12 İyul 2014 21:17

Azər Badamov: "Qeyri-neft sektorunun inkişafı nəzərdə tutulub"

"Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilən proqramlar uğurla icra edilir. Bu proqramlar bölgələrin tarazlı inkişafını şərtləndirir".

Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.

A.Badamov bildirib ki, həmin proqramların icrası çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib.

Onun fikrincə, regionların tarazlı sosial-iqtisadi inkişafı siyasəti qarşıdakı illərdə də davam etdiriləcək: "Belə ki, regionların sosial-iqtisadi inkişafına dair artıq icrası uğurla başa çatan iki Dövlət Proqramının davamı olaraq 2014-2018-ci illəri əhatə edəcək yeni Dövlət Proqramı qəbul edilib. Yeni Dövlət Proqramında qeyri-neft sektorunun inkişafı, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının genişləndirilməsi, sahibkarlığın inkişafı, yol və nəqliyyat infrastrukturunun, rabitə xidmətlərinin, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması və s. istiqamətlərdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub".

CAVİDAN


Müəllif: