7 İyul 2014 12:51
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkənin təhlükəsizliyi üçün güclü orduya ehtiyac danılmazdır. Ordunun gücü, başqa şeylərlə yanaşı, onun intizamından çox asılıdır. Ən müasir silahlarla təchiz olunmuş, ən cəsarətli adamlardan toplanmış orduda intizam olmasa, belə ordu məğlubiyyətə məhkumdur. Ölkənin təhlükəsizliyi, ölkədə yaşayan inanclı insanların dini azadlıqları üçün də çox vacibdir. Təhlükəsizlik olmasa, azadlıq da olası deyil. Ona görə, əslində, inanclı insanlar bu məsələyə anlayışlı, təmkinlə yanaşmalıdırlar. Ordu, hamımızın rahatlığı üçündür, amma orduda xidmət rahat iş deyil”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri REAL-ın sabiq Məclis başqanı Erkin Qədirli orduda dini ayinlərin məhdudlaşdırılmasıyla bağlı yayılan xəbərləri şərh edərkən bildirib.

Onun fikrincə, ordumuzda dini ayinlərə riayətlə bağlı yarandığı söylənilən çətinliklər ordunun çağırışçı olmasıyla əlaqəlidi:

“Çağırışçı ordu məcburiyyət vasitəsilə formalaşdırılır. İnsanları, vərdiş etdikləri rahatlıqlardan qoparıb, heç istəmədikləri mühitə salırlar. İnkişafın məntiqi göstərir ki, çağırışçı ordular hətta hərbi baxımdan cəmiyyətin ehtiyaclarını ödəməkdə böyük çətinliklər çəkirlər. Çünki peşəkar deyillər. Peşəkar ordu - müqavilə əsasında formalaşan ordudur. Müqavilə - razılıq formatıdır. Burada sözügedən dini ayinlərə riayət məsələsini də asanlıqla aradan götürə bilər. Orduda xidmət etmək istəyənlərə öncədən müqavilə şərtləri izah olunur. Orduda tətbiq olunan məhdudiyyət və məhrumiyyətlər müqavilədən aydın göstərilir. Təbii ki, həmin məhdudiyyət və məhrumiyyətlərin qarşılığı olan maddi və digər təminatlar da müqavilədə yazılır. Yəni dini ayinləri hər şeydən üstün tutan, onlardan hətta ordu şəraitində müvəqətti (xidmət zamanı) imtina etmək və ya geri çəkilmək istəməyənlər, müqavilə şərtlərinə uyğun olmadıqlarına görə orduya götürülməyəcəklər. Ortada qarşılıqlı razılıq olduğuna görə də sosial gərginlik yaradası deyil. Orduda xidmət üçün müqavilə şərtlərini öncə qəbul edən, sonra onları pozan adamlar, ordudan çıxarılacaqlar (sığortasız, təqaüdsüz və s.)”.

E.Qədirli vurğulayıb ki, şəraiti nəzərə almadan əsgərlər üçün dini ayinlərə üstünlük verildiyi ordularda döyüş qabiliyyəti təhlükəli dərəcədə azala bilər, ordu zəifləyə bilər:

“Çünki, əsas məsələlərdən olan intizam məsələsində sadəlövh güzəştə gedilir. Romada xristianlıq qəbul olunanda, orduda da dini təbliğata icazə verildi. Vəziyyət elə hala gəldi ki, Roma, xristianlığı qəbul etmiş başqa ölkələrlə müharibə aparanda bütöv legionlar “qarşı tərəfdə din qardaşlarımız var, biz onları öldürə bilmərik” bəhanəsilə döyüşməkdən imtina edirdilər. Xaç Yürüşləri zamanı ordu toplamaq üçün Roma Papası fərman verdi ki, ən azı 40 gün orduda xidmət edənlərin bütün günahları bağışlanacaq. Xeyli adam orduya gəldi. Amma, 40-cı günün tamamında həmin adamlar özbaşına ordunu tərk edirdilər və beləliklə, ordunun məğlubiyyətinə səbəb olurdular. Ordumuz hələ qurulmaqdadır, xüsusilə intizam sahəsində çox ciddi problemləri var. Din və məzhəb ədavətinin genişləndiyi və gücləndiyi bir coğrafiyada olduğumuzu unutmayın. Orduda intizam məsələni tam həll etməyincə, əsgərlərin özəl rahatlığına doğru diqqəti yayındırmaq olmaz. Çağırışçı ordudan peşəkar (müqavilə) orduya keçsək, xeyli problem həll olunacaq. Bu keçidi nə qədər tez etsək, həmin problemlərin həlli bir o qədər də asan olacaq”.

Kəmalə


Müəllif: