8 İyul 2014 10:34
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərdar Cəlaloğlu: “Əli Kərimli belə, mənə cavab versə, yenə də məni narahat eləməz, çünki gərək əvvəlcə o, mən səviyyəyə qalxa”; Fuad Qəhrəmanlı: “Sərdar Cəlaloğlu kimiləri öz yolunu müəyyənləşdirə bilməyincə, müxalifət qələbədən kənarda qalacaq”

ADP sədri Sərdar Cəlaloğlu aznews.az-a müsahibəsində Müsavat Partiyasının və AXCP-nin ünvanına sərt sözlər işlədib. O bildirib ki, Müsavatla AXCP-nin tutduğu mövqe Azərbaycan müxalifətini məhv edib: “Nə qədər ki, bu iki partiya var, ölkədə müxalifətin gücü, potensialı ilə nəsə etmək mümkün olmayacaq”.

İttihamlara qarşı tərəfin də cavabı gecikməyib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı S. Cəlaloğlunu cəsarətsizlikdə qınayıb: “Azərbaycanda vəziyyətin dəyişməməsinin səbəbi nə Xalq Cəbhəsidir, nə də digər partiyalar. Ölkədə bu vəziyyətin davam etməsinin səbəbi ancaq hakimiyyətdir. Sərdar Cəlaloğluna üzümü tutub deyirəm ki, əgər özündə cəsarət tapıb hakimiyyəti tənqid edə bilmirsənsə, bu nə AXCP-nin, nə də Müsavatın problemidir. Sərdar Cəlaloğlu hakimiyyəti tənqid etmək əvəzinə, iqtidarla mübarizə aparanlara qarşı çıxış edir. Bu isə nəticədə onun iç üzünü ortaya qoyur”.

F.Qəhrəmanlı onu da bildirib ki, S.Cəlaloğlu kimiləri öz yolunu müəyyənləşdirə bilməyincə, müxalifət qələbədən kənarda qalacaq.

S.Cəlaloğlu isə “Yeni Müsavat”a açıqlamasında F. Qəhrəmanlının onun fikirləri ilə dəqiq tanış olmadan münasibət bildirdiyini söylədi: “Belə görünür ki, Fuad Qəhrəmanlı mənim fikirlərimi oxumayıb, nə dediyimdən xəbəri yoxdur. Oxusaydı görərdi ki, mən iqtidarla müxalifəti eyni dərəcədə tənqid eləmişəm. Mən demişəm ki, iqtidar, Müsavat və AXCP Azərbaycan xalqını inkişafdan saxlayır. Mənim guya iqtidarı tənqid etmədiyimi iddia eləmək boş-boş sözlərdir. Mənim öz yolumu müəyyənləşdirməyimə gəlincə, mən öz yolumu seçəndə və bu yolla addımlayanda Fuad Qəhrəmanlı hələ orta məktəbdə oxuyurdu. 1989-cu ildə mən Azərbaycanın azadlığı uğrunda xalq hərəkatına qoşulanda Fuad Qəhrəmanlı orta məktəbdə ”Lenin baba» şeirini söyləyirdi. İndi mənə yol göstərməyi onun nə yaşına, nə başına, nə mövqeyinə, nə də əxlaqına uyğundu. Özü bilər, amma insan gərək başqasına yol göstərəndə birinci növbədə özü hansısa üstünlüyə malik ola. Mən Müsavatla AXCP-yə ona görə yol göstərirəm, ona görə onların yanlışlıqlarını dilə gətirirəm ki, Azərbaycan xalq hərəkatının ilk təşkilatçılarından, rəhbərlərindən biri olmuşam, Azərbaycanda 10 il radikal müxalifətin avanqard partiyasına rəhbərlik eləyən bir adam olmuşam. Mənim haqqım var kiməsə irad tutam. Amma Fuad Qəhrəmanlı kimi adamların mənə irad tutması üçün gərək ən azı mənim qədər xidmətləri olsun».

S.Cəlaloğlu onu da dedi ki, bu gün onun fəaliyyəti təkcə Azərbaycan müxalifətinin yox, Azərbaycan Elmlər Akademiyasının bütünlükdə fəaliyyətindən, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinə daxil olan bütün dini alimlərin fəaliyyətindən qat-qat üstün və səmərəlidir: “Mən indiki halda beynəlxalq şəraiti nəzərə alıb aktiv siyasi mübarizənin əleyhinəyəm. Amma bekar da dayanmamışam.

Müqəddəs Quranla bağlı bir təfsir yazmışam, elə bir sistem vermişəm ki, teologiyada inqilab edəcək. Eyni zamanda yeni bir elm hazırlamışam. Bu, təkcə Azərbaycan səviyyəsində yox, tarix səviyyəsində bir nailiyyətdir. Mən bu nailiyyətimlə özümü nə Platonla, nə Aristotellə müqayisə edə bilərəm. Çünki mənim hazırladığım sistem onların hazırladığı sistemdən fərqli olaraq mütləq həqiqətlərin dərk edilməsinə imkan verir. Bilirsiniz, insanlar çox vaxt Allahı ona görə tanımırlar ki, Allah o qədər böyük, o qədər alidir həmin insanların ağlına yerləşmir. Mən indi məcbur olub bu sözü deyirəm ki, bəzi adamların mənə irad tutmaları mənim onların ağlına yerləşməməyimlə bağlıdır. Qoy Fuad Qəhrəmanlı da nə deyir desin. O yox, Əli Kərimli belə, mənə cavab versə, yenə də məni narahat eləməz. Çünki gərək o, mən səviyyəyə qalxa ki, mənə adekvat cavab verə bilə. Həqiqətin meyarı təcrübədir. Azərbaycanda Müsavatla AXCP-nin müxalifətin avanqardı olması 20 ildə hakimiyyət dəyişməsinə, demokratiyanın bərqərar olmasına, dünyada müxalifətin nüfuzunun qalxmasına gətirib çıxarıb? Bu sualın cavabı ”yox»dur. Həqiqətin üzünə dik baxmaq üçün insanda kişilik, qeyrət lazımdır. Mən müxalifətin qeyrətini çəkən kişi kimi həqiqətin üzünə dik baxıram və deyirəm ki, Azərbaycanda AXCP ilə Müsavatın 20 illik fəaliyyəti ilə iqtidarın fəaliyyəti arasında fərq yoxdur. Mən alimlik eləmirəm, sadəcə, nəticəyə və təcrübəyə baxıb həqiqəti deyirəm».


Müəllif: