8 İyul 2014 16:58
560

“Səfirin səsləndirdiyi fikirlər Madrid prinsiplərinə uyğun açıqlamadır”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. Onun sözlərinə görə, bu prinsiplərə görə əsasən Dağlıq Qarabağın ətrafındakı rayonlar boşaldılır və eyni zamanda burada olan qondarma rejimin statusu müəyyənləşir:

“Yəni bu statusa müvəqqəti və ya aralıq status da deyirlər. Bu növbəti bir yeni açıqlama deyil, lakin Azərbaycanın son olaraq səsləndirdiyi mövqeyə uyğun gəlmir. Həm ölkə başçısı, həm də xarici işlər naziri son dövrlər dəfələrlə bəyan edib ki, danışıqlar Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxdıqdan sonra davam etdirilə bilər. İlkin şərt artıq Azərbaycan tərəfindən qoyulub. Eyni zamanda qeyd edim ki, bu günlərdə Fransa prezidentinin təşəbbüsü ilə Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilirdi. ABŞ-da bu görüşün keçirilməsinə öz müsbət rəyini bildirmişdi və hətta hiss olunurdu ki, görüşün baş tutması üçün təkid edirdi. Amma Azərbaycan tərəfi həmin görüşə getmədi və bu addımını da belə əsaslandırdı ki, biz görüş xatirinə görüşmürük. Əgər görüş olursa, orada hansısa nəticə əldə olunmalıdır. Bu açıq şəkildə deyilmir, amma dolayısı ilə o anlama gəlir ki, Azərbaycan öz mövqeyinin üzərində dayanır, danışıqları davam etdirmək üçün şərt kimi işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən çıxarılmasını qoyur, əgər bu olmayacaqsa, başqa bir variant müzakirə edilməyəcək”.

A.Nağı deyib ki, Amerikanın Ermənistandakı səfiri hər zaman ermənipərəst mövqeyi ilə fərqlənib: “Ona görə də səfirin vasitəsilə Amerika köhnə prinsipləri yenidən gündəmə gətirməyə çalışır. Hesab edirəm ki, onlar bu niyyətlərinə nail ola bilməyəcəklər”.

BƏXTİYAR


Müəllif: