzv yazılsın. Bu adam kənarda qalır, müxtəlif şərhlər verir və sözün açığı adamı bir qədər də narahat edən təhlillər verir”.

CAVİDAN


Müəllif: