24 Aprel 2014 12:39
684

"Onların əksəriyyətinin əqli potensialı 1992-1993-cü illərdən sonra irəli getməyib"

Müsavat Partiyası başqanının müşaviri, başqanlığa namizəd Səxavət Əlisoy müxalifət düşərgəsində siyasi partiyalar arasındakı mövcud münasibətləri şərh edib. O, partiyaların bir-biri ilə gərgin münasibətlərinin kökündə ideoloji faktorların dayanmadığını bildirib:

"Məsələn, Türkiyədə Demokratik Barış Partiyası və Millətçi Hərəkat Partiyası mövcuddur. Demokratik Barış Partiyasının 99 faizi kürdlərdən təşkil edilib və onlar Millətçi Hərəkat Partiyasının ideoloji xəttini qəbul etmirlər. Bir-iki faktoru kənara qoysaq, bu iki partiyanın birlikdə olması heç vaxt mümkün deyil. Türkiyədə solçular, sağ mərkəzçilər var. Yəni bu ölkədə siyasi təsnifat aparılıb. Azərbaycanda isə siyasi təsnifat yoxdur. Partiyaların sağ mərkəzçi, millətçi, sol partiya olduğu bəlli deyil. Sağ mərkəzçi partiya solçu kimi, solçu da sağ mərkəzçi kimi davranır. Bu da göstərir ki, siyasi proseslər yetkin deyil, siyasi təmərküzləşmə sona qədər getməyib".

Başqan müşaviri təmsil etdiyi düşərgəni ciddi şəkildə tənqid edib, dəyişikliyin vacib olduğunu bildirib:

"Dəyişmə qaçılmazdır. Elementar bir misal deyim, bir nəfəri orta məktəbə direktor və ya Mənzil İstismar İdarəsinə müdir təyin etmək istəyirlər. Həmin şəxs ən azı tayfasında olan ağsaqqallarla, dostları ilə məsləhət edir. Beləcə özünün potensialını götür-qoy edir. Azərbaycanın siyasi partiya lideri, prezidentliyə iddialı şəxs qərarları təkbaşına qəbul edirsə, bunun perspektivi ola bilməz. Qərarlar yalnız kollegial formada qəbul edilməli, kollegial qərarın qəbulu üçün partiyanın beyin mərkəzi formalaşmalıdır. Hər hansı bir partiyanın beyin mərkəzi yoxdursa, qərarlar kollegial şəkildə verilmirsə, bu zaman heç bir siyasi uğurdan danışmağa dəyməz. Bunu illərdir, həm Müsavatın Məclisində, həm də İctimai Palatada deyirəm. Müxalifət dəyişikliyə məruz qalmalı, əqli potensialı populizmdən, şüarçılıqdan uzaq olan insanlar beyin mərkəzində və partiyaların rəhbərliyində təmsil olunmalıdır. Eləcə də, bir sıra insanlar var ki, onlar Elçibəy hakimiyyəti dönəmində nazir, komitə sədri, nazir müavini, müşavir və digər vəzifələrdə işləyib. Onlar bir kənara çəkilərək memuarlar yazsalar, daha məqsədəuyğun olar. Nə qədər ki, Tanzaniyada yaşıl inqilab baş verəndən sonra "sabah Bakıda küçəyə çıxıb icazəsiz aksiya keçirək, hakimiyyət geri çəkilsin" düşüncəsi ilə yaşayanlar, dəyirmi masalarda intellektual şəkildə problemlərin həlli yolunu tapa bilməyənlər meydanda at oynadırsa, təbii ki, perspektivdən söhbət gedə bilməz. Bu adamlar bir dəfə inandıqları sorğu şirkətinə sifariş verərək özləri barəsində real nəticələrlə tanış olsunlar. Çünki belə insanların böyük əksəriyyətinin əqli potensialı 1992-1993-cü illərdən sonra irəli getməyib. Bu əlbəttə, ciddi ittihamdır və bu ittihamın arxasında dayanıram. Dediyimi də sübut etməyə hazıram".

CAVİDAN


Müəllif: