8 İyul 2014 11:09
452

“Partiyamız başlıca fəaliyyət istiqamətlərini qəbul edib, bunlardan biri də siyasi münasibətlərin qurulmasıdır. Siyasi münasibətlərin qurulmasında prinsipləri qəbul etmişik. Strateji münasibətlər iki prinsip əsasında qurulacaq: birinci, liberal-demokratik xətt aparan partiyalarla uzunmüddətli əməkdaşlıq qurmaq düşüncəsindəyik. İkinci, Azərbaycanın ümumdemokratik potensialını mobilizə edəcək geniş və əsaslı milli-demokratik birliyin yaradılmasına dəstək verəcəyik. Bu iki halda strateji münasibətlər qurmaq fikrindəyik. Taktiki münasibətlərə gəldikdə, seçkiöncəsi vəziyyətə uyğun qərar verəcəyik. Əsas hədəf 2015-ci ilin parlament seçkiləri olacaq”.

Bunu Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib.
Partiya sədri Milli Şurada qalıb-qalmayacaqları məsələsinə də aydınlıq gətirib: “İyulun 6-da keçirilən qurultaydan sonra Ali Məclisin birinci sessiyasında məsələyə münasibət bildirdik. Bilirsiniz ki, biz Milli Şurada fərd olaraq fəaliyyət göstərirdik. Mən də daxil olmaqla, Ali Məclis üzv olanların qurumda üzvlüyünü dayandırmaq haqqında qərar qəbul etdi. Artıq iyulun 6-dan Milli Şurada fəaliyyətimizi dayandırdığımızı elan etmişik”.

Rafiq Manaflı: “Biz bunu gözləyirdik”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı deyib ki, Sülhəddin Əkbərin Milli Şuradan çıxmasını gözləyirmiş: “Vaxtında Sülhəddin Əkbərə təklif olunmuşdu ki, Koordinasiya Mərkəzinə seçilsin. Amma o, bundan imtina etdi, dedi ki, partiyasının qurultayı ilə bağlı məsələlərlə məşğuldur. Məncə, bu ciddi səbəb deyildi. Biz onun gec-tez Milli Şuradan gedəcəyi qənaətinə gəlmişdik. Fikrimcə, onun istefası nə Milli Şuranı zəiflətdi, nə də gücləndirdi. Biz hesab edirik ki, bu istefa Sülhəddin Əkbərin öz qərarıdır. Mənim onunla bu mövzuda söhbətimiz olub. Əvvəl Milli Şuradan kiminsə getməsi faciə kimi qəbul olunurdu. İndi bu normal prosesdir. Kimsə gedəcək, kimsə də gələcək”.

Koordinasiya Şurasının üzvü əlavə edib ki, Milli Şuradan gedənlərlə yanaşı, gəlmək istəyənlər də var:

“Biz bir dəfə Milli Şuraya yeni üzvlərin qəbulu haqda qərar verdik, müzakirələrdə apardıq. Qəbul məsələsində bəzi problemlər yarandığı üçün hələlik bu dayandırılıb. Amma yaxın zamanlarda bu məsələyə yenidən qayıdacağıq”.

CAVİDAN


Müəllif: