7 İyul 2014 14:57
1 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

“KXCP-nin qərargahı Milli Şuranın və bizim qərargahımıza ehtiyacı olan bütün partiyaların xidmətindədir. Kim istəsə qərargahımızdan yararlana bilər”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu son günlər Milli Şura ilə rəhbəri olduğu partiya arasında yerlə bağlı yaranan problemi şərh edərkən deyib.

Qeyd edək ki, Milli Şuranın öz sessiyasını KXCP–nin qərargahında keçirməyi deyil, hökumətə müraciət etməyi üstün tutması qurumla partiya arasında gərginliyə səbəb olub.

Milli Şuranın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal MŞ-nın bilərəkdən sessiyanı KXCP-nin qərargahında keçirmədiyini söyləyib: “KXCP-nin Milli Şuraya münasibəti bəllidir. Bir dəfə KXCP qurumdan çıxmaq məsələsini gündəmə gətirdi. Bizə çatan məlumatlara görə, bu səbəbsiz deyildi. Əgər növbəti dəfə KXCP-nin qərargahında sessiya keçirsək, eyni məsələni yenə qaldıracaqlar. Biz daha sakit, qalmaqalın olmadığı yerdə keçirmək istəyirik”.

M.Mirəlioğlu isə indiyədək Milli Şuranın tam tərkibdə olanda da sessiyasının KXCP-nin qərargahında keçirildiyini dedi: “Qurumun bir neçə sessiyası qərargahımızda olub. Mənim Vidadi bəyə hörmətim var. Amma Vidadi bəy nə Milli Şuranın, nə də KXCP-nin sözçüsüdür. KXCP Milli Şuranın sessiyalarında da deyib ki, bundan sonra da öz qərargahı ilə Milli Şuranın və bizim qərargahımıza ehtiyacı olanların xidmətindədir. Ola bilsin ki, kiminsə KXCP-yə gəlib-getməklə bağlı narahatçılığı var. Amma biz elə bir problem görmürük. Görünür, kimsə qərargahımıza gəlməklə bağlı problem yaşayır”.

M.Mirəlioğlu bələdiyyə seçkiləri ilə bağlı ictimaiyyətə, hökumətə və müxalifət cameəsinə ünvanlandığı müraciətə də toxunub.

Onun sözlərinə görə, sözügedən müraciət mövcud vəziyyətlə bağlı ənənəvi müraciətlərdən biridir: “Təbii ki, qanunda müvafiq dəyişiklik aparılması istiqamətində müzakirələr keçirilib, addımlar atılanda reaksiyalar daha aydın bilinəcək. Hesab edirəm ki, bu müraciət ən azından reaksiya doğurlmalıdır. Milli Məclisin tətildə olduğu və seçki kampaniyasına start verilmədiyi kimi fikirlər ola bilər. Düşünürəm ki, çağırışımıza etinasızlıq olmayacaq. Gələcəkdə müraciətə hökumət tərəfindən ciddi münasibət olacağını fikirləşirəm. Arzu edərdik ki, bu, müxalifət cameəsinin də diqqətində olsun”.

O, Milli Şuranın bələdiyyə seçkilərində iştirak imkanlarını da şərh edib: “Milli Şurada start vəziyyətində olanda, may ayında bələdiyyə seçkiləri ilə bağlı fikirlər deyilib. Bu istiqamətdə addım və təkliflərimiz olub. Reaksiyalar müxtəlif olsa da, Milli Şuradakı partiyaların bu məsələyə münasibəti olmalıdır. Əgər partiyaların münasibəti müsbət olsa, Milli Şura da bunu təqdir edəcək. Milli Şuranın bələdiyyə seçkiləri ilə bağlı başqa işi yoxdur. Sədr Cəmil Həsənli də bildirib ki, bu, partiyaların öz işidir, Milli Şura da ona xeyir-dua verə bilər”.

M.Mirəlioğlunun fikrincə, partiyaların birgə seçkidə iştirakı arzuolunan olsa da, digər partiyalar iştirak barədə qərar verməsə belə KXCP öz qərarından dönməyəcək: “Milli Şuranın nə qərar verməsindən asılı olmayaraq KXCP bələdiyyə sçekilərinə qatılacaq”.

Qeyd edək ki, M.Mirəlioğlunun çağırışında vurğulanırdı ki, Seçki Məcəlləsində beynəlxalq təşkilatların tövsiyələrinə uyğun olaraq islahatlar aparılmalı, seçki komissiyaları siyasi qüvvələrin iştirakı ilə tarazlaşdırılmalı, seçici siyahıları dəqiqləşdirilməlidir. O, bundan başqa müxalif cameəni və vətəndaş cəmiyyəti nümayəndələrini bələdiyyə seçkilərində aktiv iştiraka səsləyib.

Nərgiz


Müəllif: