10 İyul 2014 15:35
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin vaxtilə rəhbəri olduğu partiyadan çıxarıldığını açıqlayıb.

Onun sözlərinə görə, partiyanın qərarlarına tabe olmadan Sülhəddin Əkbər Milli Təhlükəsizlik nazirinin müavini olub: “Biz istəmirdik ki, Elçibəy hökumətində partiyamızın təmsilçisi olsun. O da gedib nazir müavini oldu. Bundan sonra ADP İdarə Heyəti onu partiyadan qovdu”.

O, S.Əkbərin Müsavat başqanı İsa Qəmbərin partiyasına keçməsindən də danışıb:

“İsa Qəmbərə Türkiyədən təklif gəldi ki, Müsavat Partiyasını bərpa etsin. O da bizi dəvət etdi ki, siz, biz və yurdçular birləşərək Müsavatı bərpa edək. Biz də buna etiraz etmədik, çünki Müsavat millətimizin ən böyük miraslarından biri idi. Mən o zaman bizim partiyadan Sülhəddini bu proseslərdə iştirak üçün göndərdim. İsa Qəmbər də burada öz bildiyi kimi siyahı tutub partiyanı bərpa etdi. Əslində biz öz nümayəndəmizi göndərmişdik görək bu necə bərpa olunacaq, hansı təkliflər var. Amma Sülhəddin Əkbər qayıdıb dedi ki, bəs Müsavatı bərpa etmişik. Özü də Müsavatın Naxçıvan nümayəndəsi olmuşdu. İsa Qəmbərə demişdim ki, mən iclaslara gəlməsəm, müavinimi göndərəcəyəm. Bildirmişdim ki, Sülhəddin Əkbər ağıllı və perspektivli oğlandır. Hətta İsa Qəmbər bir dəfə mənə zəng edərək Bakıya dəvət etdi. Mən də yerimə Sülhəddin bəyi göndərdim. Elə bildim ki, Bakıda sadəcə konfrans olacaq. Həmin gün onlar AXC-ni təsis ediblər və orada kim iştirak edibsə, AXC-nin İdarə Heyətinə seçilib. Bizdən də Sülhəddin Əkbər AXC İdarə Heyətinə düşüb. Məndə bunu eşidib razı qaldım. Çünki orada kimin olmasının fərqi yox idi, əsas odur ki, təmsilçimiz orada idi. Daha kim aldı, kim verdi, kim satıldı məsələsinin mənə aidiyyəti yoxdur. Heç indi də maraqlanmıram və gələcəkdə də maraqlanmayacağam. Kiminsə mənim yanımdan çıxıb gedəcəyi, mənə arxa çevirəcəyi məni narahat etmir. Bu, siyasətdir”.

İyulun 6-da qurultayı keçirilən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər S.Cəlaloğlunun fikirlərini şərh etmək istəmədi: “Mən intriqaları xoşlamıram və Sərdar Cəlaloğlunun dediklərinə cavab verib onunla polemikaya girmək istəmirəm”.

1987-ci ildən bəri heç kəslə mübahisəyə qoşulmadığını deyən S.Əkbər qeyd etdi ki, hazırda ADP sədri ilə münasibətləri normaldır.

Nərgiz


Müəllif: