11 İyul 2014 10:05
1 465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elman Nəsirli: "Ermənistanı ilk dəfə İslam Əməkdaşlıq Təşkilatı təcavüzkar kimi tanıyıb"

İyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan diplomatik xidmət orqanları rəhbərlərinin V müşavirəsində çıxış edən prezident İlham Əliyev müsəlman ölkələri ilə əlaqələrdən danışıb və qeyd edib ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsinə öz töhfəsini verir. Prezident bildirib ki, müsəlman ölkələri ilə əlaqələr xarici siyasətimizin prioritetlərindən biridir.

İyulun 9-da müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edən prezident onların təmsil etdikləri ölkələrlə Azərbaycanın çox sıx əlaqələrinin olduğunu vurğulayıb. İlham Əliyevin sözlərinə görə, biz hamımız çalışmalıyıq ki, İslam həmrəyliyini gücləndirək, müsəlman ölkələri arasındakı birliyi daha da möhkəmləndirək: "Mən şadam ki, beynəlxalq arenada biz daim bir-birimizi dəstəkləyirik, beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirik, xüsusilə BMT-də. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli işində müsəlman ölkələrinin BMT-də göstərdiyi dəstək bizi xüsusilə sevindirir".

İslam ölkələrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini şərh edən politoloq Elman Nəsirli bildirib ki, Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin V müşavirəsi zamanı cənab Prezidentin çıxışında bir sıra mühüm tezislər irəli sürülüb. Onlardan biri də heç şübhəsiz ki, qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi, eyni zamanda müsəlman ölkələri ilə münasibətlərin daha da genişləndirilməsi, inkişaf etdirilməsi ilə bağlı idi: "Cənab Prezident bu məsələyə toxunarkən onu da qeyd etdi ki, elə etmək lazımdır ki, müsəlman dövlətləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini daha güclü şəkildə müdafiə etsinlər. Burada ən mühüm vasitələrdən biri də təbliğat-təşviqat kampaniyasıdır və cənab prezident də qeyd etdi ki, Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərdəki İslam dini abidələrinin, məscidlərin, qəbiristanlıqların məhv edilməsi ilə bağlı faktları özündə əks etdirən şəkilləri kitabça halında dünyada yaymaq lazımdır. Bu informasiyanı dünya ictimai fikrinə, beynəlxalq təşkilatların nəzərinə çatdırmaq lazımdır. İlk növbədə isə bunları müsəlman ölkələrində yaymaq lazımdır. Qoy müsəlman ölkələrinin rəhbər vəzifəli şəxsləri və eyni zamanda ictimaiyyəti öz gözləri ilə görsünlər ki, müsəlman ənənələrinə, müsəlman dini obyektlərinə münasibətdə necə vandalizm aktları baş verir. Bundan sonra heç şübhəsiz ki, Azərbaycanla daha sıx təmasda olacaqlar və Azərbaycanın mövqeyini müdafiə edəcəklər. Ermənistanın müsəlman ölkələri ilə yaxınlaşmaq və onlardan Azərbaycan əleyhinə istifadə etmək planları alt-üst olacaq. Necə ki, bu istiqamətdə işlər xeyli dərəcədə öz effektini verməkdədir".

E.Nəsirli bildirib ki, prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın münasibətlərinin inkişafı ilə bağlı mövqeyi də, bu istiqamətdə irəli sürdüyü fikirlər, təkliflər və tövsiyələr də kifayət qədər əhəmiyyətli və aktualdır: "İlk dəfə İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar kimi tanıyıb və təcavüzkar elan edib. Bu, çox vacib məsələdir. Sonralar da müxtəlif tədbirlərdə eyni mövqedən çıxış edib. Hesab edirəm ki, bu reallığın fərqində olan dövlət başçısı məhz müsəlman dövlətləri ilə əlaqələrin inkişafına xarici siyasətimizin mühüm prioritet istiqamətlərindən biri kimi qiymət verib. Elə bu kontekstdə də ölkə prezidentinin müsəlman ölkələrinin Azərbaycandakı səfirləri ilə Ramazan ayı günlərində keçirdiyi ənənəvi görüş də eyni məntiqə xidmət edir. Yəni, qoy onlar müsəlman ölkəsi olan Azərbaycanın ərazi bütövlüyünün pozulması, 1 milyondan artıq insanın qaçqın və məcburi köçkünə çevrilməsi, işğal altındakı ərazilərdə mövcud olmuş dini abidələrin dağıdılması, onların tamamilə məhv edilməsi ilə bağlı fikir mübadiləsi olsun və bunlar nəticə etibarilə Azərbaycan həqiqətlərinin böyük müsəlman dünyasında, təxminən 1,3 milyard nəfərdən çox insanın yaşadığı böyük müsəlman dünyasında paylanması, dərk edilməsi, qəbul edilməsi baxımından çox əhəmiyyətlidir. Cənab prezident özü belə bir addım atmaqla həm də bizim səfirlərimizə bir ismarıc göndərir ki, onlar da analoji addımlar atsınlar və xarici siyasətimizin bu istiqamətinə xüsusi önəm versinlər".

SƏXAVƏT


Müəllif: