26 May 2017 12:57
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunun Qodman, Güllütəpə, Zuvand kəndlərindəki evlərin 30 faizində çökmə prosesi müşahidə olunub.

Bunu Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

Onun öszlərinə görə, baş verən çökmə hadisəsidir: “Bu, təbii faktorlarla bağlıdır. Sürüşmə hadisəsi zamanı yer səthində yerdəyişmə sürüşmə şəklində özünü büruzə verir. Adıçəkilən kəndlərdən Güllütəpə, Zuvand sürüşmə sahəsinə aiddir.

Çökmə prosesi ciddi araşdırma tələb edən bir prosesdir. Çökmə zamanı dəyişiklər tikintilərin konstruktiv elementlərində müşahidə olunur. Onun üçün ciddi və dəqiq hidrogeoloji tədqiqatlar aparılmalıdır ki, dəqiq məlumat verilsin. Həmin kəndlərdə bu hadisənin baş verməsinin səbəbi süxurların su ilə islanmasından sonra şişməsi nəticəsində yaranıb”.

Sadiq Əmiraslanov qeyd edib ki, respublikanın hər yerində çökmə hadisəsi baş verir: “Dağətəyi zonalarda bu hadisələr daha çox olur. Bu zonalara sonradan gətirilmiş süxur kütləsi zəif və bərkiməmiş olduğu üçün atmosfer yağıntıları həmin süxura təsir edir və tərkibindəki mineral hissəçilər həll olur. Onun üçün çökmə hadisəsi baş verir.

Sahələrin üzərində ağırlıq qüvvəsinin təsiri olursa, özünü daha çox büruzə verir. Ola bilər, müəyyən ərazilərdə hər hansı bir infrastruktur yoxdur, süxurlar həmin süxurlardır, amma çökmə hadisəsi baş vermir. Həmin süxurlar üzərində hər hansı infrastruktur qurulsa, tikinti aparılsa, çökmə baş verir”.


Müəllif: İlhamə Əbülfət