17 İyul 2014 10:31
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səxavət Soltan: "Vəziyyət qəlizdir"

Müsavat partiyası başqanının müşaviri Səxavət Soltan sosial şəbəkədə konkret ad çəkməsə də, AXCP-ni hədəfə alıb. Müşavir AXCP-nin Əmircandakı Səttar Bəhlulzadə adına mədəniyyət mərkəzində Azərbaycan Xalq Cəbhəsinin 25 illik yubileyini qeyd etməsini ciddi tənqid edib.

Səxavət Soltan yazdığı statusda bildirib ki, Müsavat partiyasının qurultayını keçirmək üçün Əmircandakı mədəniyyət evinin zalına getməmələrinin səbəblərindən biri də Azərbaycan müxalifətinin tədbirlərinin daha yaxşı yerdə keçirilməsinə nail olmaq olub. Müsavatın funksioneri hesab edir ki, artıq bu səbəbi AXCP Əmircana getməklə aradan qaldırıb. Onun fikrincə, Bəzi "radikal" müxalifət partiyalarına ora get deyilən kimi gedirlərsə, deməli, vəziyyət qəlizdir.

Məlumat üçün deyək ki, bir neçə gün bundan əvvəl AXCP Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək AXC-nin 25 illik yubileyini keçirmək üçün müvafiq yer ayrılmasını istəyib. Bakı meriyası da AXCP-yə öz tədbirini keçirmək üçün Əmircandakı mədəniyyət mərkəzini təklif edib. Partiya bu mərkəzin şəhərdən kənarda olmasına baxmayaraq, razılaşıb və dünən tədbirini təşkil edib.

Xatırladaq ki, AXCP-dən öncə Müsavat partiyası Bakı meriyasına müraciət edərək qurultayını keçirmək üçün müvafiq yerin ayrılmasını xahiş etmişdi. Meriya Müsavata Əmircandakı mədəniyyət mərkəzinin zalını təklif etsə də, Müsavat bundan imtina etmişdi. İndi AXCP-nin Əmircana gedərək belə bir tədbir keçirməsi istər-istəməz Müsavata qarşı tənqidləri gücləndirəcək. Çünki Müsavat məhz bu yerdə özünün qurultayını keçirməkdən imtina edir. Müsavatdan fərqli olaraq AXCP-nin ora getməsi həm də İsa Qəmbərə qarşı olmaq deməkdir. Bununla AXCP nümayiş etdirir ki, əslində bu zalda da qurultay keçirmək, yeni başqan seçmək mümkündür. Lakin bunun üçün Müsavat rəhbərliyinin siyasi iradəsi yoxdur.

CAVİDAN


Müəllif: