17 İyul 2014 11:51
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arif Hacılı: "Məni dəvət etməyiblər"

Müsavat Partiyası AXC İdarə Heyətinin ilk üzvlərindən olan Zərdüşt Əlizadənin və Rəhim Qazıyevin iddialarına cavab verib. Partiya eyni zamanda AXC-yə qarşı ciddi ittihamlarla çıxış edən Araz Əlizadənin fikirlərini də şərh edib.

Xatırladaq ki, Araz Əlizadə AXC-nin təsis olunandan sonra qaragüruhun əlinə keçdiyini bildirib. Zərdüşt Əlizadə isə deyib ki, AXC-də təmsil olunanların çoxu agent olublar. Rəhim Qazıyev iddia edib ki, Arif Hacılının xalq hərəkatında xüsusi rolu olmayıb, bu adam 1990-cı il Ali Sovet seçkilərindən sonra görünməyə başlayıb.

"Kommunist dairələr maliyyə məsələsindən AXC liderlərinə qarşı istifadə edirdilər"

Arif Hacılı deyib ki, şəxsən onda Araz Əlizadənin AXC-də təmsil olunması haqda məlumat yoxdur. Onun sözlərinə görə, bu şəxsin AXC-nin strukturlarında təmsil olunması haqda indiyə qədər heç nə eşitməyib: "Bu şəxs nəinki AXC rəhbərliyinə daxil olmayıb, hətta Məclis üzvü olmayıb. Mən AXC Ali Məclisinin sədri olduğum dövrdə maliyyə işləri ilə məşğul olmamışam, AXC-yə daxil olan maliyyə ilə maraqlanmamışam, onun xərclənməsi ilə bağlı informasiyam yoxdur. Deyim ki, hələ 1988-ci ildə meydanda maliyyə vəsaitləri toplanan zamandan hərəkatın rəhbərlərinə qarşı müxtəlif fikirlər söylənilirdi, kommunist dairələr bu məsələdən ciddi istifadə edirdilər. Mən bunları nəzərə alaraq maliyyə işlərindən kənarda qalmışam və buna ehtiyatla yanaşmışam, qeyri-rəsmi maliyyə əməliyyatlarında iştirak etməmişəm. Zaqatalada AXC-yə maliyyə yardımları göstərilən zaman biz rəsmi mühasibatlıq sistemi yaratmışdıq, mühasibimiz, xəzinədarımız var idi, bankda hesab açmışdıq".

"1988-1989-cu illərdə hərəkatda iştirak etmədiyim haqda iddia əsassızdır"

Arif Hacılı deyib ki, özünün xalq hərəkatında iştirak etmədiyi, əsasən 1990-cı ildən sonra meydana çıxması haqda iddialar da əsassız və gülüncdür: "Mən Bakıda 1988-ci il mitinqlərinin fəal iştirakçısı və təşkilatçılarından olmuşam. Həmin vaxt tələbə idim. İlk dəfə məni polis 1988-ci il, noyabrın 16-da Sabir bağında keçirilən mitinqdə saxlayıb. 1989-cu ilin yayından AXC Ali Məclisinin üzvü, 1991-ci ildən isə sədri olmuşam. Mənim 1988-1990-cı illərdə fəaliyyətim olmadığı haqda iddia gülüncdür. O zamankı fəaliyyətim mətbuatda var və Youtube-də mövcuddur".

"Zərdüşt Əlizadənin qeyri-ciddi açıqlamalarına hər zaman rast gəlmək olur"

Arif Hacılı Zərdüşt Əlizadəni tənqid edərək deyib ki, AXC-nin yaranmasını Azərbayan tarixinin ləkəsi kimi təqdim etmək günahdır: "Zərdüşt Əlizadənin belə qeyri-ciddi açıqlamalarına daima rast gəlmək mümkündür. AXC xalqın mübarizəsi nəticəsində, ayrı-ayrı intellektual şəxslər tərəfindən yaradılan bir təşkilatdır, tarixdə həlledici rol oynayıb. AXC XX əsrin sonlarında xalq hərəkatına rəhbərlik edən əsas təşkilat olaraq Azərbaycanın müstəqilliyinin müəllifidir. Bu baxımdan, AXC-nin Azərbaycan tarixində oynadığı pozitiv rolun nəticələrini bu gün də yaşamaqdayıq".

Müsavat funksioneri Zərdüşt və Araz Əlizadə qardaşlarının "AXC qaragüruhun əlinə keçdi" iddiasını şərh etməkdən imtina edib: "Əlizadənin bir fikrinə şərh bildirməməyim onun üçün kifayət edər".

"DTK agentlərinin olması haqda xəbərlər yalandır"

Arif Hacılı AXC-nin ssenarisinin DTK tərəfindən hazırlandığını, bura DTK agentlərinin salındığı haqda iddiaları da cavlandırıb: "Mən bu iddiaya SSRİ müdafiə naziri Yazovun bir fikri ilə cavab verərdim. Yazov 20 Yanvar zamanı Bakıya qoşunların yeridilməsinin səbəbini izah edərkən demişdi ki, qoşunları Azərbaycan paytaxtına AXC-nin strukturlarını dağıtmaq məqsədilə daxil olub. Odur ki, bu tipli mənasız iddiaların heç bir əsası olmadığı hər kəsə bəllidir".


"AXCP rəhbərliyi böyük yanlışlığa yol verir"

Arif Hacılı AXC-nin 25 illik yubileyində Müsavat Partiyası təşkil etdiyi yubiley tədbirinin AXCP rəhbərliyini tərəfindən boykot edilməsi, eləcə də, AXCP-nin keçirdiyi tədbirə Müsavat rəhbərliyinin dəvət olunmamasını da sərt tənqid edib: "Şəxsən məni bu yubiley tədbirinə dəvət etməyiblər. İyulun 16-də Müsavat AXC-nin 25 illik yubileyi ilə bağlı təşkil etdiyi tədbirə AXCP-nin rəhbərliyini tam tərkibdə dəvət edib. Düşünürəm ki, AXC-nin ən məhsuldar dövründə bu quruma rəhbərlik edən şəxslərdən biri kimi mənim AXCP-nin tədbirinə dəvət olunmamağım xoş məramlı niyyətdən xəbər vermir. Hesab edirəm ki, bununla AXCP rəhbərliyi böyük yanlışlığa yol verir".

"AXCP rəhbərliyi özünü AXC-nin varisi elan edir, amma AXC-yə rəhbərlik edənlərə qarşı mübarizə aparır"

Arif Hacılı xatırladıb ki, özünün AXC-də siyasi karyerası olduqca maraqlı olub: "Mən özək sədrliyindən AXC Ali Məclisinin sədrinə qədər olan yolu keçmişəm. Yəni mən ancaq AXC-nin sədri olmamışam. Amma Əbülfəz Elçibəydən də başqa heç kəs AXC sədri olmayıb. Bu baxımdan, təkcə mənim deyil, Müsavatda təmsil olunan və zamanında AXC-nin qurucusu olan, mühüm işlər görən bir çox şəxslər var ki, onlar AXC adına tədbirlərə dəvət olunmalıdır. Əgər AXCP, doğrudan da, özünü AXC-nin varisi kimi qəbul edirsə, bu adamlara münasibətlərindən asılı olmayaraq, heç olmasa AXC-nin yubiley tədbirlərində qiymət verməyi bacarmalıdır. Bəzən bizim də Müsavat varisi olmağımızı şübhə altına almaq istəyirlər. Amma biz Müsavat Partiyasının varisliyini öz bəyanatlarımızla əldə etməmişik. Müsavat Partiyasını qoruyub saxlayan şəxslərin bizə rəsmi təqdimatı əsasında Müsavatı bərpa etmişik. Bu gün də biz Müsavatın amallarını, fəaliyyətini davam etdiririk. İndi Müsavatda olan şəxslər Rəsulzadənin, Yusifbəylinin, Mirzəbala Məmmədzadənin, Kərim Odərin, Məhəmməd Kəngərlinin və digər əski müsavatçıların xidmətlərini danmır. Əksinə, onların fəaliyyətini hər zaman yüksək qiymətləndiririk. Biz daim onları minnətdarlıq və ehtiramla yad edirik. Lakin AXCP rəhbərliyi bir tərəfdən özünü AXC-nin varisi elan edir, bu tarixdən faydalanır, ancaq bu tarixi yaradanlara, AXC-yə rəhbərlik edən şəxslərin əksəriyyətinin fəaliyyətini qiymətləndirmək istəmir, faktiki olaraq həmin insanlara qarşı rəqabət fonunda mübarizə apararaq fəaliyyətlərini kölgə altına salmaq istəyir. Hesab edirəm ki, bu, yanlış yol və istiqamətdir".

CAVİDAN


Müəllif: