15 İyul 2014 12:01
467

"AXC İdarə Heyətinin ilk üzvlərinin bir-birinə düşmən olması qüsurlu haldır"

"Azad Demokratlar Partiyasının dövlət qeydiyyatından keçməsi məqsədilə Ədliyyə Nazirliyinə müraciət etmişik".

Bu sözləri adı çəkilən partiyanın sədri, AXC İdarə Heyətinin ilk üzvlərindən olan Sülhəddin Əkbər deyib. Onun sözlərinə görə, partiyanın qeydiyyata alınması məqsədilə tələb olunan sənədləri ötən həftənin cümə günü Ədliyyə Nazirliyinə təqdim ediblər.

Sülhəddin Əkbər bildirib ki, hələlik təşkilatda yeni təyinatlar gözlənilmir: "Hesab edirik ki, indiki şəraitdə tələb olunan istiqamətlərdə rəhbərlik formalaşıb. Partiya genişləndikcə yeni kadrların gəlməsi gözlənilir. Odur ki, bu məsələdə tələskənlik nümayiş etdirmək niyyətində deyilik".

S.Əkbər sədri əlavə edib ki, hazırda partiya sədrinin üç müavini təyin edilib: "Təşkilati məsələlər üzrə müavin İlham Baratovdur. Bundan başqa, Vaqif Məmmədov və Eldar Əliyev də müavin təyin edilib. Eləcə də, Tapdıq Abbas Məclisin sədri postuna seçilib. Onu da qeyd edim ki, artıq İdarə Heyəti formalaşıb və doqquz nəfərdən ibarətdir. Bu həftənin bazar günü partiyanın İdarə Heyətinin toplantısını keçirəcəyik. Ancaq buna qədər qeyri-rəsmi toplantılarımız olub. Yay mövsümü və Ramazan bayramı ərəfəsində qurultayı təşkil etmək üçün ağır iş rejimində olmuşuq. Odur ki, çalışırıq fəallarımız bir qədər istirahət etsinlər. Amma növbəti bazar günündən İdarə Heyətinin toplantıları keçiriləcək və fəaliyyət bir qədər aktivləşəcək".

AzDP sədri əlavə edib ki, qurultaydan keçən müddət ərzində heç bir partiya sədri ilə təması olmayıb:

"Təmasımız yoxdur. Bizim üçün prioritet məsələ ilk olaraq partiyanın qeydiyyatıdır. Eləcə də təşkilatlanma, bütün ölkəni əhatə etmə və milli partiyaya çevrilmə əsas hədəfimizdir. Qarşıdan gələn bələdiyyə seçkilərinə, xüsusilə parlament seçkilərinə hazırlıq da əsas niyyətlərimiz sırasındadır. Siyasi münasibətlərə gəldikdə deyim ki, biz bunun prinsiplərini qəbul etmişik. Biz siyasi partiyalarla münasibətləri əsasən iki prinsip üzərində qurmağı planlaşdırırıq. Birincisi, siyasi-ideoloji xətti bizim partiya ilə üst-üstə düşən təşkilatlarla uzunmüddətli münasibətlər qura bilərik. Eləcə də, bütün qüvvələr bir araya gələrsə, biz də bu prosesə qoşula bilərik. Ancaq yaxın perspektivdə bu məsələlər bizim üçün aktual deyil. İndi ictimai passivlik dövrüdür. Yəqin ki, siyasi partiyalarla münasibətlər məsələsi payızdan etibarən aktivləşəcək".

AXC-nin 25 illik yubileyi haqqında danışan Sülhəddin Əkbər deyib ki, qurumun ilk İdarə Heyətinin üzvü kimi AXCP onu təşkil etdiyi tədbirə dəvət edib: "Ancaq mən şəhərdən kənarda olduğum üçün bu tədbirə qatıla bilməmişəm. Bakıya yenicə gəlmişəm".

Partiya sədri deyib ki, əslində AXC İdarə Heyətinin ilk üzvlərinin indi bir yerdə olmaması təbii proses olsa da, onların çoxunun bir-birinə düşmən olması qeyri-təbii və həm də pis nümunədir: "Həmin vaxt Azərbaycan təkpartiyalı sistem həyatını yaşayırdı. Sonradan AXC ortaya çıxdı və ətrafında müxtəlif baxışları olan, eləcə də siyasətə aidiyyəti olmayan insanları birləşdirdi. Partiyalaşma getdikcə bununla paralel AXC-dən insanların qopması, partiyalar yaratması təbii proses oldu. Çünki AXC Azərbaycan müstəqilliyini bərpa etməklə əsas hədəfinə çatmışdı. Amma AXC İdarə Heyətinin ilk üzvləri olan şəxslərin çoxunun bir-birinə düşmən, anormal münasibətdə olması qüsurlu haldır. İnsani münasibətlərdə həm siyasi, həm də etik baxımdan bu düzgün deyil. Azərbaycan müstəqilliyini yeni bərpa edib, ərazisinin bir hissəsi işğal altındadır, qarşıda ciddi problemlər durur. Şəxslər arasında siyasi münasibətlərin çətin olması vəziyyəti daha da pisləşdirir".

CAVİDAN


Müəllif: