23 Aprel 2014 13:55

Diaspor təşkilatının rəhbərliyi yeni bələdiyyə sədri ilə görüşüb

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) İdarə Heyətinin üzvləri və Kocaeli Azərbaycan Kültür Evinin təmsilçiləri 30 mart seçkilərində Körfəz Bələdiyyə sədri seçilmiş İsmail Baranı ziyarət edərək, seçkidə qalib gəlməsi münasibətilə təbrik ediblər.

Teleqraf.com-un xəbərinə görə, federasiya rəhbəri Bilal Dündar Azərbaycan xalçası suvenirini və müəllifi olduğu “Bir millət, iki dövlət” kitabını bələdiyyə sədrinə təqdim edərək Azərbaycan və Türkiyə qardaşlığının daha da möhkəmlənməsini arzulayıb.

Körfəz Bələdiyyə sədri İsmail Baran öz növbəsində TADEF-in fəaliyyətini yaxından təqib etdiyini və uğurla layihələrə imza atdıqlarını, bundan sonra Körfəz Bələdiyyəsi olaraq bu uğurlara öz töhfələrini verəcəklərini deyib.

Kocaelinin iki rayonunda milli lider Heydər Əliyev adına parkların, İzmittə isə Azərbaycan Kültür Evinin olduğunu xatırladan TADEF təhbəri Bilal Dündar isə Körfəzdə bir prospekt və ya parka Bakı adının verilməsini təklif edib. Bələdiyyə sədri İsmail Baran ən qısa zamanda təklifin müzakirə edilərək qərar qəbul olunacağına söz verib.

Səxavət


Müəllif: