19 İyun 2017 16:39
1 877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən 2 gündür Nigar Camalla əlaqə yaratmağa çalışıram. Amma onunla danışmağa müvəffəq olmamışam. Sadəcə bilmək istəyirəm ki, onun xətrinə kim dəyib, hansı polis, harda, nə zaman, necə? Polislərə aid sözün varsa, konkret faktdan danışmalısan. Ümumilikdə söz atıb keçmək olmaz! Bizə ətraflı məlumat lazımdır.

Bu sözləri Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov tanınmış müğənni, “Avroviziya” mahnı müsabiqəsinin qalibi Nigar Camalla bağlı Teleqraf.com-a açıqlama verərkən deyib.

Vaqif Əsədovun sözlərinə görə, Nigar Camal fikrinin təhrif olunduğunu bildirib: “Mən bildiyimə görə, hörmət etdiyim Nigar xanım polislər haqqında ümumi, qəribə fikirlər səsləndirib. Sonra isə deyib ki, bu fikirləri tərcüməçi düzgün ifadə etməyib.

Lakin mən bəlkələrə söykənərək, heç nə deyə bilmərəm. 2 gündür Nigar xanımla həm sosial şəbəkələr vasitəsilə, həm də mobil operatorların köməyilə əlaqə qurmağa çalışıram, nömrəmi yazıb mənimlə əlaqə saxlamasını xahiş edirəm. Çünki bu məsələyə aydınlıq gətirməliyəm.”

Qeyd edək ki, Nigar Camal sosial şəbəkədə DYP-yə ünvanlanmış sərt ifadələr olan statusunu bir neçə dəqiqə sonra silsə də, həmin status artıq mediada yayılıb. Statusda deyilir:

" Daha susmaq istəmirəm. İdeal olmasam da həmişə qaydalara əməl etməyə çalışıram. Qaydanı da pozanda deyirəm ki, cəriməmi yazın. Sənədlərim də həmişə qaydasında olur. Amma bütün bunlara bizim DYP əhəmiyyət vermir. Onlar yollarda təhlükəsizliyi təmin etmək əvəzinə, özləri qaydaları pozurlar. Düz getdiyin yolda səni səbəbsiz yerə saxlayırlar. Xüsusilə axşam saatlarında ümumiyyətlə maşın sürmək mümkün deyil.

Yolda xarici maşın görən kimi arxasınca sürüb saxlatdırırlar. Birinci kobud formada kəmərə ilişirlər. Sonra da spirtli içkiyə. Əmin edirsən ki, spirtli içki qəbul etməmisən, sənədlərin də qaydasındadır. Belə olanda da deyirlər ki, sizin bir cəriməniz var, maşınınızı meydançaya götürməliyik. “Cərimənizi ödəyin” demək əvəzinə, maşını aparmaq, sürücülük vəsiqəsini almaq istəyirlər.

Mənim sürücülük vəsiqəm Böyük Britaniyaya aiddir, alsan nə olacaq ki? Sadəcə, 20 dəqiqə yolda vaxt itirirsən. Səhər yenə saxladılar. Düşündük ki, kəmərə ilişəcəklər. Amma bu dəfə qəsdən deyir ki, telefonla danışırdız. Soruşuram ki, siz telefonu harda gördüz? Deyir ki, əlinizdə tutmusuz. Telefonun arxa oturacaqda çantamda olduğunu göstərirəm. Çarəsiz qalanda da deyir ki, polisin "saxla" əmrinə vaxtında əməl etməmisiniz. İzah edirəm ki, yolda maşın onsuz da çoxdur, mən diqqətimi sizin sifətinizə yox, yola yönəltməyə çalışıram. 100 manat cərimə yazmaq istəyəndə də deyirəm ki, bayaqdan sizi kamera çəkirdi. Bunu eşidən kimi dərhal danışıq tonu dəyişdi, üzündə gülüş, zarafat. Məni də xoşluqla buraxdılar".

Qeyd edək ki, hələ ki, Nigar Camalla əlaqə yaratmaq mümkün olmayıb.


Müəllif: Könül Əlibəyli