15 İyul 2014 12:07
443

Eldar İbrahimov: “Həyata keçirilən strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin edir”

Musa Quliyev: “İqtisadi inkişaf güclü sosial siyasəti şərtləndirən əsas amillərdən biridir”

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar ölkəmizin dinamik inkişafını daha da sürətləndirib və bütün iqtisadi sektorlarda yüksək artım əldə olunub. Həyata keçirilən iqtisadi strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə yanaşı, Azərbaycan xalqının maddi rifahının durmadan yaxşılaşmasını da şərtləndirib”.

Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP-ın İqtisadi məsələlər komissiyasının rəhbəri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, ötən dövr ərzində əldə olunmuş sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizin dünya iqtisadiyyatında baş verən böhran meyillərindən kənarda qalmasını şərtləndirməklə yanaşı, qarşıdakı illər üzrə uzunmüddətli inkişafının təmin edilməsini özündə ehtiva edir. Onun sözlərinə görə, bu ilin ilk yarısı ərzində Azərbaycanda liberal iqtisadi sistemin daha da dərinləşdirilməsi, diversifikasiya siyasətinin genişləndirilməsi, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə yönündə uğurlu addımlar atılıb:

“O cümlədən, qeyri-neft sektorunun inkişafını sürətləndirən məqsədyönlü tədbirlərin həyata keçirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması və yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi Azərbaycan iqtisadiyyatının sıçrayışlı inkişafını təmin edib”.

“Əhalinin sosial rifahının yüksəldilməsi prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biridir”.

Bunu isə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, Azərbaycan iqtisadi inkişafına görə dünya dövlətləri arasında özünəməxsus yer tutur. Onun sözlərinə görə, iqtisadi inkişaf güclü sosial siyasəti şərtləndirən əsas amillərdən biridir: “Bu gün respublikamızın bütün guşələrində abadlıq və quruculuq işləri böyük vüsət alıb. Azərbaycan günü-gündən müasirləşir, modernləşir və yeni-yeni uğurlara imza atır. Təbii ki, uğurların qazanılmasında Azərbaycan parlamenti tərəfindən qəbul edilən qanunvericilik aktlarının da xüsusi rolu var. Çünki həyata keçirilən bütün işlər mükəmməl hüquqi bazaya söykənir”.

SƏXAVƏT


Müəllif: