10 İyul 2014 16:20
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad İsazadə: “Ermənistan mövcudluğunu göstərmək istəyir”

Bir neçə vaxtdır Ermənistan mətbuatında Azərbaycana qarşı dezinformasiyaların sayı artıb. Burada xüsusilə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlı materialların sayı diqqət çəkir. Maraqlıdır ki, Ermənistanın bu dezinformasiyaları yaymaqda məqsədi nədir?

Hərbi ekspert Azad İsazadə Teleqraf.com-a açıqlamasında deyib ki, bütün regionda gərginlik çoxalır. Onun sözlərinə görə, geniş anlamda bu regiona Yaxın Şərq, Ukrayna daxildir və bu ölkələr Azərbaycana yaxın olduğu üçün onlarda baş verən proseslər bizə də təsir edir: “Bu proseslərin içində Azərbaycan praktiki olaraq bütün tərəflər, istər Qərb, ABŞ, Rusiya, istərsə də İran üçün cəlbedicidir və maraq çərçivəsindədir. Hamı da istəyir ki, Azərbaycanla əlaqələri saxlasın və öz tərəfinə çəksin. Ermənistan isə praktiki olaraq heç kimin maraq çərçivəsində deyil. Rusiyanın maraq çərçivəsində idi, o da nə bacardı elədi. Qərb üçün də Ermənistanı Rusiyadan ayırmaq maraq kəsb edir, amma bir ölkə kimi Avropanın marağında deyil. Ermənistan öz vəziyyətini yaxşı anlayır ki, dalana dirənib, çıxılmaz vəziyyətdədir. Ona görə də istər cəbhə zonasında, istər media cəbhəsində təxribatlar, şayiələr yayır ki, mən də varam”.

A.İsazadə deyib ki, hərbi təlimlərin tez-tez keçirilməsinin məqsədi düşmən tərəfi qorxutmaqdır. Onun sözlərinə görə, təlimlər hərbi siyasi əməliyyatlardan biridir: “Bununla əks tərəfə biz nümayiş etdiririk ki, biz hələlik məşq edirik, amma sabah lazım olsa, real döyüşlərə başlaya bilərik. Sözsüz ki, hər bir hərbi təlim qorxudur. Qorxutmasa belə, ehtiyat etməyə məcbur edir”.

Hərbi ekspert deyib ki, düşmən tərəfdən yayılan dezinformasiyalara mütləq diqqət yetirilməlidir. A.İsazadənin firkrincə, bu cür informasiyalar peşəkarlar tərəfindən analizi aparılmalı, şərh edilməlidir:

“Çünki bugünkü informasiya durumu elədir ki, istənilən məlumatı ala bilər və biz peşəkarcasına analiz edib, şərh verib camaata çatdırmasaq, onsuz da onlar başqa mənbələrdən o informasiyanı alacaq. İnformasiya müharibəsinin psixoloji cəhətləri odur ki, əks tərəfin informasiyasını vaxtında açıqlamaq, onun mənasını tutmaq və əks tədbirlər görmək lazımdır”.

A.İsazadə erməni mətbuatını Azərbaycan kəşfiyyatının Göyçə mahalına qədər çıxması ilə bağlı məsələyə toxunaraq deyib ki, bunun doğru olub-olmaması bizi maraqlandırmamalıdır:

“Hesab edək ki, doğrudur, çox yaxşı. Orta statistik azərbaycanlı üçün fəxrdir ki, bizdə belə hərbi qruplar var və hətta Göyçə mahalına qədər gedib çıxa bilər. Yalan olsa belə, kimlərsə də inanacaq. Təbii ki, bu beynəlxalq səviyyədə qalmaqala gətirib çıxara bilər. Sözsüz ki, doğru və yalan olsa da, bunu Azərbaycan təkzib etməlidir. Bizim tərəf bu faktın doğruluğu ilə bağlı sübut tələb etməlidir. Digər tərəfdən bu naməlum bir qrup ola bilər. Ovçular, narkotik daşıyanlar ola bilər. Həmçinin Rusiyanın və ya İranın təxribat qrupu ola bilər. Ona görə də informasiya mütləq açılmalıdır ki, biz deyilik. Hesab edirəm ki, belə informasiyaların doğru və yalan olması bizi maraqlandırmamalıdır”.

Bəxtiyar Məmmədli


Müəllif: