23 May 2017 17:49
2 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Mançester şəhərində konsert zamanı partlayış baş verib.

Saat 09:15

Teleqraf.com "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, olay nəticəsində 19 nəfər həlak olub, 59 nəfər yaralanıb.

Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Məlumatlara görə, partlayış terrorçu-kamikadzenin üzərindəki qurğunu işə salması nəticəsində baş verib: "Hadisə amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verib. Onun həyatı üçün heç bir təhlükə yoxdur".

Qeyd olunur ki, bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.

***

Saat 10:30

İngiltərənin Mançester şəhərində keçirilən konsert zamanı törədilən terror aktı nəticəsində ölənlərin sayı 22-ə çatıb.

Məlumatlara görə, hazırda xəstəxanalarda partlayış zamanı xəsarət alan 59 nəfər müalicə olunur.

Bu arada, İngiltərə Baş naziri Tereza Mey olayın terror aktı olduğunu təsdiqləyib.

***

Saat 10:53

Mançester şəhərində baş verən terror aktına görə İŞİD terror təşkilatı məsuliyyəti üzərinə götürüb.

Bununla bağlı ərəb mediası məlumat yayıb. Bildirilib ki, hücumdan bir neçə saat sonra üzü bağlı şəxs sosial şəbəkədə video yayımlayaraq, terrorun İŞİD tərəfindən törədildiyini təsdiq edib.

***

Saat 14:43

İngiltərənin Mançester şəhərində terror aktı törədənin şəxsiyyəti məlum olub.

Bu sözləri İngiltərənin Baş naziri Tezera Mey deyib:

"Bu hadisə İngiltərənin şimalını hədəf götürən ən pis hücumdur. Terrorçunun kimliyi məlum olub. Ancaq istintaq davam etdiyi üçün kimliyi açıqlaya bilmərik".

O əlavə edib ki, hazırda ölkədə terror ehtimalı yüksəkdir: "Növbəti terrorun baş vermə ehtimalı var".

Bu arada, Mançester polisi şəhərin cənub hissəsində 23 yaşlı şəxsi həbs edib. Onun terror aktı ilə birbaşa əlaqəli olduğu deyilir.

***

İngiltərənin Mançester şəhərində terror törədənin kimliyi açıqlanıb.

Bununla bağlı İngiltərənin Baş naziri Tereza Mey açıqlama verib.

O bildirib ki, hücumçu İŞİD terror təşkilatı ilə birbaşa əlaqəli olub: "Mançesterdə terror aktını Selam Abidiyinin törətdiyi müəyyən edilib".


Müəllif: Samir İsayev