22 May 2017 13:00
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün mayın 12-də start götürmüş Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının sonuncu günüdür.

Teleqraf.com xəbər verir ki, İslamiadanın başa çatması münasibətilə saat 20:00-da Bakı Olimpiya Stadionunda bağlanış mərasimi keçiriləcək.

Gündüz saatlarında isə 3 növ üzrə mübarizə olacaq, tennis və uşu üzrə fərdi, stolüstü tennisdə isə komanda yarışlarının qalibləri müəyyənləşəcək.

Azərbaycan təmsilçiləri tennisdə mübarizəni dayandırdıqlarından, digər iki növdə təmsil olunacaqlar. Stolüstü tennisdə qadınların mübarizəsində Azərbaycan və İran komandaları qarşılaşacaq. Uşuda isə 3 idmançımız finalda çıxış edəcək. Atletlərimizin üçü yarımfinalda uduzduqları üçün bürünc medalı təmin ediblər.

Beləliklə, günün qarşılaşmalarının nəticəsindən asılı olmayaraq, Azərbaycanın İslamiadanı 161 medalla başa vuracaq. Yarımfinalda uduzanları da əlavə etsək, bürünc medal sayının 36 olacağı dəqiqdir. Finalda qeydə alınacaq nəticələr Azərbaycanın medal əyarında birinci pillədəki mövqeyinə təsirsiz ötüşəcək.

Hazırda təşkilatçı olan Azərbaycanın 75, Türkiyənin 68 qızıl medalı var. Türkiyə bu gün maksimum 5 qızıl medal qazana bilər. Bunlar tennis üzrə kişi və qadınların, stolüstü tennis üzrə kişilərin yarışında, eləcə də uşu üzrə 2 çəki dərəcəsində mümkündür. Başqa sözlə, Azərbaycan qeyri-rəsmi komanda hesabında əsas göstərici olan medal əyarında İslamiadanın qalibi olub.

Qeyd edək ki, hazırda Azərbaycanın 75 qızıl, 46 gümüş, 33 bürünc medalı var. Türkiyə isə 68 qızıl, 63 gümüş, 54 bürünc olmaqla, 185 medala malikdir.

İslamiadada istənilən əyarda medal qazanan azərbaycanlı idmançılar həm də pul mükafatı əldə edirlər.

Dövlət tərəfindən birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat; ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat; üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat pul mükafatı veriləcək. Eyni zamanda Milli Olimpiya Komitəsi Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat; ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat; üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat mükafat veriləcək.

Bu günə olan nəticələrə görə, 75 qızıl medala görə 11 milyon 250 min manat, 46 gümüş medala əsasən 3 milyon 680 min manat, 36 bürünc medala görə isə idmançılar 1 milyon 800 min manat pulla mükafatlandırılacaqlar. Bu, ümumilikdə 16 milyon 730 min manat məbləğə bərabərdir. Bugünkü oyunun nəticələrinə əsasən 7 medalın əyarı dəqiqləşəndən sonra məbləğ dəyişəcək.

Onu da qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarında bir neçə medal qazanan atletə nəzərdə tutulan pul mükafatı tam ödənəcək.


Müəllif: Nərgiz