23 Aprel 2014 15:14

Dünən Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. İclasda “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dəyişikliklər edilməsi barədə 15 nömrəli Protokolun təsdiq edilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

Rəbiyyət Aslanova: “Xeyli müsbət işlər görülüb”

Komitənin sədri Rəbiyyət Aslanova bildirib ki, Protokol 2013-cü ilin dekabr ayında Strasburq şəhərində imzalanıb: “Azərbaycan bundan əvvəl də insan hüquq və azadlıqlarının müdafiəsinə dair sənədlərə qoşulub. Ölkəmiz 1950-ci ildə qəbul olunan bu Konvensiyanın və digər sənədlərin tələblərini yerinə yetirməkdə maraqlıdır. Azərbaycanın milli qanunvericiliyində də bu məsələlər öz əksini tapır. Ölkədə qəbul olunmuş dövlət proqramları, digər sənədlər, imzalanmış fərman və sərəncamlar insan hüquqlarının qorunmasının prioritet məsələlərdən biri olduğunu sübut edir.

Komitə sədri əlavə edib ki, iş təkcə Avropa Şurasına, Avropa Məhkəməsinə üzv olmaqla və yaxud da, beynəlxalq konvensiyaları ratifikasiya etməklə bitmir: “Azərbaycan müstəqilliyinin hələ lap ilk illərindən mərhum dövlət başçısı Heydər Əliyev tərəfindən insan hüquq və azadlıqlarının təmin edilməsi ölkəmizin prioritet istiqamətlərindən biri kimi müəyyən olunub və ötən illər ərzində də bu istiqamətdə xeyli müsbət işlər görülüb”.

Lətif Hüseynov: “Zaman yeni addımlar tələb edir”

Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov həmin müddəalar haqqında məlumat verərək bildirib ki, dəyişikliklər Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətində səmərəliliyin artırılması məqsədini daşıyır. Hazırda Məhkəmədə baxılmalı çox iş vardır. Avropa Şurasının qəbul etdiyi protokollardan sonra işlər bir qədər azalsa da, zaman yeni addımların atılmasını tələb edir.

Yevda Abramov: “Dedim ki, niyə bizə qarşı bu cür çıxış edirsiniz?”

Deputat Yevda Abramov isə bəyan edib ki, Milli Məclisin tərəfdar çıxdığı, ratifikasiya etdiyi beynəlxalq sazişlər, konvensiyalar sonradan ölkəmizi sıxmaq, onu təsir altında saxlamaq üçün bəzi qüvvələrin əlində təzyiq rıçaqına çevrilir: “Yəni, ölkəmizə qarşı daim ikili standartlardan çıxış edən həmin qərəzli, qeyri-sağlam qüvvələr məlum konvensiyalar və sazişlərdən sui-istifadə edərək Azərbaycanı qapazaltına çevirmək istəyirlər. Avropa Şurası ilə də, Avropa Məhkəməsi ilə də, digərləri ilə də əməkdaşlıq vacibdir. Amma həmin əməkdaşlıq, həmin beynəlxalq qanunvericilik sonradan bizə qarşı təzyiq alətinə çevrilməməlidir”.

Millət vəkili deyib ki, beynəlxalq təşkilat nümayəndələri ilə bir sıra görüşlər keçirilib. Görüşlərdə Azərbaycan, qarşı ikili standartlardan danışılıb və bunlar ABŞ mediasında işıqlandırılıb:

“Azərbaycanda keçirilən növbəti Beynəlxalq Humanitar Forumun iştirakçılarını, o cümlədən, ABŞ Konqresinin bəzi üzvlərini komitəmizdə-Rəbiyyət xanımın otağında qəbul etdim və onlarla xeyli söhbətləşdim. Dedim ki, niyə bizə qarşı bu cür ikili standartlardan çıxış edirsiniz? Dedim ki, siz- ABŞ Konqresinin üzvləri xəritədə Azərbaycanın yerini tapıb göstərə bilmirsiniz, amma bizdə 5-ci sinifdə oxuyan uşaq da ABŞ-ın bütün ştatlarının yerini, adını bilir, bunun müqabilində isə yəni, Azərbaycanı tanımaya-tanımaya, onun haqqında qərəzli, qeyri-obyektiv hesabatlar, rəylər yazırsınız, yayırsınız. Axı niyə, nə üçün? Hətta, həmin görüşdən sonra nüfuzlu ABŞ qəzetlərindən biri yazmışdı ki, müsəlman ölkəsinin yəhudi əsilli millət vəkili od püskürdü. Mən od püskürmürəm, sadəcə, olanları, üzləşdiyimiz haqsızlıqları deyirəm”.

NEMƏT


Müəllif: