19 May 2017 17:14
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən Rayon İcra Hakimiyyəti rayon ərazisində güclü küləyin törətdiyi fəsadlarla bağlı məlumat yayıb.

RİH-dən "Report"un Qərb bürosuna verilən məlumata görə, mayın 19-da saat 13:30-da baş vermiş qasırğa nəticəsində bina və evlərə, o cümlədən Daşkəsən şəhərinin yaşayış və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatlarına, şəxsi minik avtomobillərinə ziyan dəyib.

Daşkəsən şəhər İsmət Qayıbov küçəsi 30 və 30a, 5 mərtəbəli, Səməd Vurğun küçəsi 24a, 2 mərtəbəli yaşayış binalarının dam örtüyünə ziyan dəyib. İ.Qayıbov küçəsi 30a, 5 mərtəbəli yaşayış binasının dam örtüyünə olduqca ciddi ziyan dəyib, güclü külək həmin binanın dam örtüyünü tamamilə sıradan çıxarıb, taxta konstruksiyalarla birlikdə binanın üstündən kənara atıb. Eyni zamanda, 10-dan artıq elektrik dayağı, 300 paqonmetrdən artıq elektrik kabeli, 3 rabitə dayağı, 100 paqonmetrdən artıq rabitə kabeli sıradan çıxıb.

Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının ambulator müayinə üçün təcili yardım xidmətinə hadisə ilə əlaqədar həmin binaların sakinləri tərəfindən müraciətlər daxil olmayıb. Məsələ ilə bağlı aidiyyəti qurumlara müvafiq məlumat verilib və dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması üzrə müvafiq tədbirlər görülür.


Müəllif: Teleqraf.com