23 Aprel 2014 17:22
1 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İranda fəaliyyət göstərən “Aran” radiosuna müsahibəsində “Azərbaycan Respublikası İranın nüvə haqqını tanıyır” fikirlərini səsləndirib. Səfirin səsləndirdiyi bu fikirlər ölkəmizdə birmənalı qarşılanmayıb.

Millət vəkili Zahid Oruc Teleqraf.com-a açıqlamasında C. Axundovun fikirlərini təəccüblə qarşıladığını deyib. Onun sözlərinə görə, səfir təcrübəli bir diplomat kimi Azərbaycanın rəsmi mövqeyini ifadə etməlidir: “Zənn edirəm ki, bu məsələnin dəqiqləşməsinə ehtiyac var. Diplomatlar ciddi və həddi bilinən çərçivədə fəaliyyət göstərirlər. Adətən, bu statusa malik şəxslər aktiv şəkildə kütləvi informasiya vasitələri ilə təmaslara üstünlük vermirlər. Bunun da səbəbləri hər kəsə bəllidir. Nüvə qalmaqalı ətrafında çox ciddi beynəlxalq sanksiyalar yaşayan və Avropa ölkələri ilə konfrantasiyasının 35 ilini qeyd edən İran haqqında bu cür danışmaq o deməkdir, bu bölgədə gərginliyi artıracaq bir işə razılığımızı vermiş oluruq. Hətta bu mövqe Azərbaycan dövlətinin kursu olsaydı belə, səfir səviyyəsində ifadə edilməməlidir. Son aylar istiləşən və normallaşan Azərbaycan-İran münasibətlərini əsas götürənlər bu fikri daha yuxarı ranqlarda çatdırılmasını düşünməliydi. Ona görə də biz bu məsələnin dəqiq formulasını indiyə qədərki dövrdə ölkə rəhbərliyinin səfərləri zamanı görüşlərində şahidi olmuşuq. Bu qalmaqalın və beynəlxalq konfrantasiyanın sülh vasitəsilə tənzimlənməsinin tərəfindəyik”.

Z. Oruc deyib ki, bizim nüvə silahına malik olan İranı perspektivdə görməyimiz bu bölgə üçün nələr vəd elədiyini diplomat olmadan da təsəvvürə gətirmək çətin deyil: “Fikrimcə, bu məsələni ilk olaraq dəqiqləşdirmək və əsil məğzini müəyyənləşdirmək lazımdır. Əgər həqiqətən belə bir fikirlər açıqlanıbsa, bu Xarici İşlər Nazirliyi səviyyəsində aydınlaşdırılmalıdır. Azərbaycanın bu mövqeyi xarici əlaqələrinə və müxtəlif dövlətlərlə münasibətlərinə təsir edərdi. Ona görə də biz bu məsələdə kifayət qədər ehtiyatlı, son dərəcə sistemli və hesablanmış davranışlara ehtiyacımız var. Nəinki dünya ilə savaş aparan bu dövlətin münasibətlərinin nüvə mərkəzinə daxil olmaq. Subyektiv fikrim isə odur ki, mən nüvə silahlı İranı görmək istəmirəm”.

Hərbi ekspert Üzeyir Cəfərov isə deyib ki, İran qonşu dövlətdir və bu ölkə ilə Azərbaycan arasında münasibətlər çox böyük önəm daşıyır: “Ona görə də son dövrlər Azərbaycan bu ölkə ilə siyasi, iqtisadi və hətta hərbi sahədə əməkdaşlığa da diqqət ayırır. Ölkəmizin İranın sülh məqsədi ilə nüvə enerjisinin istehsalına müsbət yanaşması da, çox normaldır və bunu dünyanın bütün dövlətləri anlaşıqlıqla qəbul etməlidir. Çünki dünyada baş verən son proseslər onu deməyə əsas verir ki, hər bir qonşumuzla, yaxın ölkə ilə dostluq və qarşılıqlı anlaşma şəraitində yaşamalıyıq. Onların dünya miqyasında olan sülhsevər siyasətini dəstəkləməliyik. Bundan irəli gələrək Azərbaycanda İranın nüvə enerjisini əldə etməsilə bağlı addımları dəstəkləyir. Nəzər alsaq ki, yaxın tarixdə dövlət başçısı İrana getdi və bu ölkə ilə isti münasibətlərlə bağlı həm dünya, həm də dünya ölkələrinə mesajlar verildi. Bu fikirlərdə də qırmızı xətlə keçirdi ki, bundan sonra iki dövlət arasında qarşılıqlı dostluq və qardaşlıq münasibətləri davam edəcək”.

BƏXTİYAR


Müəllif: